"İnsanlar ictimai yerdə etik qaydalara əməl etməyə borcludur" - RƏYLƏR

“Sakitlik və dinləmə mədəniyyəti haqqında danışaraq sualınıza cavab vermək istərdim həm şəxsi həyatımızda, həm də ictimai yerlərdə çox önəmli bir yer tutur. Bu mədəniyyət, ətrafdakı insanlara qarşı diqqət və hörmət göstərməyi tələb edir. Məsələn, parkda, ictimai nəqliyyatda və ya digər ictimai yerlərdə sakit olmaq, yüksək səslə danışmamaq və ya musiqi dinləməmək, başqalarının rahatlığına önəm vermək deməkdir. Bu, həm də digər insanlara sükunət və rahatlıq təmin edir”. Bu sözləri Etika Akademiyasının direktoru Günel İbrahim SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, dinləmək mədəniyyəti də bu kontekstdə çox vacibdir: “Birinin danışarkən ona diqqətlə qulaq asmaq, sözünü kəsməmək və fikirlərinə hörmətlə yanaşmaq, düzgün ünsiyyətin əsasını təşkil edir. Bu cür davranışlar cəmiyyətdə qarşılıqlı hörmət və anlayışın artmasına kömək edir. Sakitlik və dinləmə mədəniyyəti, insanların bir-birini daha yaxşı anlamasına, konfliktlərin azalmasına və ümumiyyətlə, sosial mühitin daha harmoniya içində olmasına səbəb olur. İctimai yerlərdə belə qaydalara riayət etmək, həm şəxsi mədəniyyətimizi artırır, həm də ümumi sosial nizamı qoruyur”.

Həmçinin məsələ ilə bağlı sosioloq Ağasəlim Həsənov öz fikirlərini bildirib. O qeyd edib ki, mövzu olduqca aktualdır: “İnsanların ictimai yerdə, nəqliyyatda bir-birini gözləməsi, etik qaydalara riayət etməsi qənaət bəxş sayılmır. Apardığımız sosioloji müşahidələr bunu deməyə əsas verir ki, vətəndaşlarımız ictimai yerlərdə və nəqliyyatda etik davranış kodekslərinə o qədər də riayət etmirlər. Məsələn nümunə olaraq deyə bilərəm ki, telefonu səslidə istifadə edən şəxslərə ictimai yerdə olan zaman başqa şəxslər tərəfindən zənglər gəlir. Bu vəziyyət ictimai yerdə olan insanlara narahatlıq yaradır. Bununla yanaşı həmin şəxs zəngi açır və digər insanların narahatlığını düşünmədən rahatlıqla, heç kimə fikir vermədən telefonlar danışır və yaxud göndərilən səsli mesajları açır. Bütün bunlar ictimai yerdə olan digər insanların narahatlığına səbəb olan amillərdir”.

Həmçinin o bildirib ki, vətəndaşlarımız ictimai yerdə olan zaman etik kodeksə və normalara əməl etməyə borcludurlar: “Qaydalara əməl etməyən şəxslər öz düşüncələri ilə hərəkət edən zaman fərdlərarası münaqişələrə gətirib çıxarır. İnsanlar ailə daxilində belə etik normalara riayət etməyə borcludurlar, bunlar ictimai cəmiyyətin qızıl qaydalarıdır. Etik qaydalara əməletmə prosesi təəssüf ki, qənaətbəxş deyil. Məhz bu səbəblərdən fərdlər arasında gündəlik anlaşılmazlıqlar, haqlı narazılıqlar, kobud davranışlar, bir-birinin hərəkətlərinə sərt reaksiyalara, hətta fiziki zorakılıqlara gətirib çıxarır. Cəmiyyətdə harmoniyanın yaranması üçün fərdlər bir-birinin mənafeyini gözləməlidirlər, onların rahatlığını düşünərək hərəkət etməlidirlər, həmçinin ictimai qınaq mövcud olmalıdır. “Uğura gedən yol nizam-intizamdan keçir”, yəni bir fərdin yaxud toplumun uğur qazanması, orda normal yaşam imkanlarının ortaya çıxması mütləq şəkildə qaydalara əməl etməkdən irəli gəlir”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə