Nazirlər keçmiş spikerdən danışdı

Nazirlər keçmiş spikerdən danışdı

Azərbaycanın kənd təsərrüfatı və rabitə və informasiya texnologiyaları nazirləri ötən gün vəfat edən Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərovla bağlı xatirələrini bölüşüblər. SİA-nın xəbərinə görə, kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə açıqlamasında bildirib ki, Murtuz Ələsgərov müstəqilliyin və Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasında daim Ulu Öndər Heydər Əliyevin yanında olub. "Onun hələ gənc yaşlarından hüquqşünas olaraq gənc kadrların hazırlanmasında xüsusi rolu olub və öz töhfəsini verib. Bununla yanaşı, M.Ələsgərov Milli Məclisin I, II, III üzvü seçilib. O cümlədən 2000-2005-ci illərdə Milli Məclisin sədri olub. Ölkəmizin ictimai-siyasi işlərində çox fəal iştirak edib, həmçinin ölkəmizin ilk konstitusiyasının yaradılmasında özünəməxsus rolu olub. Mən deyərdim ki, Azərbaycan xalqı öz görkəmli övladını itirib", - deyə nazir əlavə edib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə qeyd edib ki, Murtuz Ələsgərov Milli Məclisin sədri kimi ümumiyyətlə Azərbaycanda gedən siyasi hadisələrdə çox çətin dövrlərdə həmişə əzmlə mübarizə aparıb: "Murtuz Ələsgərov Azərbaycan xalqının taleyüklü problemlərinin həllində həmişə Ulu Öndər Heydər Əliyevin yanında olub. Murtuz Ələsgərovun həyatdan getməsi partiyamız və xalqımız üçün böyük itgidir".

Bütün xəbərlər Facebook səhifəmizdə