“Qeyri-infeksion xəstəliklər arasında ürək-damar sistemi xəstəlikləri geniş yayılıb“ - MÜSAHİBƏ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Vətəndaşlar icbari tibbi sığorta ilə hansı diaqnostik xidmətlərdən istifadə edə bilərlər?
- İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 3315 tibbi xidmət qarşılanır. Vətəndaşlar bu xidmətlər sırasında xəstəliklərin erkən diaqnostikası üçün nəzərdə tutulan funksional, instrumental və laborator müayinələrdən tibbi göstəriş əsasında istifadə edə bilərlər. Müalicənin effektivliyinin artırılmasında erkən və dəqiq diaqnostikanın rolu çox əhəmiyyətlidir. Vətəndaşlar bu diaqnostik xidmətlərdən yararlanaraq orqanlarının vəziyyətini yoxlaya, dəqiq diaqnostikanı, , orqanizmdəki kimyəvi və fiziki prosesləri öyrənə, həmçinin patoloji dəyişikliklərdən vaxtında xəbərdar ola bilərlər.
- Bu xidmətlərdən icbari tibbi sığorta hesabına necə yararlanmaq mümkündür?
- İcbari tibbi sığorta hesabına tibbi xidmətlərdən istifadə emtək üçün tək şəxsiyyət vəsiqəsi ilə TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri və ya Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi-tədqiqat institutlarından birinə müraciət etmək kifayətdir. İxtisaslı həkim pasiyenti müayinə etdikdən sonra diaqnozun dəqiqləşdirilməsi üçün lazımi müayinə metodlarını göndəriş vərəqəsi əsasında təyin edir.
- Funksional diaqnostika nədir? Bura hansı xidmətlər daxildir?
- Funksional diaqnostika orqanların funksional vəziyyətini, işləmə qabiliyyətini qiymətləndirmək üçün bir sıra tibbi müayinələr və testlər toplusudur. Orqanizmin müxtəlif fizioloji sistemlərini, xüsusilə ürək-damar sistemi, sinir sistemi, həzm sisteminin funksional vəziyyətini dəyərləndirmək diaqnostika ilə mümkündür. Məqsəd orqanizmin fəaliyyətində pozuntuları müəyyənləşdirməkdir. Bu müayinələr xəstəlikləri erkən mərhələdə aşkar etməklə yanaşı, xəstəliyin ağırlıq dərəcəsini təyin etməyə və müalicənin effektivliyini ölçməyə imkan yaradır. Funksional diaqnostik xidmətlərə müxtəlif orqanların və sistemlərin funksional vəziyyətini dəyərləndirən metodlar daxildir. Bunlar əsasən ürək və beyin fəaliyyətini, ağciyərlərin və eşitmə qabiliyyətinin funksional vəziyyətini dəyərləndirmək üçün istifadə olunan müayinə metodlarıdır. Ən geniş yayılanlar arasında elektrokardioqramma (EKQ), ürəyin ultrasəs müayinəsi olan exokardioqrafiya, ürək-damar sistemini fiziki gərginlik altında qiymətləndirən tredmil testi, 24 saatlıq ürək monitorinqi aparan Holter, baş-beynin elektrik aktivliyini ölçən elektroensefaloqrafiya və ağciyərlərin funksional vəziyyətini təyin edən spirometriya gəlir. Həmçinin, audiometriya eşitmə qabiliyyətini, densitometriya isə sümük toxuma sıxlığını ölçmək üçün istifadə edilən əsas funksional diaqnostika metodlarındandır.
- Ən çox hansı funksional diaqnostik xidmətdən istifadə olunur?
- Dünyada, eləcə də ölkəmizdə qeyri-infeksion xəstəliklər arasında ürək-damar sistemi xəstəlikləri geniş yayılıb. Bu səbəbdən ən çox üz tutulan müayinə metodları arasında kardioloji diaqnostikanın əsas metodlarından olan EKQ-yə rast gələ bilərik. Əlavə olaraq, ürək-damar sistemi problemlərini müəyyən etmək üçün exo-kardioqrafiya, holter monitorinqi, tredmil-testi kimi digər müayinə üsullarından da istifadə olunur.
- Funksional diaqnostikanın zərərləri varmı? Funksional diaqnostik müayinələr hansı yaş qruplarında aparılır?
- Funksional diaqnostik müayinələrin digər metodlardan fərqi ondadır ki, orqanizm üçün zərərləri aşkarlanmayıb. Bu səbəbdən hər yaş qrupunda, o cümlədən uşaqlarda da həm əsas, həm də köməkçi müayinə üsulu kimi istifadə edilir və təhlükəsizdir. Məsələn, ürək qüsurlarında, xüsusən uşaqlarda dəqiq diaqnoz təyin etmək üçün EXO-KQ-nin əhəmiyyəti böyükdür. Ürəyin anadangəlmə və qazanılma qüsurları zamanı EXO-KQ və rəngli Doppler EXO-KQ vasitəsilə qüsurların ağırlıq dərəcəsini, ürək çatışmazlığının ağırlıq dərəcəsini dəqiq qiymətləndirmək mümkündür.
- Xəstəliklərin erkən aşkalanmasının önəmini vurğuladınız. Son dövrlərdə geniş yayılmış şişönü xəstəliklərin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır?
- Bəli, icbari tibbi sığorta şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. Xidmətlər Zərfinə daxil olan müayinə metodları bədənin daxili strukturlarını dəqiq şəkildə göstərərək şişönü dəyişiklikləri vaxtında aşkarlamağa imkan verir. Xidmətlər Zərfinə daxil olan əsas müayinə metodlarından biri maqnit rezonans tomoqrafiyadır (MRT) ki, bu metod bədənin daxili strukturlarını detallı şəkildə göstərir və şişönü dəyişiklikləri aşkar etməyə kömək edir. Kompüter tomoqrafiyası (KT) isə şişlərin yerini və ölçüsünü dəqiq müəyyənləşdirir, xüsusən bərk toxumalarda istifadə edilir.
Mədə və onikibarmaq bağırsaqda şişönü dəyişikliklərin aşkarlanması üçün qastroskopiya tətbiq olunur, bu metod mədə-bağırsaq traktının yuxarı hissəsinin görüntülənməsini təmin edir və şişlərin erkən mərhələdə aşkar olunmasına şərait yaradır.
Mammoqrafiya isə süd vəzilərinin müayinəsini təmin edən əhəmiyyətli bir üsuldur və bu metodla süd vəzilərində xərçəngönü xəstəliklər erkən mərhələdə aşkarlanır. Bu diaqnostika metodları patoloji dəyişikliklərin vaxtında müalicəyə alınması ilə gələcəkdə bədxassəli xəstəliklərin qarşısının alınmasına imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə