Qanunu pozanlara cərimələr tətbiq olunacaq

Qanunu pozanlara cərimələr tətbiq olunacaq

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin iclası keçirilib. SİA-nın məlumatına görə, komitənin iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, eləcə də cinayət və inzibati xətalar məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edilib.

Qanuna dəyişikliyi təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılov bildirib ki, Azərbaycanın hazırkı qanunvericiliyində qanunsuz toplantıların təşkilatçılarının inzibati tənbeh tədbirlərinə cəlb edilməsinin nəzərdə tutulduğu halda, iştirakçılar heç bir məsuliyyətə cəlb olunmur.

R.Cəbrayılov bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olmasına toxunaraq əlavə edib ki, onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir və cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar.

Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub).

Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.

Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).

İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova iclasda çıxış edərək bildirib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun qəbul olunandan sonra bir çox dəyişikliklər edilib və onlar da insan hüquqlarının qorunmasına xidmət edir.

"Cəmiyyətdə gedən demokratikləşmə prosesi bu qanunlara dəyişikliklərin edilməsini şərtləndirir. Azərbaycan vətəndaşı qanunun aliliyini rəhbər tutarsa, heç bir cərimələrdən söhbət gedə bilməz", - o deyib.

Komitənin sədri Əli Hüseynli bildirib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən dəyişikliklər Avropa standartlarına tam uyğundur. Onun sözlərinə görə, əlavə dəyişikliklərdə qanunu pozanlara müəyyən məbləğdə cərimələr tətbiq olunacaq: "Qanuna əlavələr nəzərdə tutularkən bəzi ölkələrin təcrübəsindən istifadə edilib".

Millət vəkili Azay Quliyev vurğulayıb ki, son zamanlar razılaşdırılmamış piket və mitinqlərin keçirilməsi sonunda qanun layihəsinə belə dəyişikliklərin edilməsinin xüsusi rolu var: "Azərbaycanda sərbəst toplaşmaq üçün yer ayrılır və bildirilir ki, mitinq keçirmək istəyənlər buradan istifadə edə bilərlər. Lakin bunun bəzi təşkilat və ya insanlar tərəfindən qəbul olunmaması müəyyən problem yaradır və buna görə də qanun layihəsinə əlavə və dəyişikliklər edilməsi bu sahədə müəyyən balans yaradacaq. Təbii ki, bu istiqamətdə cəmiyyətin hüquqi maarifləndirilməsinə ehtiyac var".

Millət vəkili Qüdrət Həsənquliyev isə qanun layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin bəzi müddəaları ilə razılaşmayıb. O bildirib ki, bunlar sivil və dövlət quruculuğuna uyğun gəlmir.

Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, sərbəst toplaşmaq hər kəsin hüququdur, lakin bunların hər birinə qanun çərçivəsində əməl edilməlidir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev iclasda çıxış edərək bildirib ki, az miqdarda olan cərimələr həmin əməllərin təkrarlanmasına səbəb olur. "Əsas məsələ odur ki, Azərbaycanda siyasi hüquqlar təmin olunur, kütləvi aksiyalar keçirmək üçün yerlər ayrılıb", - o deyib. Millət vəkili qeyd edib ki, təklif olunan dəyişiklərdə dövlət orqanlarının qanuni mitinq keçirilməsinin qarşısını aldığına görə məsuliyyəti öz əksini tapır.

Müzakirələrdən sonra "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər Parlamentin müzakirəsinə tövsiyə olunub.

Könül Cəfərova

Bütün xəbərlər Facebook səhifəmizdə