“Biz News Asia” jurnalı növbəti sayını Azərbaycana həsr edib

"Biz News Asia" həftəlik biznes jurnalı növbəti sayını Azərbaycana həsr edib. SİA-nın xəbərinə görə, jurnalda Azərbaycanın iqtisadi inkişafı, eləcə də nüfuzlu siyasi xadimləri haqqında bir sıra məqalələr dərc olunub.

Azərbaycan prezidenti İlham Əliyevin tərcümeyi-halının, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin geniş yer aldığı jurnalda ölkəmizdə mövcud iqtisadi uğurlar haqqında məlumatlar faktlar əsasında öz əksini tapıb.

"Azərbaycan: müvəffəqiyyətin iqtisadi tarixi" adlı məqalədə ölkənin son illərdəki artım göstəriciləri, qeyri-neft sektorunun inkişafı, yoxsulluğun və işsizliyin azaldılması üzrə ölkə rəhbərliyinin səyləri, iri infrastruktur və yataqların işlənməsi layihələri haqqında məlumat verilir.

Bakının may ayında "Eurovision-2012" mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etdiyinin vurğulandığı jurnalda prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri ilə keçirdiyi görüşləri, eləcə də Azərbaycanda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini əks etdirən çoxsaylı şəkillər də yer alıb.

Filippində ingilis dilində böyük tirajla nəşr olunan jurnalda qeyd olunur ki, Azərbaycan neft ixrac edən ölkə olduğu üçün ölkəyə "qara qızıl"dan külli miqdarda vəsait daxil olur ki, bu da ölkə əhalisinin sosial-iqtsadi həyatının yaxşılaşdırlması, qeyri-neft sektorunu inkişafı, təhsil, nəqliyyat, kənd-təsərrüfat sahələrinin inkişafına birbaşa yönəldilir.

"Azərbaycan – Müsəlman Şərqində ilk demokratik dövlət" adlı məqalədə isə qeyd edilir ki, böyük enerji resurslarına malik olan Azərbaycan həm də zəngin mədəniyyətinə və qədim tarixinə görə bütün dünyada tanınır. Şərqdə ilk demokratik respublika 1918-ci ildə məhz Azərbaycanda yaradılıb. Eyni zamanda nəşr bildirib ki, tolerantlığa görə dünya dövlətləri üçün nümunə olan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, anlaşma şəraitində yaşayırlar.

Dünya Bankına istinadən jurnal bildirib ki, 1991-ci ildən Azərbaycan müstəqillik qazandıqdan sonra işsizlik səviyyəsi 49,2 faizdən 4,2 faizə enib.

Nəşrdə qeyd edilir ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatı modernləşdirilir, işsizlik və yoxsulluq problemi isə aradan qaldırılıb. Dünyanı cənginə alan maliyyə böhran Azərbaycana heç bir təsir göstərməyib: "Dünyada baş vermiş maliyyə ajiotajı, istehsalın tənəzzülü, işçilərin kütləvi şəkildə işdən azad edilməsi fonunda Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edib, məqsədyönlü şəkildə yeni iş yerləri açılıb. Bu ölkədə istər enerji sahəsində, istərsə də qeyri-neft sektorunda, xüsusilə də təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirilir. Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, insanların hüquq və azadlıqlarının qorunması istiqamətində də xeyli işlər görülüb".

Nəşrdə bildirilir ki, Azərbaycan daxili siyasətdə olduğunu kimi, xarici siyasətdə də xeyli nailiyyətlər əldə edib. Bu ölkə beynəlxalq və regional təşkilatların fəal üzvüdür. Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri isə ölkənin 155 dövlətin dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir.

Jurnal həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verib: "Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlayır. Nəticədə Azərbaycanın bir milyondan artıq vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğalçılıq siyasəti BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlarda pislənib. Rəsmi Yerevan isə bu sənədlərə məhəl qoymur. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylər isə 20 ildir ki, heç bir nəticə vermir".

Jurnalda hakim Yeni Azərbaycan Partiyasının tarixi və fəaliyyəti, bu partiyanın yaradılmasında ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti haqqında geniş məqalə dərc edilib: "Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana başçılıq edən, keçmiş SSRİ-nin rəhbərlərindən biri olan, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev ola bilərdi. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında ağır vəziyyətdə olan Azərbaycanda sabitlik bərqərar olmuş, bütün sahələrdə köklü islahatlar həyata keçirilməyə başlanıb, ölkənin xarici əlaqələri genişlənib, yeni neft strategiyasının əsası qoyulub və "Əsrin müqaviləsi" imzalanıb. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirən, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq üçün insan hüquq və azadlıqlarının təminatını reallaşdıran, liberal dəyərlərə söykənən, güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparan bir partiya kimi özünü təqdim edir".

Nəşr həmçinin ölkənin hakim partiyasının ölkədə keçirilən 1995, 2000, 2005 və 2010-cu illərdə parlament seçkilərində qalib gəlməsi barədə xəbərə yer verib: "Sonuncu seçkilərin nəticələrinə əsasən 125 millət vəkilinin təxminən 71 nəfəri hakim partiyanın üzvüdür. Partiyanın qadın və gənclərdən ibarət birliyi mövcuddur. Partiyanın beynəlxalq əlaqələri də genişdir. Burada xüsusilə Avropa Parlamentində böyük fraksiya olan Avropa Xalq Partiyası və Asiya Siyasi Partiyalarının Beynəlxalq Təşkilatı ilə əməkdaşlığı diqqət çəkir".

Bütün xəbərlər Facebook səhifəmizdə