"Sərt cəzalar uşağın özünə inamını zədələyir" - PSİXOLOQ İZAH ETDİ

"Özünü daim günahkar hiss edən insanların əksəriyyəti uşaqlıqda günahkarlıq hissi ilə böyüdülən uşaqlardır. Çox vaxt “səndədir”, “sən etmisən”, “sənə görə oldu” kimi ifadələrə tez-tez məruz qalan, davamlı şəkildə danlanan və ya sərt cəzalandırılan uşaqlar gələcəkdə bu duyğunu daşıyan yetkinlərə çevrilə bilirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu cür yanaşma uşağın özünə baxışını zədələyir və onda “mən həmişə səhv edirəm” düşüncəsinin formalaşmasına səbəb olur: "Zamanla bu düşüncə insanın daxili səsinə çevrilərək onun qərarlarına və davranışlarına təsir göstərir.

Bu hal xüsusilə yeniyetməlik dövründən etibarən daha qabarıq şəkildə özünü göstərir. Yeniyetmələr bu mərhələdə özlərinə qarşı daha tənqidçi olurlar, özlərini daha az bəyənirlər və başqaları ilə müqayisə etməyə meyilli olurlar. Nəticədə, özünü daim günahkar hiss etmə duyğusu formalaşmağa başlayır. Bu yaş dövrü psixoloji baxımdan olduqca həssas mərhələ olduğu üçün, valideynlərin və ətraf mühitin münasibəti həlledici rol oynayır. Əgər bu dövrdə yeniyetmələrə düzgün psixoloji dəstək göstərilməzsə, bu duyğular onların həyatının böyük bir hissəsini təsir altına ala bilər.

Bəzi hallarda bu hisslər insanın şüuraltısında gizli şəkildə qalaraq uzun müddət fərq edilmədən mövcudluğunu davam etdirir. İnsan özünü günahkar hiss etdiyini açıq şəkildə dərk etməsə belə, bu duyğu onun özünə inamını azalda, münasibətlərində çətinliklər yarada və qərar vermə prosesini zəiflədə bilər. Belə insanlar tez-tez başqalarını razı salmağa çalışır, öz ehtiyaclarını ikinci plana atır və daxili narahatlıq hissi ilə yaşayırlar.

Bu səbəbdən əsas diqqət uşaqlıq dövrünə yönəlməlidir. Valideynlər uşaqları çox danlamamalı, günah varsa belə, onu sakit və izahlı şəkildə göstərməlidirlər. Cəza isə uzunmüddətli, qorxuducu və ya zərərverici olmamalıdır, çünki bu, uşağın psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Uşaq səhv etdikdə, onun davranışı ilə şəxsiyyəti bir-birindən ayrılmalı, “sən pis uşaqsan” kimi ifadələrdən qaçınılmalıdır.

Eyni zamanda, uşaqların daim təriflənməsi də düzgün yanaşma hesab edilmir, çünki bu hal onların reallıq hissini zəiflədə və asılı davranış formalaşdıra bilər. Ən sağlam yanaşma cəza və mükafatlandırmanın paralel, ölçülü və balanslı şəkildə tətbiq olunmasıdır. Bu balans uşağın həm məsuliyyət hissini inkişaf etdirir, həm də özünə güvənməsinə şərait yaradır. Belə bir mühitdə böyüyən uşaq, gələcəkdə özünü daha sağlam şəkildə dəyərləndirən, emosional cəhətdən güclü və sabit bir şəxsiyyətə çevrilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə