Tezliklə siqaretə qanunla qadağa qoyulacaq-ANALİZ

Tezliklə siqaretə qanunla qadağa qoyulacaq-ANALİZ
Ölkədə siqaretin yasaq olunması ilə bağlı məsələ xeyli vaxtdır gündəmdədir. Artıq bir çox ölkədə belə qanun qəbul olunub və sərt şəkildə sanksiyalar tətbiq edilib. Azərbaycanda siqaretə yasaq qoyacaq qanunun qəbulunun vaxtı çatıb. Tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin Milli Məclisin payız sessiyasında qüvvəyə minməsi gözlənilir. Qeyd edək ki, Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub. Konvensiyada bu məsələnin milli qanunvericilikdə əks olunması tələb kimi qoyulub.

Bəzi ölkələrdə siqaret çəkmək tamamilə yasaq edilib. Məsələn ABŞ-ın Kaliforniya, Nyu-York, Konnektikut, Delaver kimi ştatlarında siqaret çəkmək tamamilə yasaqdır. Bəzi ölkələrin qanunvericiliyində məhdudiyyət o səviyyəyə çatıb ki, insanlar yalnız öz evlərində, şəxsi maşınlarında siqaret çəkə bilərlər. Tütün məmulatlarının film, klip, seriallarda reklamı da yasaq edilib.

Kasıblar daha çox siqaret çəkir

Milli Məclisin Sosial siyasət komitəsindən SİA-ya verilən məlumata görə, \"Tütün istehlakının məhdudlaşdırılması haqqında\" qanun layihəsi artıq hazırdır və parlamentin növbəti ilk iclasında müzakirəyə çıxarılacaq. Qeyd olunub ki, qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübə öyrənilib və artıq İşçi Qrupu da öz işini yekunlaşdırıb və qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarmaq üçün təqdim edilib. Qanun qüvvəyə mindikdən sonra Azərbaycanda ictimai yerlərdə, dövlət və qeyri - dövlət tədbirlərində, xüsusilə də efir məkanlarında siqaretin, eləcə də digər tütün məhsullarının nümayişinin qadağan olunması nəzərdə tutulur. Daha dəqiq desək, qapalı ictimai yerlərdə - aeroportda, vağzallarda, kino, konsert, idman yarışları keçirilən salonlarda, ictimai-iaşə obyektlərində siqaret çəkmək yasaq ediləcək. İş yerlərində isə yalnız icazə verilən yerdə siqaret çəkmək olar. Bununla belə, ölkədəki televiziya və radio yayımları, Təhsil və Səhiyyə nazirlikləri ilə birgə siqaret çəkmənin zərərli tərəfləri barədə proqram hazırlanması nəzərdə tutulur. Qanunun qəbul edilməsində əsas məqsəd insanların bu zərərli vərdişdən yaxa qurtarması üçün profilaktik tədbirlər aparmaqdır. Qanunda müxtəlif cəza və cərimə növlərinin tətbiqi də nəzərdə tutulub.

Ümumdünya Səhiyyə Təşkilatı isə bəyan edir ki, dünyada ən çox siqaretdən kasıb ölkələrdə istifadə olunur. Təşkilat xəbərdarlıq edir ki, əgər bu problemin qarşısı alınmasa, 2020-ci ildə 8 milyona yaxın adam həlak olacaq. Bu səbəbdən də dünyanın bir çox ölkəsi məcburi surətdə siqaretdən imtina kampaniyaları keçirir və siqaretə qadağa qoyan qərarlar qəbul edir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır.

Azərbaycanda isə orta hesabla hər gün 60 milyon ədəd siqaret çəkilir

Azərbaycanda isə orta hesabla hər gün 60 milyon ədəd siqaret çəkilir. Rəsmi statistikaya görə isə Azərbaycan əhalisinin 60 faizi, yəni 3 milyon 200 min nəfəri siqaret çəkir. Onların 10 faizi qadındır. Digər ölkələrlə müqayisədə bu hal bizdə bəzi ölkələrə nisbətən azdır. Məsələn, Rusiyada əksəriyyəti, Türkiyədə isə 20 faiz qadın siqaret çəkir. Bizdə isə kişilər arasında rəqəm göstəriciləri daha yüksəkdir. Qonşu ölkədə ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyuldu. Qanuna görə, bu ölkənin əyləncə, kafe, restoran, stadion, həmçinin dəhlizlər də daxil olmaqla bütün növ sosial, ticarət binalarında, nəqliyyat vasitələrində siqaret çəkilməsi yasaqlandı. Türkiyədə 18 yaşdan aşağı olan uşaqlara siqaret satıla bilməz. Cərimənin məbləği isə 4,3 min dollar müəyyənləşdirilib. Küçəyə siqaret kötüyü və ya siqaret qutusu atan isə 18 dollar cərimə ödəməli olur. İstisna hal olaraq psixi xəstəxanalarda, qocalar evində və tirmələrdə siqaretin çəkilməsinə icazə verilir. Otellərdə isə siqaretdən yalnız xüsusi otaqlarda istifadə edilə bilər. İdman və ya konsert tədbirlərinin təşkilatçılığı zamanı isə xüsusi olaraq otaqlar hazırlanarsa, o zaman orada siqaret çəkməyə icazə verilir.

Onu da deyək ki, ağciyər xəstəliyindən əziyyət çəkənlərin 40 faizi siqaret aludəçisidir. Bu pis vərdiş bronxial asma, xroniki bronxitlər və digər təhlükəli xəstəliklərə yol açır. Problemli tərəflərindən biri də odur ki, siqaret təkcə onu çəkənə deyil, ətrafdakılara da mənfi təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə