Azərbaycanla Portuqaliya arasında müştərək komissiya yaradılacaq

Azərbaycanla Portuqaliya arasında müştərək komissiya yaradılacaq. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Portuqaliyanın xarici işlər naziri Paulo Portas keçirdiyi brifinqdə deyib. O bildirib ki, bundan əlavə iki dövlət arasında mədəniyyət və turizm sahəsi üzrə sazişlər imzalanacaq. Nazirin sözlərinə görə, portuqaliyalı nazirin Azərbaycan səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni mərhələ açacaq: "Brifinqdən öncə nazirlə keçirilən görüşdə Suriya, İran və regionun digər məsələləri barədə müzakirələr aparılıb. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verilib. Görüş çərçivəsində ölkələr arasındakı iqtisadi münasibətlər də müzakirə edilib".


Portuqaliyanın xarici işlər naziri Paulo Portas isə qeyd edib ki, Azərbaycan və Portuqaliya beynəlxalq arenada cərəyan edən proseslərə bənzər mövqedə çıxış edir. Onun sözlərinə görə, hər iki ölkənin ərazisi, əhalisinin sayında oxşarlıqlar var: "Hər iki ölkə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Dağlıq Qarabağ məsələsinə gəlincə, Portuqaliya Avropa İttifaqının mövqeyindən irəli gələrək diplomatik həllin tərəfdarıdır və burada ərazi bütövlüyü başlıca amil olmalıdır. İkitərəfli müştərək komissiyanın yaradılması ilə bağlı razılıq əldə edilib. Bir sıra sazişlər üzrə işləməliyik ki, əməkdaşlıq üçün ümumi baza yaradılsın".


Brifinqin davamında hər iki ölkənin xarici işlər nazirləri jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə