Fizuli Ələkbərov: \"Son illər respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi 6%-dək yüksəlib\"

Fizuli Ələkbərov: \"Son illər respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi 6%-dək yüksəlib\"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və şəhid ailələri üçün 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilib, 2009-cu il ərzində bundan təxminən iki dəfə artıq-707 mənzilin tikintisi başa çatdırılıb. SİA-nın xəbərinə görə, bu barədə nazir Fizuli Ələkbərov məlumat verib. O bildirib ki, mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan insanların yeni müasir mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar dövlət başçısının şəxsi tapşırığının icrası olaraq 2010-cu ildə 715 mənzil inşa etdirilib. Cari ildə də bu sahədə fəaliyyət yüksək templə davam etdirilir. Belə ki, ilin əvvəlindən bir sıra rayonlarda yeni fərdi və çoxmənzilli yaşayış binaları istifadəyə verilən və mənzillə təmin olunanların sayı 4000-i ötüb. Cari ilin sentyabr ayınadək Ağcabədi, Göygöl, Samux, Qəbələ, Yevlax və Quba rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları istifadəyə veriləcək. Hazırda Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində isə 12 mərtəbəli 112 mənzilli yaşayış binalarının inşaat işləri aparılır. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, eyni zamanda müxtəlif bölgələrdə 10 ədəd fərdi evin tikintisinə başlanacaq. Dövlət başçısının ötən ilin dekabrında Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində əlil və şəhid ailələri üçün hər biri 81 mənzilli 3 ədəd binadan ibarət olacaq yaşayış kompleksinin təməlini qoyması nazirliyin bu sahədə qarşısında yeni vəzifələr müəy­yənləşdirməyinə, işində məsuluyyətin daha da artmasına səbəb olmaqla, digər tərəfdən əlil və şəhid ailələrində böyük ruh yüksəkliyi yaradıb.

Həmçinin, əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilib və bu vaxtadək 3 000-dən çox Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri verilib. Son illərdə ölkədə bərpa-müalicə sisteminin təkmilləşdirilməsi, eləcə də əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi 6%-dək yüksəlib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10%-dən yüksəkdir. Azərbaycanda isə bu rəqəm 4,4 % təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdəndir.

Hazırda nazirliyin nəzdində 14 regional bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, onlarda hər il 8000 nəfərədək əlilə bərpa-müalicə xidməti göstərilir. Qarşıda duran əsas vəzifələrdən biri sosial reabilitasiya yönümlü tədbirlərin gücləndirilməsi yolu ilə həmin insanların dolğun həyat tərzinin təmin olunması, özlərini cəmiyyətin digər üzvləri kimi hiss etməsi üçün onlara daha geniş şəraitin yaradılmasıdır. Bu məqsədlə tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə hazırlıq işləri aparılır. Eyni zamanda, yaxın günlərdə əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə ölkədə yeni tipli müəssisələrin – Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik Yaşına Çatmayanlar üçün Sosial Sığınacaqların və Tibbi-Sosial Reabilitasiya Mərkəzlərinin inşasına başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə