Belarusun Azərbaycandakı səfirliyində ötən il noyabrın 20-də Belarus və Azərbaycan prezidentlərinin iştirakı ilə açılışı olmuş yeni səfirlik kompleksinin fəaliyyətə başlaması münasibətilə qəbul keçirilib.
Tədbirdə parlament komitələrinin sədrləri və Milli Məclisin deputatları, "Azərbaycan-Belarus" Dostluq və Əməkdaşlıq Cəmiyyətinin, parlament işçi qrupunun rəhbərliyi və üzvləri, elmi ictimaiyyətin nümayəndələri, işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç təntənəli şəkildə Belarus Respublikasının dövlət mükafatını – Fransisk Skorina medalını Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, "Azərbaycan-Belarus" Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri, akademik Arif Mehdiyevə təqdim edib. A.Mehdiyev bu mükafata Belarus Respublikası və Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində və Belarus-Azərbaycan humanitar layihələrinin reallaşdırılmasında əhəmiyyətli töhfəyə görə layiq görülüb. Mükafatlandırma barədə fərmanı Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzalayıb.
Arif Mehdiyev fəaliyyətinə və ümumilikdə Dostluq Cəmiyyətinin işinə verilən yüksək dəyərə görə Belarus Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib, səfirliyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Qeyd etmək lazımdır ki, bu, "Azərbaycan-Belarus" Dostluq və Əməkdaşlıq Cəmiyyəti üzvlərinə təqdim edilən üçüncü dövlət mükafatıdır. Əvvəllər Fransisk Skorina medalı ilə akademik Ziyad Səmədzadə və Bakı miniatür kitab muzeyinin rəhbəri Zərifə Salahova təltif olunublar.
Belarus Respublikası Mədəniyyət Nazirliyinin himayəsi altında keçirilib, Belarus mədəniyyətinin xaricdə populyarlaşdırılması məqsədi daşıyan layihələrin reallaşdırılmasında ən yaxşı nailiyyətə görə müsabiqəsinin qalibi diplomu Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Belarus Dili və Mədəniyyəti Mərkəzinin direktoru Albina Seyidovaya təqdim edilib. 2010-cu ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə açılmış mərkəz BSU-nun rektoru Kamal Abdullayevin dəstəyi sayəsində uğurla fəaliyyət göstərir.
Səfirlik Bakıda Belarus Respublikası səfirliyi kompleksinin tikintisini həyata keçirmiş tikinti və podratçı təşkilatlara minnətdarlığını bildirib. Tədbirdə kompleksin tikintisinin əsas mərhələləri ilə bağlı slayd-şou nümayiş etdirilib, cari ildə Minskdə keçiriləcək xokkey üzrə dünya çempionatının təqdimatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB