"Son dövrlərdə zombiləşdirilmə prosesi aparılır" - SOSİOLOQ DANIŞDI

"Belə bir dilemma normal insanlar üçün mövcud deyil. Biz əgər normal insanlardan danışırıqsa onlar üçün yaradılan təbiətin, sosial mahiyyətin, psixoloji mənəvi, ruhi vəziyyətinin təməl prinsipləri var, onların başında isə ailə dayanır. Ailədən üstün heç bir dəyər yoxdur, ola da bilməz. İnsan həyatında iş və kariyera fəaliyyətinin mövzusudur. Hər hansı bir işdə, sahədə fəaliyyət göstərmək, özünün ehtiyaclarını təmin etmək, cəmiyyətə fayda vermək ideyalarını həyata keçirmək olar. Bunlar ailəyə heç bir maneə törətmir və törədə də bilməz, əgər belə bir hal baş verərsə bundan imtina olunmalıdır". Bu sözləri Sağlam Cəmiyyət Hərakatının rəhbəri Elçin Bayramlı SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, anormal adamlara gəldikdə onlar üçün heç bir dəyər yoxdur: "Yalnız maddi dəyərlər üzərində qurulmuş bir varlıq formasıdır. Bu barədə danışmağa dəyməz, çünki onlar üçün prinsip, qayda, sosial məsuliyyət yoxdur. Sadəcə şəxsi maraq və məqsədləri üçün çalışan, eqoist və narsist insanlar ola bilər. Normal insanlar üçün heç bir problem yoxdur, onlar həmişə öz ailəsini qoruyub saxlayıb, işlərinidə ona uyğunlaşdırır. Məsələn, Sovet dövründə ailələrdə qadın və kişi də ictimai fəaliyyətlə məşğul idilər. Buna baxmayaraq heç bir problem yox idi. Yəni ailə və iş öz yerində idi və heç vaxt bir-birinə maneə olmurdular. Nə vaxtsa maneə olanda isə o işi ya təxirə salırdılar, ya da ki dəyişirdilər. Bu ən sadə və insani prinsipdir. Normal insan həyatda bir-birinə qarşı deyil, paralleldir. Bu xətlər qırırlarsa, o zaman sosial mühit, cəmiyyət dağılır, heç bir dəyər qalmır. Yalnız eqoist fərdlərdən ibarət, heç bir dəyərə malik olmayan məxluqlar formalaşır. İnsan isə tamamilə ruhi, mənəvi varlıqdır, yalnız ət və sümükdən, eqoist maraqlardan ibarət deyil, onun üçün ən yüksək mənəvi dəyər ailədir".

Sosioloq həmçinin qeyd edib ki, normal adam üçün ailə heç bir şeyə qurban verilə bilməz: "Son dövrlərdə onlar üçün heç bir dəyəri olmayan zombilər formalaşır. Əgər heç bir dəyər yoxdursa o zaman yalnız bioloji canlı bir növ kimi formalaşa bilər. Sadəcə karyerası və işi üçün özünün ambisiyalarını, eqosunu təmin etmək üçün mübarizə aparıb, hər şeyi buna qurban verirsə normal sayıla bilməz. İstər psixoloji ədəbiyyatda, istərsə də sosiologiyada, tarix və insanın inkişaf mərhələlərinə, yəni hansı tərəfdən yanaşsaq bu mümkün deyil. Normal insanı keyfiyyətlər baza prinsipləridir və bu əsasda da inkişaf etməlidir. Son dövrlərdə başqa bir tendensiyalar ortaya buraxılaraq zombiləşdirmə prosesləri aparılır. Həmçinin gənclərə sadəcə öz kariyeraları uğrunda mübarizə aparmaq aşılanır. Ailə, dəyər yox yalnız özünüzün gəliri üçün çalışın, lakin bu insan forması deyil. İnsan cəmiyyəti min ildir ki yaşayır, bacardığı və imkan çatdığı qədər ailə sisteminə uyğun işlərini qurur. Hər kəsin öz mənəvi, sosial öhdəlikləri var və onları yerinə yetirməlidir, işini isə ona uyğun qurmalıdır. Digər keyfiyyətlər isə qeyri mənəvi, əxlaqi tendensiyalardır, bunun sonu isə insanın zombiləşdirilməsidir. Ancaq ət kütləsindən ibarət olan eqoist varlığa çevrilməsidir. Başqa cür yanaşmalar insan cəmiyyətinə təhqir, milli-mənəvi dəyərləri çökdürməkdir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə