Xəbər verdiyimiz kimi, bu il aprelin 22-də tanınmış yapon alimi, "Fucl Optika" özəl şirkətinin rəhbəri, dünya şöhrətli optometrist, doktor Akio Kanai altı nəfər mütəxəssisdən ibarət heyət ilə Azərbaycanda keçirdiyi növbəti humanitar aksiya çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış məcburi köçkünlər göz müayinəsindən keçirilmiş və onlara eynəklər paylanılmışdı.
Həmin vaxt 24 nəfər qəsəbə sakininin göz ölçüsünə uyğun eynək olmadığı üçün şirkət onlar üçün xüsusi eynəklər hazırlayıb göndərməyi öhdəsinə götürmüşdü.
Avqustun 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev artıq Yaponiyadan ölkəmizə göndərilən həmin eynəkləri Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış məcburi köçkünlərə payladı.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə doktor Akio Kanaiyə və "Fucl Optika" şirkətinin əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən Azərbaycanın iqtisadi inkişafı ilə bağlı silsilə verilişlər hazırlayan Tokio televiziyasının əməkdaşı, jurnalist xanım Rie Suzuki məcburi köçkün ailələri ilə görüşərək "Fucl Optika" şirkətinin humanitar aksiyaları ilə bağlı onlarla fikir mübadiləsi apardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB