Tibb işçiləri xəstə ilə vicdansız davranışa görə cəzalandırılmalıdır? - VƏKİL AÇIQLADI
“Son illərdə tibbi xidmətlər sahəsində həm pasiyentləri, həm də həkimləri narahat edən praktiki və hüquqi suallar artıb”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova deyib.
Aysel Əhmədova sözlərinə belə davam edib: “Məsələn, bir xəstə etik olmayan münasibətlə üzləşərsə, ya da səhv müalicə görərsə, bunun hüquqi nəticəsi nə olur? Yaxud, həkim hansı hallarda məsuliyyət daşıyır, hansı hallarda yox? Mövcud qanunlar bir çox əsas məsələləri əhatə etsə də, praktika göstərir ki, bəzi hallarda bu qanunlar ya yetərsiz qalır, ya da çox ümumi şəkildə yazılıb. Bu isə həm pasiyentlər üçün hüquqlarının müdafiəsini çətinləşdirir, həm də tibb işçiləri üçün hüquqi çərçivənin qeyri-müəyyən qalmasına səbəb olur. Bu səbəbdən, mayın 16-da Milli Məclisdə səhiyyə qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan yeni bir qanun layihəsi müzakirə edilərək birinci oxunuşa çıxarılıb.
Milli Məclisin rəsmi saytında yayımlanmış məlumata əsasən, layihə həm Cinayət, həm də İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrinin dispozisiyaları təkmilləşdirilərək səhiyyə qanunvericiliyində müəyyən edilmiş yeni qaydaların pozulması bu hüquqpozmaların obyekti kimi nəzərdə tutulub. Bu baxımdan təqdim edilmiş layihə həyat və sağlamlığın qorunması sahəsində cinayət təqibinin səmərəli həyata keçirilməsinə xidmət etməklə, şəxslərin ən vacib konstitusion hüquqlarından olan sağlamlığın qorunması hüququnun daha effektiv reallaşmasını təmin edəcək.
Hesab edirik ki, bu hal yalnızca qanun dəyişikliyi deyil, həm də cəmiyyətin ən vacib hüquqlarından biri olan “sağlamlıq hüququnun” daha effektiv qorunması üçün atılan mühüm addımdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə