Ombudsmanın MPQ rəisi Vyanada işgəncələrlə bağlı iclasda iştirak edib

Ombudsmanın MPQ rəisi Vyanada işgəncələrlə bağlı iclasda iştirak edib

Bu günlərdə Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təşkilatçılığı ilə İşgəncələrin qarşısının alınmasında İnsan ölçüsünə dair əlavə iclas keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili

Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Vüqar Məhərrəmov tədbirdə iştirak edib.

"İşgəncələrə yol verilməməsində İnsan ölçüsünə dair 2003-cü ildəki əlavə iclasın keçirildiyi vaxtdan ATƏT regionunda bu istiqamətdə əldə edilən nəticələrin qiymətləndirilməsi", "Dövlət səviyyəsində fəaliyyət və milli preventiv mexanizmlərin rolu", "İşgəncələrin qarşısının alınması sahəsində ATƏT tərəfindən üzv-dövlətlərə dəstəyin rolu: növbəti addımlar" və digər mövzularda müzakirələr və fikir mübadiləsi aparılıb.

V.Məhərrəmov "BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası"nın Fakültativ Protokolunun tələblərindən irəli gələn məsələlər və ölkəmizdə Milli Preventiv Mexanizmin (MPM) fəaliyyəti barədə çıxış edib, ölkəmizdə Fakültativ Protokolun icrasının təmin edilməsi məqsədilə Ombudsmanın MPM qismində fəaliyyəti ilə bağlı məlumat verib.

Azərbaycan Ombudsmanının nümayəndəsi MPQ üzvlərinin azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən müvəqqəti saxlanma yerlərinə, penitensiar müəssisələrə, psixiatriya xəstəxanalarına, sosial obyektlərə başçəkmələr həyata keçirilməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə bağlı tədbirlər haqqında danışıb.

Tədbir səmərəli müzakirələr və təcrübə mübadiləsi şəraitində başa çatıb.

V.Məhərrəmov səfər çərçivəsində BMT-nin İşgəncələr və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza məsələləri üzrə xüsusi məruzəçisi X.Mendes, BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) sədri M.Evans, İşgəncələrin qarşısının alınması üzrə Assosiasiyasının (APT) baş katibi M.Tomsonla görüşmüş, fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə