"Süni intellektdən qorxmaq yox, onu anlamaq və idarə etməyi öyrənmək lazımdır" - SOSİOLOQ
"Süni intellekt və onun növbəti mərhələsi, hansı ki, hələ Azərbaycanda onun barəsində danışılmır, bilinmir, amma artıq dünyanın elm və texnologiya aləmində bu barədə mübahisələr gedir. Süni intellektə, həm də sintetik zəka deyirlər. Amma onun növbəti mərhələsi super intellektdir". Bu fikirləri SİA-ya açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.
Onun sözlərinə görə, istər elm aləmində, istər humanitar sahənin insanları, şəxsiyyətləri bu barədə çoxlu mübahisələr edirlər. Yeni texnologiyanın qarşısında insan öz acizliyini və müəyyən mənada öz ehtiyatlılığını nümayiş etdirməklə, həm də o texnologiyaya olan marağını nümayiş etdirir:
"Süni zəka, sintetik zəka və yaxud indi gələn super intellekt – mən ona həm də super idrak deyirəm – ondan qorxmaq lazım deyil. Süni intellektin bu və digər suallarla bağlı, bizim axtarışa verdiyimiz məsələlərlə bağlı nəticələri, əslində, internet resurslarında, kontentlərdə, bu və ya digər dərəcədə hansısa saytda, sosial şəbəkədə kimlərinsə mövqeyini, elmi məqaləsini, şərhini və digər materiallarını götürüb ümumiləşdirir, cavab variantı kimi sizə qaytarır. Bu, axtarış maşınlarının daha təkmilləşdirilmiş, daha ağıllı, smart variantıdır.
Süni intellektlə bağlı son vaxtlar Azərbaycanda olan mübahisələr məhz onun texnologiyasına, alqoritmin necə işləməsini başa düşməyən adamların ortaya atdığı bir məsələdir.
Artıq Azərbaycanda rəqəmsallaşma ilə bağlı, rəqəmsal inkişaf və süni intellektlə bağlı çox böyük dövlət proqramları həyata keçirilir. Eyni zamanda, bilirsiniz ki, ayrıca bir Şura da yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da ona rəhbərlik edir. Bu yaxınlarda onunla əlaqədar iclas da, toplantı da keçirildi. Düzdür, dar çərçivədə, əsasən aidiyyəti dövlət qurumlarının rəhbərləri, nazirlər səviyyəsində Şuranın iclası keçirildi.
Fikirləşirəm ki, Şura bundan sonra öz işini daha da genişləndirəcək və bu yöndə həm nəzəri, həm fantastik, futuristik fikirlər söyləyə biləcək, həm də praktikada işləyən, real həyatda onunla biznes quran və yaxud dövlətin bir çox rəqəmsal həllər sahəsində çalışan məsul şəxslərin iştirakı ilə geniş mənada süni intellekt və onun insanlara verdiyi xeyir, şər, müsbət və mənfi tərəfləri ilə bağlı çox böyük tədbirlər silsiləsi təşkil ediləcək, həm də diskussiyalar, debatlar aparılacaq, analizlər veriləcək.
Əlbəttə, süni intellekt, super zəka, sintetik zəka, super intellekt və idrakla bağlı Azərbaycanda da artıq təcili surətdə araşdırmalar başlanmalıdır. Mübahisələr, debatlar, elmi müzakirələr getməlidir. Biz süni intellektin müsbət tərəflərini götürməliyik, yoxsa axtarış maşınlarının aqibətini biz də gözləyə bilərik.
Birinci axtarış maşınları, bilirsiniz ki, Azərbaycanda ən çox axtarılan, daha çox intim məsələlərlə bağlı materiallarda istifadə olunurdu. İkincisi isə, axtarış maşınlarından indiyə qədər insanlarımız normal istifadə edə bilmirlər. Bu istifadə də ona görə süni intellekt qarşısında bir acizliyə aparıb çıxarıb.
Süni intellekt, əslində, axtarış maşınlarının növbəti, super mərhələsidir. Super zəka, sintetik zəka və şüur daha çox kreativ, intellektuallıq tələb edən və texnoloji biliklə, vərdişlərə yiyələnməyi tələb edən yeni mərhələdir.
Süni intellektlə bağlı insanlar onunla dostluq və psixoloji dəstək almaq istəyirlər. Bu, normal qarşılanmalıdır. İnsanlar hər zaman onsuz da öz dərdlərini kiməsə açırlar: ya psixoloqun, ya həkimin yanına gedirlər, ya dosta, tanışa, ya da ağbirçəyə, ağsaqqala, ağıllı adamlara öz fikirlərini söyləyirlər.
Hətta xristian dünyasında bilirik ki, kilsədə etiraf otağı var. Orada da, əslində, psixoloji, mənəvi, ruhi məsləhətlər almaq üçün insanlara şərait yaradılırdı. Azərbaycanda, İslam dünyasında isə, bildiyiniz kimi, yengəlik institutundan tutmuş cümə günləri məscidlərdə moizələrdən sonrakı söhbətlərə qədər bunlar da, əslində, insanların mənəvi və emosional problemlərinin müzakirəsinə həsr olunmuş debat xarakterli müəyyən söhbətlər və bilgilənmə, məlumatlandırma tədbirləri kimi yadda qalır.
Amma indi bunu insanlar, necə ki, real həyatdan üz döndərib virtual yaşama meyl göstərirlər, sözsüz ki, süni intellektdən dost kimi istifadə edirlər. Bir çox ölkələrdə hətta sevgili axtarmaq, virtual həyat yoldaşı axtarmaq, psixoloji dəstək almaq bu baxımdan da normaldır və normal qarşılanmalıdır.
İnsanların bu emosional ehtiyaclarını texnologiyalarda axtarması, bilmirəm, nə qədər düzgündür. Amma bu, reallıqdır və bu reallıq artıq çox qəribə bir insan tipini ortaya gətirir.
Biz indiyə qədər qadın və kişi cinsini tanıyırdıq. Sonralar, bilirsiniz ki, orta cinsin nümayəndələri, BMT-nin onlarla bağlı qərarlarından sonra translar, geylər və digər cinsi azlıqların nümayəndələri də bu növ insan varlığı kimi qəbul edildi. Sonradan yarananları da əlavə etsək, artıq yeni bir insan növü yaranıb. Bu, robot, süni intellekt və real insanın sintezindən formalaşmış, vizual olaraq insana oxşayan, insan əzaları ilə yaşayan, amma virtual olan və mənəvi olaraq daha çox texnologiyaya meyl edən bir varlıqdır. Yəni robotlaşmış yeni bir insan növü ilə rastlaşırıq.
Bu, ayrı bir məsələdir. Bununla bağlı yəqin ki, mübahisələr gedəcək. Mən bu məsələ haqqında bir neçə yerdə danışmışam, elmi yazılarımda və məqalələrimdə də bu barədə fikirlərimi bildirmişəm. O baxımdan da biz yeni mərhələdə insanın mənfi bir mahiyyəti ilə üzləşirik.
Ailə və sosial münasibətlərə, əlbəttə, bunun böyük təsiri olacaq. Həm süni intellektin, həm də yeni texnologiyaların təsiri nəticəsində emosiyasız yaşamağı, duyğusuzluğu, sevginin, dostluğun, ata-ana məhəbbətinin nə olduğunu bilməyən və yaxud bu barədə yalnız ümumi təsəvvürü olan bir nəsil formalaşacaq.
Artıq 2020-ci ildən bu yana süni intellektin sürətlə inkişaf etdiyi bir vaxtdan üzü bəri yeni bir nəsil dünyaya gəlir. O, Z nəsli deyil, virtual bir nəsildir. Həmin nəslin dünyagörüşü, yaşam tərzi və həyat fəlsəfəsi tamam fərqli olacaq.
Maraqlı cəhətlərdən biri də odur ki, texnologiyalardan biz qorxmalıyıq, yoxsa onlardan istifadə etməyi öyrənməliyik? Məsələn, əvvəllər anamız mətbəxdə yemək bişirirdi, indi isə kafelər və ağıllı, smart yemək bişirən aparatlar bunu əvəz edir. Əvvəl paltar əl ilə yuyulurdu, indi paltaryuyan maşınlar var. Süpürgəni tozsoran əvəz edir və s. Əvvəlki avtomobilləri indi smart avtomobillər, elektrik avtomobilləri əvəz edir. Hətta süni intellektlə idarə olunan avtomobillər də var.
İnsan artıq bunları görürsə, öyrənməlidir. Bu, insan həyatına birbaşa təsir edir və insanla bağlı olan məsələlər də smartlaşacaq, texnologiyalara keçəcək. Texnologiyaların inkişafı insanın əlindən bir çox canlı, real məsələləri, duyğuları, sevgisini, intim münasibətlərə olan marağını və digər xüsusiyyətlərini alacaq.
Hətta bu yaxınlarda, bilirsiniz ki, anasız övladın dünyaya gətirilməsi ilə bağlı texnologiyalar üzərində işlənilir və digər yeniliklər də meydana çıxır. Biz buna hazır olmalıyıq və texnologiyalarla bağlı vərdişlərimizi inkişaf etdirməli, onları öyrənməliyik. Yoxsa biz texnologiyaların əsirlərinə çevrilmiş olarıq".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB