Səbail rayonunda Ağsaqqallar Şurası hesabat verdi FOTO

Bu gün ağsaqqllarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü və məsləhəti gənclərə hələ çox lazımdır. SİA-nın məlumatına görə, Bayıl yaşayış sahəsində yerləşən 49 saylı "İntellekt" məktəb-liseydə səbail rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Hesabat konfransında çıxış edənlər ölkəmizdə ahıllara, ağsaqqallara göstərilən dövlət qayğısından, Azərbaycanın son illərdəki inkişafından danışıblar və qarşıda duran vəzifələrdən söz açıblar.

Səbail rayon Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov hesabat məruzəsində qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın regionlarına, şəhər və qəsəbələrinə səfərləri zamanı mütəmadi olaraq ahıl vətəndaşlarla, ağsaqqal və ağbirçəklərlə görüşür,onların arzu və istəkləri ilə maraqlanır, təklifləri ilə əlaqədar yerli icra orqanlarına lazımi göstərişlər verir. Təbii ki, ağsaqallar da öz işlərini qurur, dövlətin inkişaf etməsinə öz töhfələrini verirlər. Ölkə başçısı 2011-ci ildə Badamdar qəsəbəsində olan zaman sakinlərimizin, o cümlədən ağsaqqallarımızın xahişi nəzərə alınaraq Badamdar qəsəbəsində yeni məktəb və uşaq bağçasının tikintisi və Heydər Əliyev parkının əsaslı təmiri ilə bağlı sərəncam və tapşırıq verib, 2012-ci ildə isə həmin obyektlərin istifadəyə verilməsi mərasimlərində iştirak edib.

Hesabat dövrü ərzində Səbail rayon Ağsaqqallar Şurası tərəfindən rayonda yaşayan ağsaqqal, veteran, ahıl vətəndaşların hüquqlarının qorunması, onlara köməklik göstərilməsi istiqamətində xeyli işlər görülüb. Şura üzvləri RİH-nin keçirdiyi və təşkil etdiyi tədbirlərdə, həmçinin rayondakı idarə və təşkilatlarda, xüsusilə ali və orta tədris müəssisələrində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi ilə bağlı tədbirlərdə, rayondakı hərbi hissələrdə, Daxili Qoşunların hərbi hissələrində, çağırışçıların ordu sıralarına yola salınması mərasimlərində fəal iştirak ediblər.

Qeyd olunub ki, son illər ərzində rayonda sakinlərin, ilk növbədə isə ağsaqqal və veteranların sosial problemlərinin həlli ilə bağlı xeyli işlər həyata keçirilib. Belə ki, 20-ci yaşayış sahəsində rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış "Veteran Neftçilər Klubu" məhsuldar fəaliyyət göstərib. Bu klubda ağsaqqal və veteranlarımızın toplaşması və istirahətinin təşkili üçün hər cür şərait yaradılıb.
Hər il Qələbə günü ərəfəsində II Dünya müharibəsi iştirakçıları rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul olunur, bir çox tədbirlərdə onlara maddi və digər yardımlar göstərilir. Son 3 ildə 6 nəfər ağsaqqal RİH-nin maddi dəstəyi ilə Həcc ziyarətinə göndərilib.

Ağsaqqalların Şuraya müraciətləri ilə bağlı onlara lazımi məsləhətlər verilir, müvafiq dövlət qurumlarına müraciətlər olunur.
Konfransın işində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edərək son illərdə rayonda aparılan iri miqyaslı quruculuq-abadlıq işləri, həyata keçirilən yeni layihələr barədə məlumat verib. O qeyd edib ki, yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir.

Bu gün Səbail rayonunda yaşayanların 6,5 %-ni (6184 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif növ və kateqoriyalar üzrə rayonda 2549 nəfər sosial müavinət, 13190 nəfər təqaüd alır. Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 372 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Ağsaqqalların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar quraşdırılıb. 2 il ərzində 6 nəfər Böyük Vətən müharibəsi iştirakçısına yeni mənzillər verilib. Azərbaycandakı iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan verib ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılsın.

Qeyd edək ki, iclasda iştirakçıların çoxsaylı sualları cavablandırılıb və ağsaqqallar adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunub. Mirhəbib Seyidov isə yenidən Səbail rayon Ağsaqqallar Şurasının sədri, həmçinin respublika Ağsaqqallar Şurasının qurultayına 5 nəfər nümayəndə seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə