Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin birinci ilk iclası olub. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev keçən ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərarı böyük tarixi hadisə adlandırıb. Bununla əlaqədar yanvarın 17-də Təşkilat Komitəsinin yaradıldığını deyən dövlət başçısı Avropa Olimpiya Komitəsinin bu qərarı qəbul etməsində ölkəmizin beynəlxalq nüfuzunun böyük rol oynadığını bildirib.
BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycanda son 9 ildə sürətli iqtisadi inkişafa nail olunduğunu deyən Prezident İlham Əliyev ötən il beynəlxalq aparıcı reytinq agentliklərinin ölkəmizin kredit reytinqini artırdığını diqqətə çatdırıb. Dünya İqtisadi Forumunun hesablamalarına görə isə Azərbaycan iqtisadiyyatı inkişafına görə MDB-də birinci, dünyada 46-cı yerdədir.
Ölkəmizin dünya siyasi və iqtisadi elitasında müsbət imicə malik olduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, son illərdə Azərbaycanda güclü idman infrastrukturunun yaradılması, Bakının inkişafı ilə bağlı işlərin görülməsi və əlbəttə ki, Azərbaycanın mötəbər tədbirləri keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərarı şərtləndirən mühüm amillər sırasında olub. Ən əsası isə bu oyunların Bakıda keçirilməsinə Azərbaycan əhalisi də öz dəstəyini bildirib.
"Azərbaycan indi dünyada idman dövləti kimi tanınır və London Yay Olimpiya Oyunlarında qazanılan tarixi qələbə bunu bir daha təsdiqləyir", - deyən Prezident İlham Əliyev artıq oyunların başlanmasına iki il qaldığını söylədi və əmin olduğunu bildirib ki, müvafiq qurumlar oyunların yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Azərbaycan Prezidenti ötən il ölkəmizdə keçirilən "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə baş tutduğunu deyib və müsabiqə tarixində ən gözəl təşkilatçılığın Bakıda nümayiş etdirildiyini diqqətə çatdırıb. Buna görə də əmin olduğunu bildirən dövlətimizin başçısı deyib ki, Avropa Olimpiya Komitəsinin etimadını Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi altında doğruldacaqdır.
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışında bildirib ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamını göstərir. Bundan əlavə, son illərdə Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq idman tədbirləri, idmançılarımızın yarışlarda qazandığı uğurlar Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasındadır.
Hazırlıq işləri barədə məlumat verən Mehriban Əliyeva bildirib ki, Avropa Oyunları 2015-ci ilin iyun-iyul aylarında keçiriləcəkdir. Beş min idmançının iştirak edəcəyi bu tədbirə qatılacaq rəsmi nümayəndə heyətlərinin sayı 1000 olacaqdır. Tədbiri 2000 beynəlxalq KİV nümayəndəsi işıqlandıracaqdır. İlkin razılığa əsasən, oyunların proqramına 28 Olimpiya idman növündən minimum 12 və 2 qeyri-Olimpiya idman növü daxil edilib. Artıq yarışların keçiriləcəyi yerlər də müəyyən olunub. Bu sırada Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal Hall", Əl Oyunları Sarayı, "Sərhədçi" İdman Kompleksi, "Baku Ekspo" Mərkəzi vardır. 2015-ci ilə qədər 65 min tamaşaçı tutumlu Olimpiya Stadionunun, Gimnastika və Su İdmanı Kompleksinin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Avropa Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin Olimpiya Stadionunda keçirilməsi planlaşdırılır.
Mehriban xanım Əliyeva qeyd edib ki, mərasimin loqotip və şüarının müəyyən edilməsi, simvolunun seçilməsi, himninin bəstələnməsi ilə bağlı müsabiqə elan edilib. Qalib idmançılara təqdim olunacaq medallar isə Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır. İdmançıların yerləşdirilməsi, jurnalistlər üçün iş şəraitinin yaradılması, informasiya dəstəyi məqsədilə internet portalının, müxtəlif nəşrlərin hazırlanması, baner və posterlərin quraşdırılması, yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla iş aparılır.
Sonra gənclər və idman naziri Azad Rəhimov, daxili işlər naziri Ramil Usubov, nəqliyyat naziri Ziya Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Olimpiya çempionu Namiq Abdullayev görüləcək işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Artıq hazırlıq işlərinə başlandığını bildirən Prezident İlham Əliyev ilk növbədə hər bir istiqamət üzrə fəal işin aparılmasının vacibliyini diqqətə çatdırıb. İdman obyektlərinin hazırlanması, yeni idman qurğularının tikintisi ilə əlaqədar işlərin vaxtında və keyfiyyətlə aparılmasının vacibliyini vurğulayan dövlətimizin başçısı idmançıların və qonaqların yerləşdirilməsi, yeni otellərin tikilməsi, turizm marşrutlarının müəyyən edilməsi, nəqliyyat, təhlükəsizlik sahəsində tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib.
Birinci Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə bir daha əminliyini bildirən Prezident İlham Əliyev Təşkilat Komitəsinə fəaliyyətində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB