"Uşaqların oyun seçimləri onların psixologiyasına təsir edir" - PSİXOLOQ İZAH ETDİ
"Ümumiyyətlə, uşaq oyunlarının bir çoxu aqressiv xarakter daşıyır. Son zamanlar müşahidə etdiyimiz kimi, uşaqların oynadığı bəzi oyunlarda – el arasında deyildiyi kimi – vurub-yıxma, kəsib-tökmə, adam öldürmə, baş kəsmə, adam yaralama kimi hallar adi hal alıb". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
Onun sözlərinə görə, bütün uşaqlar bu cür oyunlardan böyük həzz alır və özlərini həmin rollarda təsəvvür edirlər: "Bildiyimiz kimi, hər bir uşağın özünü təsdiq etmə dönəmi olur. Bu dönəm uşaqlarda müəyyən mərhələlərdən keçir və həm sosial, həm təhsil, həm də davranış sferasında özünü göstərir. Uşaq ətrafdakı uşaqlarla münasibətində, qorxma və ya qorxu yaratma hallarında, söz deyərkən ya da eşidərkən təzyiqdən çəkinmə kimi reaksiyalarla müşahidə olunur.
Bəzi uşaqlar ümumiyyətlə sözlü münaqişələrə girmir, fiziki təzyiq qarşısında aciz qalır, fikirlərini ifadə edə bilmir. Bu da göstərir ki, hələ uşaq yaşlarından hər kəsdə özünəməxsus xarakter formalaşır. Əgər uşaq həyatda özünü təsdiq edə bilmirsə, bu ehtiyacını oyunlarda təmin etməyə çalışır. Bu səbəbdən də oyunlarda uduzduqda çox gərgin, aqressiv və impulsiv olurlar. Bu, yaşdan asılı bir prosesdir. Lakin məktəbəqədər dövrü çıxmaq şərti ilə, bu hal ibtidai sinif dövründə geniş yayılırsa, artıq valideynin narahat olmalı vaxtıdır. Çünki bu, passiv aqressiyanın təməlidir və erkən dövrdən formalaşmağa başlayır.
Valideynlər, əgər uşağın sakitcə telefonla məşğul olduğunu görürlərsə, bu, onun aqressiyasının və narahatlığının olmadığı anlamına gəlməz. Uşaq bunu sadəcə passiv formada göstərə bilər və valideyn bunun fərqində olmaya bilər.
Valideynlər mütləq şəkildə uşağın oynadığı oyunların formatına baxmalıdır. Çünki bu oyunlar bir insanın psixologiyasına ciddi ziyan vura bilər. Qələbə həyəcanı, udmaq istəyi, qarşı tərəfə qalib gəlmək üçün yaşanan gərginlik – bunlar insanın gündəlik emosional balansına ciddi təsir edir. Əgər bir uşağın gündəlik fəaliyyəti yalnız bu cür oyunlar üzərində qurulursa, bu, onun psixologiyasında ciddi pozuntulara gətirib çıxarır.
Uşağın psixoloji inkişaf dövründə həddindən artıq təşviş, aqressiya, gərginlik formalaşmaması üçün valideyn erkən müdaxilə etməlidir. Çünki yeniyetmə dövründə müdaxilə etmək artıq çox çətin olur. Valideynlər uşaqlarının hansı oyunları oynadığına, hansı oyunlardan zövq aldığına diqqət yetirməli, bu yolla uşağın xarakterində formalaşmaqda olan diqqət əskikliyi, qavrama pozuntusu, tez qıcıqlanma, əsəbilik və ümumilikdə nevrotik pozuntuların qarşısını ala bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə