"Heç bir dövlət orqanı tərəfindən monitorinq aparılmır" - QURUM RƏSMİSİ DANIŞDI

“Ekoloji təmiz məhsullara dair heç bir dövlət orqanı tərəfindən monitorinq aparılmır. 2009-cu ildə Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında qanun qəbul olunub. Bu ilin əvvəlindən etibarən isə həmin qanunun ləğv edilməsi üçün dövlət orqanları tərəfindən böyük kampaniya başladıldı. Lakin Azad İstehlakçılar Birliyi, KİV və Gəncə Aqrobiznes Assosiasiyası başda olmaqla sözügedən məsələ ilə əlaqədar iş aparıldı, parlamentdə görüşlər keçirildi və qanunun ləğv olunmasının qarşısı alındı”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilməsinə dair Qərb zonasında böyük təşəbbüs var: “Lakin həmin sahədə heç bir monitorinq aparılmır, yoxlamalar getmir. Əslində bu məsələ AQTA-nın nəzarəti altında olmalıdır. Adıçəkilən qanunda genetik modifikasiya olunmuş orqanizmlər ekoloji təmiz olmayan məhsul hesab olunur. Lakin AQTA-nın bəzi nümayəndələri qida təhlükəsizliyi haqqında qanunun 25-ci maddəsinə genetik modifikasiya olunmuş orqanizmlərin yoxlamadan keçdikdən sonra heyvanlar üçün yem olaraq gətirilməsinə icazə verən maddə daxil etdilər. Azad İstehlakçılar Birliyi həmin maddənin qanundan çıxarılması üçün iş aparsa da məsələnin tam həllinə nail olunmadı.

Hazırda quşçuluq, heyvandarlıq təsərrüfatlarında genetik modifikasiya edilmiş yemlərdən istifadə olunur. Lakin insanlar bunu bilmir və məhsulun üzərində də bu qeyd olunmur. Həmin heyvanların ətində, südündə də mənfi cəhətlər öz əksini tapır və insanlar bundan zərərçəkə bilərlər. Çox təəssüf ki, bu proses hazırda qanunvericilik səviyyəsində davam etdirilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə