"Aqressiya hallarının tənzimlənməsində valideynlərdən də çox şey asılıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Yaş artdıqca uşaqlar ətrafda baş verən hadisələri daha yaxşı qavramağa başlayırlar. Bu zaman onlar özlərinə qarşı olan münasibəti dərk edir və buna uyğun reaksiya verirlər. Sevgi və qayğıdan məhrum olan uşaqlar özlərini yalqız hiss edir və zaman keçdikcə onlarda istər ailə üzvlərinə, istərsə də yaşıdlarına aqressiv münasibət göstərmək halları müşahidə edilir. Ümumilikdə isə aqressiya istənilən yaş qrupuna məxsus uşaqlarda ola bilər. Ona görə də valideynlərlə yanaşı, təhsil ocaqlarında fəaliyyət göstərən psixoloqlar da onlarla mütəmadi ünsiyyət qurmalı və diskussiya aparmalıdırlar”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib.

Onun sözlərinə görə, həmin hal birinci və yuxarı sinif şagirdləri arasında daha çox müşahidə olunur: “Birinci sinif şagirdləri məktəbə yeni qədəm qoyduqları üçün adaptasiya prosesi onlarda bir qədər çətin gedir. Yeddinci-səkkizinci sinif şagirdlərinin valideynləri yeniyetməlik dövrü ilə əlaqədar olaraq müraciət edir. Uşaqların daha çox emosional, çılğın olduqlarını qeyd edirlər. On birinci sinfin şagirdləri ali məktəbə qəbul imtahanlarına hazırlaşdıqları üçün onlarda da həmin hal müşahidə edilir. Ona görə həmin şagirdlər, onların müəllim və valideynləri ilə konsultativ söhbətlər aparılmalı, yönləndirici məsləhətlər verilməlidir”. Müsahibimiz qeyd edib ki, yetkinlik dövründə olanlar daha çox ailədaxili münaqişələrə görə problem yaşayırlar. Bu zaman təkcə uşağın özü ilə deyil, onun valideyni ilə də həmsöhbət olmaq vacibdir: “Onlara elə gəlir ki, valideynləri onlara qulaq asmır, eşitmir və ya başa düşmür. Valideynlər onlara nə qədər tənqidi və təhqiri formada yanaşsa, uşaqlar onları eşitməyəcəklər. Ona görə uşaqlara vaxt ayırmaq, onları dinləmək və qulaq asmaq lazımdır. Bunu etmədikdə onların arasında mübahisə və ya aqressiya yaranır”. Həmçinin uşaq həmyaşıdları tərəfindən təcrid olunduqda bu zaman təkcə onunla deyil, yoldaşları ilə də söhbət aparmaq lazımdır: “Çox vaxt həmin hadisələr sinif şəraitində və ya tənəffüsdə olur. Ona görə də sinif yoldaşları ilə münasibətlərinin normal olması üçün aralarında olan münasibətləri tənzimləmək və psixososial mühit yaratmaq lazımdır”,- deyə psixoloq bildirib. Belə halların yaranmaması üçün valideynlərin üzərinə böyük vəzifə düşür. Uşaqları daim diqqətdə saxlamaq, onlarla vaxt keçirmək və ən əsası, problemləri ilə yaxından maraqlanmaq lazımdır.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə