Sahibsiz itlər problemi: Heyvan sevgisi ilə ictimai təhlükəsizlik arasında balans necə qorunmalıdır? - ARAŞDIRMA

Sahibsiz itlər problemi: Heyvan sevgisi ilə ictimai təhlükəsizlik arasında balans necə qorunmalıdır? - ARAŞDIRMA

Heyvanları sevmək, digər canlıların qayğısına qalmaq, onları qorumaq və yaşamaq hüquqlarına hörmət etmək deməkdir. Bir çox ailə bu hisslərin uşaqlarda formalaşması üçün ev heyvanı saxlamağa üstünlük verir. Xüsusilə it və pişiklərlə ünsiyyət uşaqlara məsuliyyət, mərhəmət, paylaşmaq və qayğı göstərmək kimi xüsusiyyətləri aşılaya bilər.

İnsan bir canlıya sevgi və diqqət göstərdikcə onun da buna necə reaksiya verdiyini görür. Bu münasibət insanın daha səbirli, anlayışlı və məsuliyyətli şəxsiyyət kimi formalaşmasına da təsir göstərə bilər.

Lakin küçədə yaşayan heyvanlarla bağlı vəziyyət bir qədər fərqlidir. Sahibsiz itlərə qayğı göstərən və onları qorumağa çalışan insanların sayı çox olsa da, onlardan qorxan, xüsusilə uşaqlarını və ailə üzvlərini qorumaq üçün narahatlıq keçirən insanlar da az deyil.

Bəs problem haradan qaynaqlanır? Sahibsiz itlərin sayı niyə artır? Onların küçələrdən yığılması, sterilizasiyası, peyvəndlənməsi və sığınacaqlarda saxlanılması üçün hansı mexanizm daha effektivdir? Əsas məsələ heyvanların qorunması ilə insanların təhlükəsizliyi arasında balansı necə yaratmaqdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Azərbaycanda problem yeni deyil

Azərbaycanda sahibsiz itlərlə bağlı problem uzun illərdir müzakirə olunur. 2017-ci ildə Sumqayıtda sahibsiz itlərin şəhər ərazisindən yığılması və uzaqlaşdırılması istiqamətində işlər aparılmışdı. Həmin dövrdə şəhərin müxtəlif ərazilərindən toplanan itlərin şəhərdən kənarda yerləşən əraziyə aparıldığı bildirilirdi.

Lakin problemin yalnız bir şəhərin və ya rayonun problemi olmadığı sonrakı illərdə də müşahidə edildi. Paytaxtın müxtəlif ərazilərində, o cümlədən yaşayış massivlərində və parklarda sahibsiz itlərə rast gəlinməsi sakinlərin narahatlığına səbəb olur.

2019-cu il fevralın 15-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində Balaxanı qəsəbəsində “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi fəaliyyətə başlayıb. Layihənin əsas məqsədləri arasında insanların təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi və cəmiyyətin onlara münasibətinin dəyişdirilməsi yer alıb.

Bununla belə, küçələrdə sahibsiz itlərin görünməsi problemin tam həll edilmədiyini göstərir.

Hücumlar cəmiyyətin narahatlığını artırır

Sahibsiz itlərlə bağlı narahatlığın əsas səbəblərindən biri insanlara hücum və dişləmə hallarının baş verməsidir.

Müxtəlif illərdə Qax, Şəki, Göyçay, Salyan və Goranboyda it hücumları ilə bağlı faktlar qeydə alınıb. Hadisələr arasında həm böyüklərin, həm də uşaqların xəsarət alması, bəzi hallarda isə quduzluq əleyhinə peyvəndə ehtiyac yaranması ilə nəticələnən hallar olub.

Məsələn, 2021-ci ildə Salyan şəhərində bir sahibsiz itin müxtəlif vaxtlarda 9 nəfərə hücum etdiyi bildirilmişdi. Onların arasında azyaşlı uşağın da olduğu açıqlanmışdı.

Belə hadisələr bir tərəfdən heyvanların küçədə nəzarətsiz qalmasının yaratdığı təhlükəni göstərir, digər tərəfdən isə problemin sistemli şəkildə həll edilməsinin vacibliyini ortaya qoyur.

Əsas təhlükələrdən biri – quduzluq

Sahibsiz heyvanlarla bağlı müzakirələrdə quduzluq xüsusi yer tutur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insanlarda quduzluq hallarının 99 faizinə qədəri yoluxmuş itlərin dişləməsi ilə əlaqəlidir. ÜST itlərin ən azı 70 faizinin davamlı şəkildə peyvəndlənməsini quduzluğun ötürülmə zəncirini qırmaq üçün əsas tədbirlərdən biri hesab edir. (Dünya Sağlık Təşkilatı)

Bu səbəbdən sahibsiz itlər məsələsinə yalnız “heyvanları küçədən yığmaq” kimi yanaşmaq kifayət etmir. Burada baytarlıq nəzarəti, peyvəndləmə, sterilizasiya, identifikasiya, sahibləndirmə və epidemioloji monitorinq bir sistem kimi işləməlidir.

Dünya təcrübəsi nə göstərir?

Dünyanın müxtəlif ölkələrində sahibsiz it probleminin həlli üçün fərqli modellər tətbiq olunur. Ümumi yanaşma isə heyvanların sadəcə küçədən yığılması ilə məhdudlaşmır.

ÜST-nin yanaşmasına görə, quduzluğun qarşısının alınmasında əsas istiqamətlərdən biri itlərin kütləvi peyvəndlənməsi, sahibsiz heyvan populyasiyasının idarə olunması və insanlar arasında maarifləndirmənin aparılmasıdır.

Türkiyədə isə son illərdə daha sərt modelə keçid müşahidə olunur. 2024-cü ildə qəbul edilən qanunla bələdiyyələrin sahibsiz itləri küçələrdən toplaması və sığınacaqlarda saxlaması nəzərdə tutulub. Bələdiyyələr üçün sığınacaqların yaradılması və heyvanların reabilitasiyası məqsədilə büdcədən vəsait ayrılması da tələb olunur. Qanun təhlükəli və müalicəsi mümkün olmayan xəstəliklərə malik heyvanlarla bağlı ayrıca tədbirləri də nəzərdə tutur.

2026-cı ildə Türkiyə Bələdiyyələr Birliyi də heyvan sığınacaqları və sahibsiz heyvan xidmətlərinin maliyyələşdirilməsinin qanunla nəzərdə tutulduğunu açıqlayıb.

Bu nümunə göstərir ki, problem yalnız heyvanların küçədən götürülməsi ilə bitmir. Bunun arxasında uzunmüddətli maliyyələşmə, sığınacaq infrastrukturu, baytarlıq xidməti, sterilizasiya, peyvənd, qeydiyyat və sahibləndirmə sistemi dayanır.

Sadəcə toplamaq problemin həllidirmi?

Əslində əsas sual budur: küçədəki itləri topladıqdan sonra nə baş verir?

Əgər heyvanlar yalnız bir ərazidən götürülüb başqa əraziyə aparılırsa, problemin kökündən həllindən danışmaq çətindir. Çünki nəzarətsiz çoxalma davam etdikcə yeni sahibsiz itlərin yaranması mümkündür.

Daha effektiv model üçün heyvanların qeydiyyata alınması, sterilizasiya və peyvəndlənməsi, sahibləndirmənin təşviqi, ev heyvanlarının küçəyə atılmasının qarşısının alınması və təhlükəli heyvanlarla bağlı operativ mexanizmlərin yaradılması paralel şəkildə həyata keçirilməlidir.

Digər tərəfdən, vətəndaş məsuliyyəti də unudulmamalıdır. Ev heyvanını küçəyə atan şəxslə bağlı nəzarət və məsuliyyət mexanizmləri işləmədikcə sahibsiz heyvanların sayının azaldılması çətin olacaq.

Heyvan sevgisi və insan təhlükəsizliyi qarşı-qarşıya qoyulmamalıdır

Sahibsiz heyvanlar məsələsində cəmiyyət iki fərqli mövqeyə bölünür: bir qrup onların qorunmasını, digər qrup isə ilk növbədə insanların təhlükəsizliyinin təmin edilməsini tələb edir.

Əslində bu iki yanaşmanı bir-birinə qarşı qoymaq məcburi deyil. Heyvanların qorunması da, insanların təhlükəsizliyi də eyni sistemin tərkib hissəsi ola bilər.

Məqsəd küçədəki bütün heyvanları məhv etmək deyil, nəzarətsiz heyvan populyasiyasını idarə etmək, xəstəliklərin yayılmasının qarşısını almaq, təhlükəli hallara vaxtında müdaxilə etmək və sağlam heyvanların sahibləndirilməsinə şərait yaratmaq olmalıdır.

Çünki küçələrdə sahibsiz itlərin çoxalması nə heyvanların rifahı, nə də insanların təhlükəsizliyi baxımından davamlı modeldir.

Bu problemin həlli üçün qısa müddətli kampaniyalardan daha çox, illərlə davam edən vahid dövlət proqramına, real statistika və uçot sisteminə, müasir sığınacaqlara, sterilizasiya və peyvənd proqramlarına, eləcə də ev heyvanı sahiblərinin məsuliyyətinin artırılmasına ehtiyac var.

Nəticədə həm insanın təhlükəsizliyi, həm də heyvanların yaşamaq hüququ qorunmalıdır. Məsələnin əsas həlli isə bir tərəfi digərinə qurban vermək deyil, hər iki istiqaməti nəzərə alan işlək sistem qurmaqdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə