"Yaşlılara münasibət özümüzlə olan münasibətimizin güzgüsüdür" - PSİXOLOQ ŞƏRH ETDİ

"Ətrafımızdakı yaşlı insanları göz önünə gətirdikdə görürük ki, kitabın müəllifi sanki illərlə onlarla birgə yaşamış, onların gündəlik həyatlarını, hisslərini, düşüncələrini dərindən müşahidə etmişdir. Obrazlar o qədər dəqiq və canlı təsvir olunub ki, sanki bu insanları şəxsən tanıyırıq. Müəllifin müşahidə qabiliyyəti, empatiya bacarığı və yaşlı nəslə olan duyğusal bağlılığı oxucuya da sirayət edir. Bu cür obrazlar yalnız uzaqdan baxmaqla deyil, uzun müddət birgə yaşamaqla, hər gün onların dünyasına bir az da yaxınlaşmaqla yaradıla bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bəzən insanlar müraciət edirlər, deyirlər: “Aytən xanım, artıq bacarmıram. Evdə yoldaşımla yola getmirəm, anamın təzyiqi qalxır, çox üzülürəm”. Belə situasiyalarda insan bir tərəfdən oğul, digər tərəfdən ər kimi iki fərqli kimliyin arasında qalıb psixoloji gərginlik yaşayır. Bu cür daxili ziddiyyətlər əslində ailə strukturlarının və münasibətlər sisteminin nə qədər həssas və mürəkkəb olduğunu göstərir: "Uşaqlıqda valideynlərimizin arxasınca getmək, onların bir yerə getməsinə etiraz etmək, arxalarından ağlamaq kimi davranışlar sərgiləyirdik. İndi isə həyat sanki bir bumeranq kimi öz rolunu dəyişir – bu dəfə biz öz ailəmizlə harasa getmək istəyirik və valideynlərimiz bizimlə getmək istəyirlər. Bu istək bizə bəzən yük kimi görünür. Lakin dönüb baxırıq ki, bizim öz övladlarımız da arxamızca gəlmək istəyir və biz onları qəlb rahatlığı ilə aparırıq.

Bəzən uşaqlar deyirlər: “Nənəm ağlayırdı, mən də onun ətəyindən tutub apardım”. Bu cür müşahidələr uşaqların yaddaşında dərin iz buraxır. Vaxtilə nənəsini, babasını özü ilə aparmayan və bu qərarı uşaq ağlı ilə verən bir uşaq, böyüyəndə bu davranışa görə özünü günahkar hiss edə bilər. Bu isə onlarda uzunmüddətli psixoloji narahatlıq – təşviş pozuntusu, güclü günahkarlıq duyğusu və özünütənqid kimi nəticələr doğura bilər. İnsan bu duyğunu illərlə içində daşıyır, bəzən isə ona sözlə belə ifadə verə bilmir.

Qocalığın yalnızlığı, müasir dövrdə ailə dəyərlərinin zəifləməsi, ömür uzunluğunun artması və yaşlı nəslin gündəlik həyatdakı rolu – bütün bunlar bizə bir daha məsuliyyətimizi xatırladır. Bu fərqindəliklə yaşasaq, ailədaxili münaqişələrin qarşısını almaq mümkündür. Həm gəlinlərin, həm də oğulların öz uşaqlıqlarını xatırlaması, keçmişdə valideynlərindən gördükləri qayğını xatırlayaraq onları anlamağa çalışması bu mərhələdə çox vacibdir. Empatiya bəzən tək bir xatirədən doğur, tək bir duyğudan başlayır.

Bir gəlin danışır və deyir: “Uşaqlığım yadıma düşdü. Anamın sevdiyi konfetdən aldım, çay içdik bir yerdə. Əvvəlcə utanırdım, danışmağa çəkinirdim, amma sonra o qədər rahatladım ki…” Bu, çox gözəl bir məqamdır. Çünki insan dinlədikcə, başqasının duyğusuna bələd olduqca özünü də kənardan görməyə başlayır. Psixoloqa müraciət etmək insanın öz “mən”i ilə üz-üzə gəlməsi deməkdir. Bu isə həm daxili güc, həm də tərbiyə məsələsidir. Çünki hər kəs özü ilə bu qədər dürüst ola bilmir. Lakin nəticədə insan qarşısındakı yaşlının dəyərini anlayır, ona açıq qəlblə yanaşır, qıcağını və könlünü ona açır.

Bu cür empatiya, müşahidə və anlayış bir ailədəki münasibətlərin təkcə səthi deyil, dərin qatlarını da dəyişdirə bilir. Unutmayaq ki, yaşlıların varlığı sadəcə keçmişin izi deyil, eyni zamanda gələcəyin güzgüsüdür. Onlara göstərdiyimiz münasibət, əslində, özümüzə necə yanaşdığımızın göstəricisidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə