"Zengezur.com"un təqdimatı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri Birliyi tərəfindən hazırlanan Zəngəzurun tarixinə həsr edilmiş veb-saytın təqdimatı keçirilib. APİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, irliyin sədri və layihənin rəhbəri Hacı Nərimanoğlu 14 bölmədən ibarət saytda yerləşdirilmiş materiallar barədə ətraflı məlumat verib. O, yeni saytda Zəngəzur mahalının tarixi keçmişi, tanınmış şəxsiyyətləri haqqında yazılan kitab və məqalələrin, sənədlərin, rus və ingilis dillərində məlumatların da toplandığını, bu internet resursun daim zənginləşdiriləcəyini, Azərbaycanın tarixi həqiqətlərinin öyrənilməsi, təbliğində faydalı olacağını vurğulayıb.

Təqdimatda Birliyin Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü Vəli Əliyev, Respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, professor Süleyman Məmmədov, tarix fakültəsinin dekanı, professor Oqtay Sultanov, fəlsəfə kafedrasının müdiri, professor Məmməd Balayev, professor Rəcəb Əliyev və digər tanınmış alim və ziyalılar Zəngəzurun tarixindən, bu mahalın Azərbaycan türklərinin əzəli yurd yerləri olmasından, 92 il əvvəl xalqımızın iradəsi əleyhinə olaraq mahalın 6742 kvadrat verstlik ərazisinin çox hissəsinin zorla qoparılıb Ermənistana birləşdirilməsindən tarixi fakt və sənədlərin dili ilə bəhs ediblər. İtirilmiş torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası üçün informasiya təminatının mühüm amillərdən olduğu bildirilib, yeni elektron resursun əhəmiyyətindən danışılıb.

Tədbirdə saytın videoarxivində toplanmış ulu Zəngəzur ellərinin görüntülərinin əks olunduğu ədəbi-musiqili videolentlər elektron tabloda nümayiş etdirilib.

Sonda müəllim və tələbələrə yazıçı-jurnalist Hacı Nərimanoğlunun "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabının nüsxələri və üzərində veb-saytın ünvanı yazılmış qələm və bloknotlar paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə