Hər il böyük təbiətşünas alim akademik Həsən Əliyevin anadan olması günü ölkəmizdə təntənə ilə qeyd olunur. Çünki özündən sonra xalqına ölməz ekoloji mənəvi irs qoyan böyükalim Azərbaycan təbiətinin patriarxı kimi şöhrət qazanmışdı. Bununla belə akademik nəinki füsunkar və dünyada bənzəri olmayan Azərbaycan təbiətinin mühafizəsinə xüsusi önəm verir, həm də təbii sərvətlərin qorunub gələcək nəsillərə bütün incəlikləri ilə çatdırılmasına ümumdövlət əhəmiyyətli iş kimi baxırdı. Yəni demək istəyirik ki, Həsən Əliyev həm öz kəsərli publisistik sözü və elmi, həm də əməli işi ilə doğma təbiətə xidmət edirdi. Başqa sözlə desək, o təbiətin qənimləri ilə vuruşur, həyəcan təbili çalırdı. Onun “Həyəcan təbili” adlı kitabı bu baxımdan təbiətşünaslığa ən dəyərli elmi töhfədir. Bu kitab bütün xalqı ölkə təbiətinə qorunmasında, mühafizəsində, bir sözlə ekoloji tarazlığın təbii olaraq qorunub saxlanmasında bütün səyləri birləşdirməyə güclü çağırış kimi səslənir. Arada illər keçib, zaman dəyişib, lakin kitabın elmi dəyəri, kəsərli sözü isə ildən ilə öz tərafətini saxlayır.
Dünya şöhrətli alim parlaq bir həyat yaşayıb, xalqa, vətənə göstərdiyi misilsiz xidmətləri ilə əvəzsiz örnəyə, məktəbə çevrilib. Onun keçdiyi həyat yolu da fikirlərimizi bir daha təsdiqləyir.Belə ki, Həsən Əliyev Azərbaycan EA-nın yaradılmasından sonra elmi kadrların hazırlanmasına böyük əmək sərf edib. Eyni zamanda, akademiyanın torpaqşunaslıq və coğrafiya bölmələrinin qurulmasında da mühüm rol oynayıb.
Azərbaycanın görkəmli təbiətşünas alimi, Respublika Dövlət Mükafatı laueratı, Əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyev ölkəmizdə çoğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin aşkarlanmasında müstəsna xidmətlər göstərib. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri uğurlahəyatakeçirib.
O dövrdə dünyanın bir çox ölkələrində, o cümlədən, keçmiş SSRİ-də ətraf mühitin çirklənməsi geniş yayılmışdı. Belə bir şəraitdə bir qrup qabaqcıl alim ətraf mühitin mühafizəsinin zəruriliyini elmi biliklərlə əsaslandırırdı. Onların arasında akademik Həsən Əliyev də vardı. O, ətraf mühitin mühafizəsi işinə hələ 1955-ci ildə Azərbaycan EA-nın təbiəti mühafizə üzrə komissiyasında sədr kimi başlamışdı. Sonralar görkəmli alimin təşəbbüsü ilə akademiyanın Coğrafiya İnstitutunda təbiətin mühafizəsi şöbəsi açılmış və ona institutun direktoru akademik Həsən Əliyev özü rəhbərlik etmişdi. Ətraf mühitin mühafizəsi ilə əlaqədar böyük alimin elmi düşüncələri, narahatlıqları məhz onun “Həyəcan təbili” kitabında öz əksini tapmışdı. 1982-ci ildə işıq üzü görən bu kitab, həqiqətən, füsunkar, zəngin flora və faunaya malik Azərbaycan təbiətinin mühafizəsinin zəruriliyi ilə əlaqədar çalınan həyəcan təbili idi. Təsadüfi deyil ki, akademik öz fikirlərini oxucuları ilə bölüşərək yazırdı: “Əlimə qələm alarkən torpağın tədqiqindən başladım. Bəs torpağın dərdi? Torpağın dərdi çoxdur. Onu düşünmək, görmək və hiss etmək lazımdır. Torpaq dilə gəlib şikayətləndi. Kimdən? “Özünün süd verib, bəslədiyi” insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından biri kimi haray saldım, dövrü mətbuatda məqalələrlə çıxış etdim, dedim ki, qoy səsimi hamı eşitsin. Oxucular səsimə səs verdilər. Dedilər ki, “təbil çal”, qoy hamı eşitsin. Kitabın adını da nəşriyyat, dostlarım qoydular: “Həyəcan təbili”. Dedilər ki, “Həyəcan təbili”ni haradan asaq ki, hamı eşitsin. Dostlarımdan biri dedi: “Həyəcan təbili”ni insanların qulağının dibindən asmaq lazımdır...”.
Publisist alim meşəni haqlı olaraq “həyat mənbəyi, yaşıl ciyər”, havanı təmizləyən və tənzimləyən əvəzsiz sərvət, torpağın xilaskarı adlandıraraq yazırdı: “Meşə sudur, su məhsuludur, məhsul isə həyatdır... Meşəni, Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur. Yaşıllığa ölçüsüz - biçisiz hücum insana qarşı yönəldilmiş ən ağır müharibədir... Düşmən hər hansı bir ölkəyə hücum edəndə birinci növbədə onun adamları ilə bərabər meşəsini də qırır. Meşəsi məhv olmuş milləti, xalqı, torpağı təslim etmək, məhv etmək asandır. Meşə xalqın sərvətinin tacıdır, meşəsiz torpaq yazıqdır, səqirdir, miskindir...”.
“Həyəcan təbili”ndə mineral suların, batırılan bulaqların, azalmış balıqların, meyvə bağlarının...vəziyyətindən geniş bəhs edilir. Müəllifin harayı bir sahə ilə məhdudlaşıb qalmır, təbii sərvətlərimizin müxtəlif guşələrinə yayılır. Alim-publisist xalqa arxalanıb deyir: “Düşmən torpağımıza hücum edəndə hər şeydən qabaq bulaqları qoruyun. Bulaqlar əlimizdə qalsa, düşməndən qorunmaq asandır. Düşmənə hücum edəndə ən əvvəl içməli sularını əlindən alın. Sudan məhrum olan düşməni əzmək asandır”.
Kitabda daha sonra oxuyuruq: “Quş səsi olmasaydı təbiət lal-kar olardı. Quşlar təbiətin ən canlı, poetik bir aləmidir. Quşsuz təbiət, mizrabsız tara bənzər”. Çox obrazlı və poetik deyilib. Təkcə təbiət deyil, insanlar da quş səsindən, avazından çox şey əxz ediblər. Meşəsiz, bağ - bağatsız quşların çoxalacağını, artacağını da təsəvvür etmək çətindir. Kitabda alim bir qədər patetik şəkildə soruşur ki, nə üçün Almaniya meşələrində maral, cüyür, qaban, dağ keçisi sürü ilə gəzdiyi halda, bizim meşələrdə bunlar barmaqla sayılsın? Hətta yaşlı adamların söylədiklərinə əsaslanıb göstərir ki, lap bu yaxın keçmişə qədər Qarabağ, Mil, Muğan və Şirvan düzənliklərində addımbaşına ceyran sürüləri ilə rastlaşmaq olardı...
Həsən müəllim təbiətə qarşı son dərəcə həssas və qayğıkeş münasibət bəsləyirdi. Təbiətlə bağlı heç bir şey onun nəzərindən qaçmırdı. Məlum olduğu kimi, Narbənd ağacı nadir ağaclardan sayılır. Deyilənə görə, o, bir dəfə Naxçıvanda olarkən yolu Böyük düzdən keçir. Onun nəzərini cərgələnən Narbənd ağaclarının tüstüləndiyi cəlb edir. Yaxınlaşıb görür ki, hansısa nadan ağaclara od vurub. Minillik tarixə malik olan bu nadir ağacların həyatına bir azdan son qoyulacaqdı. Şok vəziyyətə düşən alim ağacların xilası üçün yollar düşünsə də, real təhlükədən onları qurtara bilmir. Ağacların fəryadına kömək edə bilməyəcəyini düşünəndə, hətta özünü danlayır. “Hardasan, ay Mirzə Cəlil” - deyə, dərindən köks ötürür. Başını qucaqlayıb ağaclarla bir yerdə fəryad edir. Bu məqamda onu dindirən olsaydı, yəqin ki, uşaq kimi hönkür - hönkür ağlayacaqdı...
Akademik Həsən Əliyevin elmi fəaliyyətini statistik rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, o, 500 elmi əsərin, onlarla kitab və monoqrafiyanın müəllifi olub. Alimin rəhbərliyi sayəsində ölkəmizdə 40 - a qədər elmlər namizədi, 8 elmlər doktoru yetişib. Həsən müəllimin elmi varisliyini bu alimlər nəsli qoruyaraq, inkişaf etdirib. Torpaqşünaslıq, coğrafiya, əkinçilik, təbiəti mühafizə və digər elmi istiqamətlərdə aparılan tədqiqat işləri öz bəhrəsini verib. Respublikamızda bu sahələrdə elmi sistemlər qurulub və praktik fəaliyyət uğurlu nəticələr verib.
Həsən Əliyev yalnız elmi fəaliyyətlə kifayətlənməyib, elmin təbliği və cəmiyyətin maarifləndirilməsi ilə bağlı mühüm işlər görüb. Hələ 1925 - ci il oktyabr ayının 5 - də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cü ildə “Molla Nəsrəddin” jurnalında “Müəllim lazımdır” məqalələrini dərc etdirib. Bu fəaliyyətin içtimai əhəmiyyətini yüksək dəyərləndirərək, ömrü boyu davam etdirib.
1975-ci ildə yaratdığı “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmaqla əhalinin ekoloji təfəkkürünün formalaşmasında xüsusi fəallıq göstərirdi. Bu mətbu orqanı əhalinin ekoloji cəhətdən maariflənməsində mühüm rol oynamışdır.
Akademik Həsən Əliyevin 1970 - ci ildən etibarən elmi fəaliyyətinin yeni dövrü başlanıb. Bu mərhələdə onun “Meşələrin torpaq prosesinə təsiri”, “Azərbaycanın Kür boyu Tuqay meşələri”, “Yaşıl sərvətin keşiyində”, “Naxçıvan MSSR-nin torpaqları”, “Böyük Qafqazın torpaqları”, “Azərbaycanın torpaq ehtiyatları, onlardan səmərəli istifadə olunması və qorunması” və s. kimi dəyərli kitabları nəşr olunub. Alimin əsərləri keçmiş SSRİ-nin sərhədlərini aşaraq, ABŞ, Fransa, Belçika, Şərqi Avropa ölkələri, Vyetnam və Yaponiyada geniş içtimaiyyətə çatdırılıb. Onun əsərləri dünyanın 20-yə yaxın ölkələrində çap olunub. O, dünyanın ən tanınmış alimləri ilə elmi əlaqə saxlayır. Onların əsərlərini alır, onlara elmi rəy verib. Amerikanın məhşur alimi Harris Sovet ittifaqında coğrafiya elminin inkişafına həsr etdiyi böyük həcmli monoqrafiyanın əlyazmasını rəy üçün Akademik Həsən Əliyevə göndərir. Görkəmli Azərbaycanlı alimin faydalı, elmi düzəlişləri Amerikalı alimi çox razı salmışdı və həmin əsər 1975-ci ildə çap olunmuşdur.
Həsən Əliyevin bir şəxsiyyət kimi böyüklüyü təkcə onun tədqiqatları, elmi kəşfləri, humanistliyi, vətənpərvərliyi ilə məhdudlaşmayıb. O, qəlbinin hökmü ilə doğma Azər baycanın kənd və qəsəbələrini qarış - qarış gəzərək, insanlarla görüşüb, problemlərini öyrənib, onları təbiətin mühafizəsi ilə əlaqədar maarifləndirib. Eyni zamanda, dünyanın əksər ölkələrində beynəlxalq elmi konfranslara, forumlara dəvət alaraq, doğma Azərbaycanı, onun füsunkar təbiətini elmi məruzələri ilə təbliğ edib.
Akademik Budaq Budaqovöz xatirələrində qeyd edirdi ki, akademik Həsən Əliyev Azərbaycan vətəndaşlarını sevdiyi kimi, vətənin hər bir çiçəyini də, çəmənini də, ağacını da, heyvanat aləmini də, ümumən landşafını da ürəkdən sevirdi. Akademik Həsən Əliyev təbiətə yara vuranları sevməzdi. Çünki təbiət qara sevmir. Azərbaycan təbiətinə qayğısızlıq xalqımıza olan qayğısızlıq deməkdir. Akademik Həsən Əliyev Azərbaycan təbiətinə vurulan və ya vurula biləcək hər bir ziyanın qarşısını almaq üçün həm müvafiq dövlət orqanlarını, həm də xalqı səsləyirdi. Akademik Həsən Əliyev təbiətin hər növ deqradasiyasının qarşısını almaq üçün təbiətindən irəli gələn kəskinliklə üsyan səsini ucaldırdı. Təbiətin bir hissəsinin zədələnməsi başqa təbii kompleksləri də çəkərək öz arxasınca aparıb. Bu səbəbdən də akademik Həsən Əliyev təbiətin bütün təbii komplekslərinin eyni vaxtda qorunmasına can atırdı. Akademik Həsən Əliyevin fikrincə, təbiəti qorumaq həm dövlətin, həm də hər bir vətandaşın işi olmalıdır. XIX əsrin təbiətinin qorunması Həsən Bəy Zərdabisiz, XX əsri isə Həsən Əliyevsiz təsəvvür etmək mümkün deyil. Hər iki dahi şəxsiyyət təbiəti elmi əsaslarda tətqiq etmək, onu ciddi mühafizə etmək ideyası ilə yaşayır və yaradırdı.
Xalq şairi Məmməd Araz isə yazırdı ki, Həsən Əliyev böyük alim, böyük vətəndaş və böyük insan idi. O, həm də dünya miqyasında tanınan alimlərimizdəndir. Dünya səviyyəsində təbiəti mühafizəyə, ekologiyaya dair keçirilən elə mühüm yığıncaq olmazdı ki, Həsən Əliyev ora dəvət olunmasın, orada çıxış eləməsin. O, şeiri- sənəti gözəl başa düşən, şair qələminə dərin hörməti olan bir ziyalı, çox sərrast qələmi olan jurnalist idi. XIX əsrin 20-ci illərinin sonlarında “Molla Nəsrəddin” jurnalının fəal əməkdaşı olmuşdu. O, heç vaxt bu harədə danışmazdı. Hərdən o illərdən xatirə söyləyərdi. Azərbaycan torpağını isə qarış-qarış gəzən, öyrənən tədqiqatçılardan biri, bəlkə də birincilərdən biri idi. O, təkcə yazmırdı, fədqiq etmirdi; bir əli qələmdə, bir əli telefonun dəstəyində nə isə deyirdi, göstəriş verirdi, təbliğ edirdi, təkid edirdi, uçuruma gedən hansısa təbiət parçasını ölümdən xilas edirdi. Bir gün Həsən müəllimlə onun maşınında Lənkəranın Qızılağac qoruğuna yola düşdük.Yolboyu şirin, duzlu söhbətlər edir, gülümsəyir, əsəbləşdiyi anlar da olurdu. Ceyranların kökü kəsilir- deyir, Vurğununun misralarını xatırlayırdı. Qızılağac qoruğunda dünyanın min bir quş növü var idi. Birinci dəfə görürdüm: sehirli – möcüzəli bir aləm! Suların üstə, qamış şaxlarında , cığırlarda, qayalarda və balaca daşların böyründə quşlar yuva tikmişdilər. Quşların və çiçəklərin gözəllik sərgisiydi. Həsən müəllim quşların, çiçəklərin, ağacların adlarını deyir, xasiyyətini təsvir edirdi. Danışdıqca saflaşır, təbiətləşirdi...
Akademikin xatirəsinə ən böyük abidə bu gün Azərbaycan təbiətinin yaşıllaşdırılmasına göstərilən qayğıdır, təbiətin sağlamlaşdırılmasıdır. Respublikamızda Prezident İlham Əliyevin ətraf mühitin, xüsusilə yaşıllıqların mühafizəsi və artırılması ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Nazirliyin yerli qurumlarının təşkilatçılığı ilə davamlı şəkildə ağacəkmə kampaniyası keçirilir. Yaşıllaşdırma, abadlıq, səliqə - sahman yaratmaqla görülən işlər ölkəmizin ekologiyasının sağlamlığına və insanlarımızın rahatlığına xidmət edir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da ekologiyamıza, təbiətimizə sistemli qayğısı göz önündədir. Mehriban xanımın bu sahədə gördüyü işlər nəinki ölkəmiz, həm də bütün dünyanın təbiətsevərləri üçün əvəzsiz örnəkdir.
Onu da qeyd edim ki, bu gün gəncliyin təbiətə qayğısı kimi IDEA İctimai Birliyinin ekoloji layihələri çərçivəsində aparılan yaşıllaşdırma işləri, habelə on minlərlə ağacın əkilməsi təbiətin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına dəyərlitöhfədir.
Akademik Həsən Əliyev öz əsərlərində Qarabağ təbiətini Azərbaycan təbiətinin tacı kimi dəyərləndirirdi. Təəssüf ki, zəngin bioloji müxtəlifliyə malik bu təbiət otuz il işğalda qaldı. Lakin ürəyi Vətən sevgisi ilə döyünən böyük alim bu ağrını özüylə apardı, başqa sözlə desək Qarabağın azad təbiətini görə bilmədi. İndi isə talançılığa məruz qalan bu təbiət dirçəldilir. Təbii ki, həyatı vaxtsız tərk edən alim – ekoloqlar kimi Həsən Əliyevin bu gün ruhu şaddır.
Ömrünü Azərbaycan təbiətinin qorunmasına, zənginləşdirilməsinə həsr etmiş akademik Həsən Əliyevin fəaliyyəti əsl tərbiyə və nümunə məktəbidir. Bu məktəb Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin inkişafında, bir sıra yeni elmi istiqamətlərin müasir simasının müəyyənləşməsində önəmli rol oynayır və xalqımız, dövlətimiz tərəfindən yüksək dəyərləndirilir.
Həsən Əliyev bu gün həyatda olmasa da onun mənəvi irsi, ölməz ideyaları yaşayır. Böyük alimin illər öncə söylədiyi fikirlər, təbiətin yaraları ilə bağlı çaldığı “Həyəcan təbili” bu gün daha gur səslənir, hətta coğrafi sərhədləri aşaraq narahat və ekoloji problemlərə məruz qalan dünya xalqlarının təbiət marşına çevrilib. Təsadüfi deyil, doğma Bakının ev sahibliyi etdiyi COP 29 Beynəlxalq sammitdə əldə olunan nəticələrinin kökü də məhz onun elmi mülahizəlrindən, zəngin mənəvi irsindən irəli gəlir. Cənab Prezidentin müvafiq sərəncamına əsasən həyata vəsiqə alan və artıq tarixə qovuşan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər də əslində böyük alimin ümumbəşəri vüsət kəsb edən fikirləri ilə həmahəng səslənir.
Təbiəti Həsən Əliyevsiz, Həsən Əliyevi təbiətsiz təsəvvür etmək mənim üçün çətin olsa da, böyük alimin həyat yolundan, Vətən qarşısında xidmətlərindən qürur duyan bir ekoloq, qələm sahibi kimi duyğu və düşüncələrimi poetik misralara çevirərək oxucularımın diqqətinə çatdırmağı özümə mənəvi borc bilirəm:
Çəkir həsrətini ana təbiət,
Eşqini qəlbindən silə bilməyir.
Bəlkə də səninçün qəribsəyibdir,
Bahar sevincini bölə bilməyir.
Hər yer sənə doğma, hər tərəf tanış...
De, kim təbiətdən zövq almayıbdı.
Gəzdin doğma yurdu sən qarış-qarış
Ayağın dəyməyən yer qalmayıbdı.
Ən yaxın bir sirdaş, sadiq dost kimi
Meşələr üstünə qucaq açardı.
Sənə həmdəm idi günəş də, ay da,
Nuru yollarına işıq saçardı.
Bu gün Cənubdaydın, sabah Şimalda...
Sevgi atəşiylə qəlbin yanardı.
Yanına gələrdi cüyür, maral da,
Quşlar lap çiyninə uçub qonardı.
Dağlar əzizlərdi öz qonağını,
Dərələr neçə sirr açardı sənə.
Ərməğan edərdi buz bulağını
Bürküdən qovrulan təşnə qəlbinə.
Qəlbində tükənməz təbiət eşqi
Gəzdin bu torpağı min saf diləklə.
Bağlar süfrə açdı bir qonaq kimi,
Çəmənlər qarşına çıxdı çiçəklə.
Gördün təbiətdə, ey böyük insan,
Vətən sevgisini, məhəbbətini.
Nə yaxşı görmədin işğalda qalan
Gözəl Qarabağın təbiətini.
“Həyəcan təbili”n elmə bir töhfən,
Alim tək qüdrətin, qiymətin vardır.
Keçdi ömür yolun neçə ölkədən,
Dünyada sərhədsiz şöhrətin vardır.
Sənin həyat yolun əzab, əziyyət
Böldün təbiətlə dərdi - sərini.
Yaydın bu dünyaya sən kitab-kitab
Təbiətlə bağlı fikirlərini.
Elmi tədqiqatın, axtarışların
Neçə-neçə elmi kitaba döndü.
Sənin bir alimtək adın - sanınla
Xalqın qürur duydu, xalqın öyündü.
Heç nə unutdurmur bil, yoxluğunu...
Dağların başını vaxtsız qış alıb.
Təbiət axtarır sadiq dostunu,
İllər ötüb keçir... yerin boş qalıb.
BəxtiyarHüseynov,
ETSN-in 1 saylı Regional İdarəsinin əməkdaşı,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Yazıçı-ekoloq
Bütün xəbərlər Facebook səhifəmizdə