1 il ərzində "ASAN xidmət" mərkəzlərinə 959 min vətəndaş müraciət edib
" 1 saylı "ASAN Xidmət" mərkəzi daha tez fəaliyyətə başladığından ən çox müraciət bura olub. Belə ki, bura 340 min, Sumqayıt üzrə 204 min, 2 saylı mərkəzə 250 min, 3 saylı "ASAN xidmət" mərkəzinə 92 min, Gəncədəki "ASAN xidmət" mərkəzinə isə 14 min vətəndaş müraciət edib". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu günədək "ASAN xidmət" mərkəzlərinə 959 min vətəndaş müraciət edib: "Bunlardan 90% halda vətəndaş məmnunluğu təmin edilib".
Agentliyin sədri, həmçinin qeyd edib ki, "ASAN xidmət" mərkəzlərində 260 əməkdaş çalışır. Onların orta yaşı 28-dir. Bundan əlavə, müxtəlif dövlət qurumlarından mərkəzlərə 412 nəfər ezam olunub.
O çıxışı zamanı bildirib ki, bu günədək "ASAN xidmət" mərkəzlərində 1138 könüllü fəaliyyət göstərib: "Onlardan 880 nəfəri artıq məzun olub. Hazırda 258 nəfər gənc könüllü olaraq mərkəzlərdə fəaliyyət göstərərək vətəndaşlara xidmət edilməsində yardımçı olurlar.
Agentliyin sədri əlavə edib ki, səyyar "ASAN xidmət" avtobusları vasitəsilə 21 dayanacaq nöqtəsində 37 rayonun 58 min 603 nəfər vətəndaşının müraciətinə baxılıb.
İ.Kərimov deyib ki, vətəndaşlara innovativ xidmət göstərilməsi məqsədilə "ASAN xidmət" mərkəzlərində yeni texnologiyalar tətbiq edilir. Bundan əlavə, vətəndaşların rəylərinin öyrənilməsi əsasında xidmət daim təkmilləşdirilir, "exit-poll" rəy sorğuları təşkil edilir. "ASAN xidmət"lə bağlı yaradılmış internet səhifəsində 110 minə, xidmətin "Facebook" səhifəsində isə 24 minə yaxın vətəndaşın müraciətinə cavab verilib. Bu, dövlət qurumları içərisində ən çox müraciət edilən elektron səhifədir.
2013-cü il ərzində fəaliyyət barədə hesabat xarakterli məlumat verən İ.Kərimov qeyd edib ki, bu il 9 yanvar tarixində Prezident İlham Əliyev Nazirlər kabinetinin iclasında "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinə toxunaraq müvafiq tapşırıqlar qoyub və "ASAN xidmət" üçün vəzifələr müəyyən edib: "Ölkə Prezidenti tərəfindən verilən qiymət və dəyər bizim məsuliyyətimizi daha da artırır, qarşımızda əlavə vəzifələr müəyyən edir. Yanvarın 15-də 1 saylı "ASAN xidmət" mərkəzinin açılmasının bir ili tamam olur. Bundan əlavə, ötən il ərzində 4 "ASAN xidmət" mərkəzi açılaraq fəaliyyətə başlayıb. Artıq 5 "ASAN xidmət" mərkəzində 9 dövlət qurumu tərəfindən 150-dən çox sahə üzrə vətəndaşlara xidmət göstərilir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB