“Bir qisim mentaliteti lazımsız, bir qisim isə lazımlı hesab edir. Əslində mentalitet bir etnik qrupa, millətə xas dəyərlərdir, lakin onu cəmiyyətin inkişafına mane olan yazılmamış qaydalar kimi xarakterizə edən də var. Əksər hallarda bu insanlar ya gənclər olur, ya da postmodernist düşüncəli insanlar”. Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının eskperti Lalə Mehralı deyib.
O bildirib ki, mentalitet insanı öz kökünə bağlayan dəyərlərdir: “Mentalitet böyüyə hörmətdir, vətənə sevgidir, ailəyə diqqətdir. Mentalitet bizi müasirlikdən ayırmır, əksinə mental dəyərləri çağdaş dövrə transformasiya edə bilmək lazımdır ki gənclər onunla uzlaşa bilsin. Müasirlik milli kökü, adət-ənənəni, dini dəyərləri itirmək demək deyil, adət-ənənə, milli-mənəvi kökümüz elə müasirlik ənənələrinin fonunda da var ola bilir. Düzdür, zaman dəyişdikcə hər bir cəmiyyətə xas olan insanın psixologiyası, yaşam tərzi, milli dəyər anlayışı da müəyyən qədər dəyişə bilər. Nəsillərin dəyişilməsi ilə mental dəyərlər, o dəyərlərin mahiyyəti də dəyişir.
Ailə və ağsaqallıq institutları, doğma dil, din, əxlaqi və mental dəyərlər əslində bir cəmiyyətin milli-mənəvi sərvəti, şansıdır. Sarsılmaz dövlətlər bu dəyərlər üzərində yaranır və inkişaf edir. İndi o dövlətlər güclüdür ki, onlar tarixləri ilə bu günlərinin sintezini düzgün qura biliblər. Mentaliteti köhnəlik kimi qələmə verənlər əslində o dəyərlərin nə olduğunu bilməyənlərdir. Adət, ənənə, mental dəyərlər bir milləti kökündən qopmağa qoymayan amillərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə