“Toksik münasibətdən gedə bilməmək yalnız iradə zəifliyi ilə bağlı deyil” - PSİXİATR AÇIQLADI

“Toksik münasibətdən gedə bilməmək yalnız iradə zəifliyi ilə bağlı deyil” - PSİXİATR AÇIQLADI

"Zərərli və toksik münasibətdən gedə bilməmək yalnız iradə zəifliyi və ya özünəinamın aşağı olması ilə izah edilə bilməz". Bu fikirləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib.

Onun sözlərinə görə, burada, çox vaxt, bir sıra psixoloji faktorlar və emosional mexanizmlər birlikdə rol oynayır: "Məsələn, bağlılıq, qorxu və özünəinamın çatışmazlığı bir-birinə təsir edən amillərdir. İnsan sevdiyi və güclü şəkildə bağlandığı şəxsi itirməkdən qorxduqda bu qorxu daha da aktivləşir. Qarşı tərəfin manipulyativ davranışları isə zaman keçdikcə həmin insanın özünəinamını zəiflədə bilər.

Belə münasibətlərdə ən mühüm məqamlardan biri travmatik bağlanmadır. Bu zaman insan ona zərər verən münasibətdən qopa bilmir. Çünki qarşı tərəf hər zaman pis davranmır. Bəzən soyuq, təhqiramiz və uzaq olduğu halda, başqa vaxtlarda çox diqqətli, qayğıkeş və sevgi dolu davrana bilər.

Məhz bu dəyişkən davranış insanda belə bir düşüncə formalaşdırır: “Əgər müəyyən şeyləri düzgün etsəm, ondan yenidən həmin isti və sevgi dolu münasibəti ala bilərəm”. Beləliklə, insan münasibətdə yaşanan problemlərin səbəbini özündə axtarmağa başlayır və düşünür ki, qarşı tərəfin ona yaxşı davranmamasına onun öz davranışları səbəb olur.

Digər tərəfdən, belə münasibətlərdə mənfi hadisələrin zaman keçdikcə yaddaşda arxa plana keçməsi, müsbət anların isə daha çox xatırlanması da bağlılığın davam etməsinə səbəb ola bilər. Məsələn, insan ayrılıq dövründə keçmiş münasibətini düşündükdə yaşadığı bütün mənfi hadisələri xatırlamaya, daha çox xoş və müsbət anları yada sala bilər. Nəticədə münasibətin əslində nə üçün bitdiyini özünə xatırlatmır və keçmiş münasibətə yenidən qayıtmaq istəyi yaranır.

Digər mühüm amil isə qorxu və qeyri-müəyyənlikdir. Ayrılıqdan sonra insanın tək qalmaqdan və gələcəkdə özünə uyğun başqa birini tapa bilməməkdən qorxması mümkündür. Bu zaman “Bundan sonra kim olacaq?”, “Məni heç kim sevməyəcək” kimi neqativ düşüncələr meydana çıxır.

Əslində, bu düşüncələr reallığı əks etdirməyə bilər. Lakin insan həmin emosional vəziyyətdə olarkən onlara inanma səviyyəsi çox yüksək olur. Psixoterapiya prosesində bu düşüncələr üzərində işləyərək onları daha real və sağlam alternativ düşüncələrlə əvəz etmək mümkündür. Bu da insanın münasibətə və ayrılığa baxışını dəyişməsinə kömək edə bilər.

Münasibətdə uğursuzluq yaşayan insanın sonradan yeni münasibət qurmaqdan qorxması da mümkündür. O, əvvəlki münasibətdə yaşadığı problemlərin yenidən təkrarlanacağından ehtiyat edərək yeni bir münasibətə başlamaqdan çəkinə bilər.

Burada daha bir maraqlı psixoloji məqam “batmış yatırım” anlayışıdır. İqtisadiyyatdan götürülən bu termin münasibətlərə də tətbiq oluna bilər. İnsan illər ərzində münasibətə, evliliyə, emosional və mənəvi baxımdan böyük sərmayə qoyduğunu düşünür. Münasibətin artıq sağlam olmadığını görsə belə, “Bu qədər il və zəhmət vermişəm, indi ayrılım və bütün bunlar boşa getsin?” düşüncəsi onu münasibətdə qalmağa sövq edə bilər.

Bu səbəbdən həm Azərbaycanda, həm də dünyada bəzi evliliklər faktiki olaraq bitmiş olsa da, tərəflər uzun illər ayrılmırlar. Bəzən bunu “uşaqlara görə birlikdəyik” kimi izah edirlər. Bəzən isə “Mən ona bu qədər əmək vermişəm, bu səviyyəyə gətirmişəm, indi ayrılıb başqasına qismət edim?” kimi düşüncələr münasibətin davam etdirilməsinə səbəb olur.

Bütün bunlar göstərir ki, zərərli münasibətdən qopa bilməmək sadəcə “iradəm yoxdur” və ya “özümə güvənmirəm” deməklə izah ediləcək qədər sadə məsələ deyil. Burada bağlılıq, itirmə qorxusu, travmatik bağlanma, neqativ düşüncələr, gələcəklə bağlı qeyri-müəyyənlik və münasibətə yatırılan illərin yaratdığı psixoloji bağlılıq kimi bir çox faktor eyni anda rol oynaya bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə