MQF-nin yaranmasından 14 il keçir

MQF-nin yaranmasından 14 il keçir

Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) 14 yaşını qeyd edir. İldönümü ilə əlaqədar olaraq Milli QHT Forumun prezidenti Rauf Zeyni Forum üzvlərinə təbrik məktubu ünvanlayıb.

SİA-ya verilən məlumata görə, məktubda deyilir: "Ötən 14 il həm praktik fəaliyyət, həm də nəzəri əsasların yaradılması baxımından bizim üçün asan dövr olmayıb. Hazırda respublikamızda qeydiyyata alınmış və qeydiyyatsız yüzlərlə ictimai birlik, qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Onlar ilk növbədə ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, demokratik və hüquqi dövlətin formalaşması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, insan hüquqlarının qorunması, sosial və iqtisadi, milli-mənəvi dəyərlərin qorunması və təbliği, deportasiya olunmuş, qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunması, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, 20%-dən çox torpaqların mənfur qonşular tərəfindən işğal olunması, 31 Mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması və digər sahələrdə fəaliyyət göstərirlər. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlərin həlli bizdən daha ciddi səylər tələb edir"- deyə, qeyd olunan müraciətdə əlavə edilir ki, "inanırıq ki, ölkə Prezidenti Cənab İlham Əliyevin ictimai sektora göstərdiyi diqqət və qayğı bizim hər birimizi səmərəli işləməyə, yerinə yetirdiyimiz layihələrin effektivliyini daha da artırmağa ruhlandıracaq və cəmiyyətimizin ümdə maraqları naminə fəaliyyətimizdə bizə daim dəstək olacaq".

Hər bir QHT üzvünü və bütövlükdə vətəndaş cəmiyyətini 11 İyun MQF-nin yaranması münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm.

Qeyd edək ki, 1999-cu ilin 11 iyununda ölkədə fəaliyyət göstərən 95 QHT-nin təsisçiliyi və BMT İP QHT Resurs və Təlim Mərkəzinin dəstəyi ilə tarixi konfrans keçirilib və Azərbaycan Milli QHT Forumu (MQF) yaradılıb. Milli QHT Forumu 1999-cu ilin 29 iyulunda Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bu gün Azərbaycanda QHT hərəkatı xeyli genişlənib və inkişaf edib. Hazırda Milli QHT Forumu öz sıralarında 615 QHT-ni birləşdirir və ölkənin həm keyfiyyətcə, həm də kəmiyyətcə ən böyük koalisiyasıdır. Hazırda Milli QHT Forumun 66 rayonda koordinasiya mərkəzi, 5 rayonunda isə regional resurs və təlim mərkəzi (RQRTM) fəaliyyət göstərir və bu ölkədə QHT hərəkatının güclənməsinə çox böyük imkan yaradıb. Bunun da nəticəsi olaraq Şəmkir, Mingəçevir, Şirvan, Quba və Qəbələ mərkəzlərinin vasitəsilə 66 rayonda vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verib.

Milli QHT Forumu həmçinin beynəlxalq miqyasda da geniş şəkildə təmsil olunur. Belə ki, Milli QHT Forumu WANGO kimi tanınan Beynəlxalq QHT Assosiasiyasının (2006) və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (2010-cu il) tamhüquqlu üzvüdür. MQF həmçinin Qara Dəniz və Xəzər Dənizi Yoldaşlıq və Əməkdaşlıq Uğrunda Beynəlxalq Fondla da əməkdaşlıq edir. Forum bu platformalardan istifadə edərək Azərbaycanın səsinin və ölkəmizdə III sektorla bağlı baş verən hadisələrin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə