Gəncə və Samuxda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb FOTO

Gəncə və Samuxda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb FOTO

31 Mart azərbaycanlıların soyqırımı günü münasibətlə Gəncə şəhərində anım tədbiri keçirilib. Şəhidlər Xiyabanında təşkil olunan anım mərasimində böyük izdiham müşahidə edilib. SİA-nın verdiyi məlumata görə, çıxış edənlər 96 il əvvəl erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlərə bir daha nəzər salıb. Soyqırımın xronologiyasına nəzər salan mərasim iştirakçıları qeyd edib ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti düşünülmüş şəkildə həyata keçirilib. Daha sonra soyqırım qurbanlarının xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Anım mərasimi Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrundan canından keçən şəhidlərin qəbirlərini ziyarətlə yekunlaşıb.

31 Mart Soyqırımı günü ilə bağlı Samux rayonununda keçirilən tədbirdə isə əvvəl videoçarx nümayiş etdirilib. Filmdə azərbaycanlıların zaman-zaman başına gətirilən faciələrdən geniş bəhs olunub. Tədbirdə çıxış edənlər 1905-1907-ci illərdə bir çox bölgələrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən, 1918-ci ilin mart-aprel aylarında minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsindən danışıblar. Erməni millətçiləri tərəfindən işğalçılıq siyasətinin bu gün də davam etdiyi vurğulanıb.

Qeyd edək ki, sonda "Samux şəhidləri" kitabının təqdimatı olub. Kitabda torpaqlarımızın müdafiəsi uğrunda həlak olan 102 Samuxlu şəhidin keçdiyi döyüş yolu və göstərdiyi şücaətlərdən danışılır.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə