"İşsizlik problemi ilə bağlı sual eşidəndə ürəyim ağrıyır" - MÜNASİBƏT BİLDİRİLDİ

"İşsizlik probleminin nə zaman həll olunacağı ilə bağlı sual eşidəndə ürəyim ağrıyır". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, çünki 1994-cü ildə işsizlik probleminin həll olunması ilə bağlı böyük bir təkliflər paketi hazırlamışdım: "Bu gün də təkliflər paketi öz qüvvəsindədir. Amma o vaxt mən səlahiyyətli, mühüm bir elmi mərkəzin rəhbəri olaraq bunu ortaya qoyanda ətrafdan o qədər üstümə gəldilər ki, gözümü açmağa imkan vermədilər. Sonra da mərkəzimi ləğv etdilər. Bəzi məmurlar, öz mənafeyini güdən adamlar bunu etdilər. Amma yenə də 1994-cü ildə təklif etdiyim proqramı istifadə etsələr, işsizlik problemini həll etmək olar.

Kəndlərdə xeyli torpaqlarımız var. Bu torpaqlarımızın bəzən 100, 50 hektarını, çəpərləyib özününküləşdirənlər var. Belə bir kvota müəyyənləşdirə bilərik ki, kimin nə qədər torpağı varsa, ona uyğun olaraq iş yerləri də hazırlamağa borcludur. İş yeri hazırlaya bilmirlərsə, bu torpağı zəhmət çəkib dövlətə versinlər. Onun üçün də çalışmaq lazımdır ki, orada iş yerləri açılsın, təsərrüfat yaradılsın. Edə bilmirlərsə, torpağı təhvil versinlər.

İkincisi, biz kənd yerlərində insanlara çox aşağı, simvolik faizlə kredit verə bilərik. Bu krediti verəndə də müqavilə bağlaya bilərik ki, bunun əvəzində hər hansı kənd təsərrüfatı məhsulunu istehsal etsin. Bununla planlaşdırırıq ki, hər rayonun özünə uyğun olaraq məhsulları olsun. Geri qaytarmayanda cəzası verilsin. O zaman hər bir rayonda xeyli məhsul istehsal edən xeyli fabrik, zavod tikə bilərik. Konserv zavodları dünya standartlarına uyğun məhsul istehsal edər. Biz tomat pastasından tutmuş, mürəbbələr daxil olmaqla xeyli müxtəlif məhsul istehsal edə bilərik. Azərbaycanda xeyli eqzotik mürəbbələr ortaya qoymaq olar. Məsələn, qarpız mürəbbəsi, balqabaq mürəbbəsi, badımcan mürəbbəsi, pomidor mürəbbəsi, qoz, qovun mürəbbəsi yüksək standartlara uyğun olanda Avropa bazarı onlar üçün açıqdır. Ölkədə son zamanlar normal turşu da görmürük".

"Azərbaycan torpağı elədir ki, xeyli məhsul var. Biz əgər elə şərait yaratsaq ki, kənddə camaat başını aşağı salıb kənd təsərrüfatı məhsulu istehsal etsin, başqa qayğılarla məşğul olmasın, o zaman ölkədə tamam başqa mənzərə yaranar. Hələ 1992-ci ildə müsahibə vermişəm ki, biz elə şərait yaratmalıyıq ki, kəndçi məhsul istehsal etsin. Onun məhsulunu alan şəbəkə olmalıdır. Kəndçi o qayğını yaşamamalıdır ki, traktoru, gübrəsi yoxdur, kredit almaq problemi var. Bunların hamısına kömək etmək lazımdır. Çünki 2-3% kredit ilə dövlət xeyli qazanır. Azərbaycanda kənd təsərrüfatı məhsulu o qədər ola bilər ki, dövlət onun ixracı ilə bağlı daha çox pul qazanar. Buradan banklara da müəyyən faiz verilə bilər. Bunlarla bağlı böyük bir paketi 1992-ci ildə hazırlayıb, 1994-cü ildə təqdim etdim. Üzərindən 30 ildən çox keçib.

Mən dediyim işlər görülmür. Sosioloqam, bu işləri təhlil edən adamam. Bu işləri qaydası ilə görməyəndən sonra nə vaxt həll olunacağını demək olmaz. Həll etmək üçün qaydası ilə görmək lazımdır. Maraqlanan təşkilat varsa, gedim orada təqdimat keçim. Yoxsulluq problemini həll etməyin üsulunu 1992-ci ildən deyirəm" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə