Politoloqlar Moskvanın bu addımını birmənalı qiymətləndirmir
Rusiya Xəzər dənizindəki hərbi donanmasını gücləndirir. Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin rəsmi saytındakı məlumata görə, 2013-cü ildə Rusiyanın Xəzər dənizindəki donanmasına 5 döyüş gəmisi və 2 yardımçı gəmi daxil ediləcək. Məlumatda qeyd edilir ki, bütün gəmilərdə yeni raketlər quraşdırılıb. Payızda isə Rusiya Xəzərdəki donanmasını 3 desant kateri ilə gücləndirəcək.
Rəsmi Moskva bəyan edir ki, Xəzər donanmasının genişləndirilməsində məqsəd ölkənin dənizdəki iqtisadi zonalarını qorumaqdır. Azərbaycanlı politoloqlar isə baş verənləri Bakı ilə Moskva arasındakı müəyyən gərginlik fonunda Rusiyanın güc nümayişi kimi qiymətləndirirlər. Azərbaycanın müstəqil siyasət aparması Moskvada bir sıra siyasi dairələri qıcıqlandırır. Rusiyanın addımları isə bölgədə təhlükəsizliyə mənfi təsir göstərir.
Millət vəkili Zahid Orucun sözlərinə görə, Rusiya hərbi kütləni artırır və bu, bölgənin maraqlarına zərbə vurur, Azərbaycanın niyyətlərini əngəlləyir: "Xəzər üzərindəki münasibətlərə də mənfi təsir göstərir. İstənilən ölkə dərhal başqa tədbirlərlə öz təhlükəsizliyini qorumaq məcburiyyətindədir".
Siyasi şərhçi Rasim Ağayev isə deyir ki, Rusiyanın Şimali Qafqazda hərbi aktivliyinin artması İrana qarşı Qərbin təhdidlərinin artması ola bilər: "Çünki Rusiya kimi dövlət bilir ki, əgər İran məsələsi qalxsa, bu, Azərbaycanda da, Dərbənddə də, İrəvanda da, yəni bölgədə hiss olunacaq". Ekspertlərin ümumi qənaətinə görə, Rusiyanın Azərbaycanla sərhəddə hərbi gücünü artırması Azərbaycan üçün yaxşı heç nə vəd etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB