"Səs Ver" kampaniyasının təqdimat mərasimi keçirilib

"Səs Ver" kampaniyasının təqdimat mərasimi keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyası və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti seçkilərində gənclərin seçki prosesinə fəal şəkildə cəlb olunması məqsədi ilə başladılan "Səs Ver" kampaniyasının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə MSK Katibliyinin rəhbəri Rövzət Qasımov, və "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev, QHT və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Mərasim gəncləri seçkilərdə fəal olmağa səsləyən "Səs Ver " mahsısının ifası ilə başlayıb.

Sonra çıxış edən MSK Katibliyinin rəhbəri Rövzət Qasımov bildirib ki, prezident seçkilərində ilk dəfə 500 minə yaxın gənc səsvermə hüququndan istifadə edəcək: "Bu artıq xüsusi statusun onlara şamil olunmasıdır və gənclər tam hüquqlu vətəndaş kimi ölkə həyatında gedən bütün proseslərdə iştirak edə biləcəklər. Mən bir daha gəncləri seçki günü fəal olmağa çağırıram".

Daha sonra çıxış edən "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, "Səs Ver" kampaniyasının məqsədi qarşıdan gələn prezident seçkilərində gənclərin fəallığının artırılması, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.

R.Mərdiyev deyib ki, artıq kampaniya çərçivəsində layihələrə start verilib və www.sesver.az saytı fəaliyyətə başlayıb: "Gəncləri seçkilərdə fəal olmağa səsləyən "Səs Ver " mahsısı hazırlanıb və klip çəkilişləri tamamlanıb, ilk dəfə səs verən gənclər üçün məlumat kitabçaları və 20 nəfərdən ibarət təlimçi qrupları hazırlanıb".

Qeyd edək ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək. Onlardan 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə