Yevlaxdakı problem həll olundu

Bu gün Yevlax rayonunun Bünyadabad kəndinə "mavi yanacaq" verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, təbii qazın verilməsi münasibətilə kənd sakinlərinin iştirakı ilə tədbir keçirilib. Keçirilən tədbirdə məlumat verilib ki, rayon ərazisindəki Cırdaxan Qazpaylayıcı Stansiyasından Bünyadabad kəndinə polietilen borularla 3510 poqonmetr daşıyıcı, müxtəlif diametrli 6,6 km uzunluğunda isə paylayıcı qaz xəttləri çəkilib.

Birpilləli sistem əsasında 103 evdə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Bununla da rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 22-yə çatıb. Gələn ilin martınadək rayonun İsmayılabad, Xanabad, Quşçu, Salamabad və Ərəş kəndləri qazlaşdırılacaq.

Tədbirdə təbii qazın çəkilişində fərqlənən əməkdaşlara Yevlax rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə