Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz Sərhəd Dəstəsində gənc əsgərlərin Vətənə sədaqət andı içməsinə həsr olunan mərasim keçirildi. SİA-ya DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, hərbi hissənin şəxsi heyətinin və əsgər valideynlərinin iştirakı ilə keçirilən mərasimin əvvəlində təntənəli marşın sədaları altında hərbi hissənin döyüş bayrağı meydana gətirildi.
Sonra Azərbaycanın Dövlət himni oxundu və gənc əsgərlər Vətənə sədaqət andı içdilər.
Mərasimdə çıxış edən hərbi hissənin komandiri, polkovnik-leytenant İlham Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli və valideynlər gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik etdilər.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışan natiqlər respublikanın sərhədlərinin keşiyində duran əsgərlərə Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi qorumağı tövsiyə etdilər. Bildirildi ki, bu gün hərbi andı qəbul edən hər bir əsgər Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına söz verərək öz üzərinə mənəvi və hüquqi məsuliyyət götürür. Artıq həmin andan etibarən hər bir əsgər Silahlı Qüvvələrin tam hüquqlu üzvü kimi əlində silah Azərbaycan Respublikasının mənafeyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasına hazır olmalıdır.
Qeyd olundu ki, Sərhəd Qoşunları milli sərhəd strategiyamızın banisi, ümummilli liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində yüksək inkişaf yolu keçib, ən müasir maddi-texniki bazaya malik olan, beynəlxalq standartların tələblərinə cavab verən mütəşəkkil quruma çevrilib. Ulu öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il avqustun 18-i ölkəmizdə sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.
Mərasimin sonunda hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçdi.
Xidmətdə fərqlənən əsgər və zabitlərə fəxri fərman və hədiyyələr təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB