"Küçədən gələn şəxsləri televiziyanın güzgüsünə çevirirlər" - EKSPERTLƏR TƏNDİQ ETDİ

Hal-hazırda televiziya efirlərində bir çox aparıcıların jurnalistika deyil, fərqli ixtisaslardan olmasının şahidi oluruq.Bəs bu nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı SİA-ya danışan Jurnalist, televiziya tənqidçisi, filologiya elmləri doktoru professor Qulu Məhərrəmli bildirib ki, televiziya aparıcısının jurnalistika ixtisasında olması əsas şərt deyil: "Əsas odur ki, aparıcı verlişi gözəl təqdim edə bilsin. Yüksək intellekti olsun. Tamaşaçı ilə dil tapa bilsin. Etik qaydaları gözləsin. Aparıcı nitqi və davranışı ilə nümunə olmalıdır. Bu baxımdan hesab edirəm ki, aparıcılara ixtisas məhdudiyyəti qoymaq olmaz. Əsas tələb yüksək intellekti olmalıdır. Yüksək nitq mədəniyyətinə sahib olmalıdır".

Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Elçin Bayramlı isə qeyd edib ki, bu gün televiziyalar dedikdə onları 2 kateqoriyaya ayırmaq lazımdır: "Bunlardan bir hissəsi dövlətin nəzarətində olan kanallardır. Həmin kanallarda peşəkar, savadlı kadrların aparıcılıq etməsini görürük. Ciddi, ədəbi, bədii, siyasi verilişlər peşəkarlar tərəfindən aparılır. Amma təssüf ki, özəl kanallarla bağlı eyni sözləri deyə bilməyəcəyik. Özəl kanalların kadr siyasəti tamamilə bərbaddır. Çünki yeganə məqsəd kommersiya maraqlarıdır. Ona görə də, burda kadrların ixtisasına, peşəkarlığına üstünlük verilmir. Daha çox şou, qalmaqal yaradacaq şəxslərə üstünlük verilir. Ona görə, hətta ciddi verlişlərdə də səhvlərə rast gəlirik. Xüsusilə reportyorların, müxbirlərin, aparıcıların hazırladığı verlişlərdə səhvlər olur. Dünyagörüşünün zəifliyi və s. buna səbəb olur.

Ən bərbad vəziyyət isə şou verlişlərdədir. Burada küçədən gələn şəxsləri televiziyanın güzgüsünə çevirirlər. Aparıcı kimi cəmiyyətə nümunə göstərirlər. Onlarda dırnaqarası mədəni səviyyəsini, psixologiyasını cəmiyyətə ötürməklə məşğuldur. Onların qoyduğu mövzularda, çağırdığı qonaqlarda tamamilə biyabırçı vəziyyətdədir.Televiziya efirlərini artıq tamamilə dəlixanaya döndəriblər. Cəmiyyətə ziyan vururlar. Ona görə də Azərbaycan xalqının ən böyük düşmənləri siyahısında özəl televiziyalar da var. Bu baxımdan televiziyaların proqram, kadr siyasəti dövlət tərəfindən ciddi nəzarətdə olmalıdır. Sərt tələblər çərçivəsində olmalıdır. Şərt deyil ki, bütün heyət jurnalistikanı bitirən kadrlar olsun. Başqa sahələrdə də çox savadlı şəxslər var ki, onları televiziyaya cəlb etmək olar. Yüksək səviyyəli kadr bazası televiziyaya pulda qazandıracaq. Baxışda qazandıracaq. Üstəlik auditoriyanın həm mədəni zövqünü həm də informasiya bazasını zənginləşdirəcək. Televiziyaların üç əsas funksiyası var. Maarifləndirmək, məlumatlandırmaq və mədəni istirahəti təşkil etmək. Çox təssüf ki, hər üçündə də bərbad vəziyyətdir. Bununda səbəbi kadr problemidir. Yalnız kommersiya maraqlarıdır. Hər hansısa sosial məsuliyyət yoxdur. Çox təssüf ki, başqa ölkələrdə olduğu kimi bizdə ciddi radio-televiziya nəzarət mexanizmi şurası yoxdur. Kağız üzərində formal bir şey var. Ciddi cəzalandırma mexanizmi olmadığına görə, efir məkanında çox biyabırçı vəziyyətlə üzləşirik".

Müəllif: Seyranə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə