Son zamanlar bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) müxtəlif faiz dərəcələri ilə kredit təklif etməsi cəmiyyətdə fərqli fikirlərə səbəb olub. Bəziləri bu xidmətləri müasir və rahat maliyyə imkanı kimi dəyərləndirir, digərləri isə bankların şəffaflıqdan uzaq, aldadıcı sistemlə işlədiyini düşünür. SİA-nın əməkdaşı da bu mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb.
Şəhər sakini Vasim Abdullayev: "Həm onlayn banklarda, həm də ənənəvi banklarda reklam olunan faiz göstəriciləri ilə real faiz dərəcələri arasında ciddi fərqlər var. Reklamlarda 9-10% kimi aşağı faizlər göstərilir, lakin banka yaxınlaşdıqda bu faizlər bəzən 20-25%-ə qədər qalxır. Bu isə vətəndaşların çaşdırılmasına və məcburiyyət qarşısında yüksək faizlə borc götürməsinə səbəb olur. Əslində, reklamda göstərilən 9-10% faiz dərəcəsi illik olaraq təqdim edilir və yalnız müəyyən şərtlər altında keçərlidir. Amma bu məlumat reklamlarda açıq şəkildə izah olunmur. Təbii ki, bu hal marketinq üsulu kimi görünsə də, bir növ istehlakçını aldatmaq, yaxud fırıldaqçılıq kimi dəyərləndirilə bilər. Xüsusilə də onlayn bank sistemlərində, məsələn, "Manato" və digər tətbiqlərdə bu problem daha da ciddi hal alır. Məsələn, 500 manatlıq kredit götürən şəxs bir neçə ay sonra onu 700 manatdan artıq məbləğlə geri qaytarmalı olur. Bəzən bu məbləğ 300 manat əlavə faizlə müşahidə olunur. Qanunvericilik baxımından isə qeyd etmək istəyirəm ki, Mülki Məcəlləyə əsasən, 5%-dən yüksək illik faiz dərəcəsi qanuni kredit üçün yolverilməz sayılır. Əgər bu rəqəm aşılırsa və xüsusilə də şəxsi məlumatlar yoxlanmadan borc verilir, bu artıq sələmə girir və qeyri-qanuni sayılır. Tələbə olaraq bizim bəzən pula ehtiyacımız olur. Lakin belə hallarda aldığımız borcu qaytarmaq çətinləşir. Üstəlik, bizə zənglər edirlər, hətta kontakt verdiyimiz digər şəxslər də bu zənglərdən narahat olurlar. Halbuki o şəxslərə əvvəlcədən razılıq üçün zəng vurulmur. İqtisadçı kimi fikrim budur ki, bu sistemlər tənzimlənməlidir. Monitorinq aparılmalı, şəffaflıq təmin olunmalı və istifadəçilər daha ciddi məlumatlandırılmalıdır. Əks halda həm iqtisadi, həm də sosial problemlərə yol açacaq".
Şəhər sakini Zamiq Cəfərov: "Birinci növbədə münasibət yaxşı idi, amma sonradan dediyimiz kimi, kiçik faizlərlə camaatı aldadırlar. Reklamda göstərilən faiz dərəcəsi ilə bankdakı real faiz arasında böyük fərq olur. Məsələn, sənə 13 faiz deyirlər, amma müqaviləyə baxanda görürsən ki, əslində 25 faiz çıxır. Mən bunu öz təcrübəmdən bilirəm, belə hallar başıma gəlməsəydi, inanmazdım. Bu, heç də düzgün yanaşma deyil.
Banklar müştəriləri cəlb etmək üçün aşağı faiz vədləri verir, amma nəticədə insanları borc içində qoyurlar. İnsanlar məcburdur kredit götürməyə, çünki pula ehtiyac var, amma axırda proses çox vaxt məhkəməyə, şikayətlərə qədər gedib çıxır. Faizlər o qədər artır ki, vətəndaş aldığı maaşla krediti qaytara bilmir.
Əslində, banklar müştərinin gəlirinə uyğun kredit şərtləri müəyyən etməlidirlər. Əgər faizlər normal səviyyədə qoysaydılar və əlavə xərclər əlavə etməsəydilər, insanlar borclarını vaxtında ödəyə bilərdilər. Amma indiki vəziyyətdə bu, həm maddi, həm də mənəvi baxımdan insanları çətin duruma salır. Banklar üçün ən vacib olan məsələ dürüstlük və şəffaflıq olmalıdır. Müştəriyə nə vəd edilirsə, onun arxasında durmaq lazımdır".
Şəhər sakini Könül Əhmədova: "Mənim ən çox şikayətim onlayn banklardandır. Düzdür, biz də banklardan pul götürürük və vaxtında ödənişlərimizi edirik. Amma gənclər onlayn banklardan pul götürürlər və bu banklar gənclərə çox zərər verirlər. Bu banklar özəl banklardır və əsasən gəncləri əziyyətə salırlar. Bir aydan sonra ödəniş vaxtı gəlmədən əvvəl deyirlər ki, tez ödəyin. Məsələn, 30 manat götürürsənsə, 100 manat ödəniş tələb edirlər. Buna görə gənclər çox əziyyət çəkir, mən onların adından bunu deyirəm. Mən xahiş edirəm ki, bu bankların rəhbərləri gənclərə pul verməsinlər. Valideynlərin telefon nömrəsini götürsünlər, valideynlərə məlumat versinlər və yalnız onların icazəsi ilə gənclərə pul versinlər. Çünki gənclər işləmir, tələbədirlər və çox çətinlik çəkirlər. Məktəblərdə, institularda yataqxanalar yoxdur, evlərdə də vəziyyət ağırdır, uzaqdan gəlirlər, metro, avtobus xərclərini ödəmək çətindir. Gənclər bu xərcləri necə ödəsin, yoxsa banklar? Mən bir daha xahiş edirəm ki, bu banklar fəaliyyətlərini dayandırsınlar".
Şəhər sakini Əli Əhmədzadə: "Məsləhət görərdim ki, tələbələr banklardan kredit götürməsinlər, çünki banklar çox vaxt aldadıcı sistemlə işləyirlər. İlk baxışda hər şey cəlbedici görünür - məsələn, 9 faiz endirimlə kredit təklif olunur. Amma sonradan faiz dərəcəsi artır, əlavə komissiyalar çıxır və nəticədə tələbə daha çox borc içində qalır. Fikrimcə, bu, gəncləri maliyyə cəhətdən çətin vəziyyətə salan bir sistemdir. Məncə, kredit məsələsində tələbələrə xüsusi diqqət yetirilməlidir, çünki onların gəlirləri məhduddur. Biz təqaüdlə dolanırıq, gündəlik xərcləri belə çətinliklə qarşılayırıq, üstəlik borc qaytarmaq məsuliyyəti əlavə stres yaradır. Başlanğıcda 9-10 faiz endirim göstərilir, amma bu, əslində müvəqqəti olur və sonradan faizlər artır. Nəticədə tələbə düşündüyündən çox borclanır və ödəmə müddətini uzatmaq məcburiyyətində qalır. Bu səbəbdən mənim bu mövzuya münasibətim mənfidir. Tələbələr hələ öz gəlirlərini formalaşdırmamışkən kredit sisteminə daxil olsalar, gələcəkdə həm maliyyə, həm də psixoloji baxımdan çətinliklərlə üzləşə bilərlər. Ən yaxşısı, bank kreditlərinə deyil, təqaüd və ya ailə dəstəyi kimi daha etibarlı mənbələrə üstünlük verməkdir".
Şəhər sakini Rəna Quliyeva: "Düzünü desəm, banklarla bağlı fərqli faiz dərəcələri və şərtlər məni çox narahat edir. Bəzən eyni məbləğdə kredit üçün iki fərqli bank tamamilə fərqli faizlər təklif edir. Hətta onlayn banklarda faizlər aşağı göstərilsə də, sonradan əlavə komissiya və xidmət haqları çıxır. Bu, açıq-açığına müştəriləri çaşdırmaqdır. Mən şəxsən bir dəfə belə vəziyyətlə üzləşmişdim - müqaviləni diqqətlə oxuyandan sonra bankın əlavə xərcləri gizlətdiyini gördüm və kredit götürməkdən imtina etdim. Hesab edirəm ki, bu sahədə daha ciddi nəzarət olmalıdır və müştərilərə şəffaf məlumat təqdim edilməlidir".
Şəhər sakini Aydın Axundov: "Ümumiyyətlə, bankların iqtisadiyyatdakı rolu danılmazdır. Onlar həm sahibkarlığın inkişafına, həm də insanların maliyyə ehtiyaclarının qarşılanmasına kömək edirlər. Xüsusilə son illər onlayn bankçılıq xidmətlərinin artması bir çox işləri asanlaşdırıb - artıq vaxt itirmədən evdən çıxmadan ödənişlər etmək, hesabları idarə etmək mümkündür. Bu baxımdan bank sisteminin müasirləşməsini müsbət qiymətləndirirəm. Amma eyni zamanda deməliyəm ki, bəzi bankların kredit siyasətində şəffaflıq tam təmin olunmur. Reklamlarda göstərilən faizlər real müqavilələrdə fərqli olur, əlavə komissiya və ya sığorta haqları bəzən müştəriyə əvvəlcədən aydın şəkildə izah edilmir. Bu da təbii olaraq narazılığa səbəb olur. Mənim fikrimcə, burada məsuliyyət həm bankların, həm də vətəndaşların üzərinə düşür. İnsanlara məsləhətim budur ki, hər hansı bankdan kredit götürməzdən əvvəl mütləq müqaviləni diqqətlə oxusunlar. Çünki çox vaxt insanlar yalnız ilkin faiz dərəcəsinə baxır, amma müqavilənin arxa planında başqa şərtlər gizlənir. Hər bir vətəndaş maliyyə savadlı olmalı, hüquqlarını bilməli və tələsik qərar verməməlidir. Banklar da öz növbəsində şəffaflıq və etimad prinsiplərinə daha çox əməl etsələr, müştəri məmnunluğu da artar. Məncə, qarşılıqlı etibar üzərində qurulan bank–müştəri münasibəti həm tərəflər, həm də ümumilikdə iqtisadi sabitlik üçün ən sağlam yoldur".
Şəhər sakini Aytən Məmmədova: "Bank sektorunda fırıldaqçılıq deməzdim, amma qeyri-şəffaflıq çoxdur. Xüsusilə onlayn banklarda bu hal daha çox müşahidə olunur. Reklamda ‘aşağı faizlə kredit’ yazılır, amma sən müraciət etdikdə görürsən ki, real faiz dərəcəsi tam başqadır. Mən bir dəfə bu cür vəziyyətlə rastlaşanda dərhal Mərkəzi Bankın qaynar xəttinə müraciət etdim və bankdan yazılı izahat tələb etdim. Düşünürəm ki, insanlar da passiv olmamalıdır, əgər haqsızlıq varsa, bunu rəsmi şəkildə bildirməlidirlər. Bankların məsuliyyət hissi artmasa, bu cür halların qarşısını almaq çətin olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə