İnformasiya texnologiyalarının tətbiqi genişlənəcək

İnformasiya texnologiyalarının tətbiqi genişlənəcək

Yeni tədris ilində informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulub

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinə 33708 ədəd stolüstü kompyuter, 2809 ədəd noutbuk və 2809 ədəd proyektor verilib. Eyni zamanda təhsil müəssisələri "Mimio", "Promethean" və "Smart" şirkətlərinin istehsalı olan 300-ə yaxın interaktiv lövhələrlə təchiz edilib.

İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, hazırda 4522 ümumtəhsil məktəblərinin 83 faizi, 110 texniki-peşə müəssisələrinin 84 faizi və 56 dövlət orta ixtisas təhsil müəssisələri kompyuter avadanlığı ilə təmin olunub. Orta təhsil müəssisələrində 20 şagirdə 1 kompyuter, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompyuter düşür.

2012-ci ilin sonunadək Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin ümumi sayının 1700-ə, "Elektron məktəb" layihəsi üzrə təhsil müəssisələrinin sayının 50-yə çatdırılması nəzərdə tutulub. "1 şagird :1kompyuter" layihəsi üzrə 2012-ci ilin sonunadək məktəblərə əlavə 200 netbuk veriləcək. Bu günədək "Elektorn Məktəb" layihəsinə daxil olan 15 ümumtəhsil müəssisələrinə "1 şagird :1kompyuter" layihəsi çərçivəsində 2000 dən çox netbuk və simsiz genişzolaqlı, filtrasiyalı internetə çıxış imkanına malik olan USB tipli modemlər verilib.

2012-ci il tədris ilində kadr potensialı hazırlığı istiqamətində 13 890 inzibati-idarəetmə və pedaqoji heyətin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlər keçiriləcək. Regionların orta ümumtəhsil məktəblərinin 2000 nəfər texniki heyəti üçün Məlumat Toplama Mərkəzindən istifadə üzrə təlimlər təşkil olunacaq.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə İKT avadanlıqlarından və texniki vəsaitlərdən istifadəyə dair müəllimlər, şagirdlər və valideynlər üçün 250 ədəd metodik vəsait hazırlanıb. Bu layihə çərçivəsində distant təlimə əlavə şagirdlərin cəlb olunması və onların zəruri texniki avadanlıqla o cümlədən, netbuklarla təminatı nəzərdə tutulub.

Qeyd edək ki, video texnologiyalarının tədris prosesində daha geniş istifadəsi üçün "Tehsil.tv" video portalının yaradılması və onlayn video resursların yerləşdirilməsi üzərində işlər aparılır. Həmçinin elektron tədris resursları sahəsində "Young Digital Planet" şirkətinin "Universal Kurrikulum" platforması üzrə elektron dərslərin hazırlanması və İntel şirkətinin www.skoool.az portalının adaptasiyası planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə