"Əsrin müqaviləsi"nin uğurla gerçəkləşməsi yeni neft strategiyasının təntənəsidir

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanın əsas hədəfi neft gəlirlərini insan kapitalına çevirmək olub və bu məqsədə nail olunub"

İqtisadi müstəqillik olmadan heç bir dövlət gələcək inkişafa, heç bir xalq firavan həyata qovuşa bilməz. Sovet dönəmində Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatına, onun yeraltı və yerüstü sərvətlərinə yaxından bələd idi. Azərbaycanın iqtisadi müstəqilliyinin onun yeraltı və yerüstü sərvətlərindən asılı olduğunu yaxşı bilən Ulu öndər qısa müddətdə bitkin bir inkişaf konsepsiyası işləyib hazırladı. Həmin konsepsiyanın əsasını isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft-qaz ehtiyatlarının işlənməsi təşkil edirdi.

Hər cür çətin situasiyalarda çevik qərarlar qəbul etməyi bacaran ümummilli lider Heydər Əliyev dünyanın transmilli neft şirkətlərini Azərbaycana dəvət etməyi qərara aldı. Düzdür, əvvəlki iqtidarın dövründə buna cəhdlər edilsə də, respublikamızda hökm sürən qeyri-siyasi sabitlik və əlverişsiz şərtlər xarici şirkətlərlə danışıqların nəticəsiz qalmasına səbəb olmuşdu. Dünya şöhrətli siyasətçi Heydər Əliyev isə bunu məharətlə bacardı. Beləliklə, 1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında "Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş imzalandı. Bütün dünyaya səs salan belə bir sazişin imzalanması ölkəmiz, xalqımız üçün böyük tarixi hadisə, yüksək nailiyyət idi. Çünki gənc Azərbaycan dövləti ilk dəfə idi ki, müstəqil siyasət yürütmək iqtidarında olmasını, özünün yeraltı sərvətlərinə sahib çıxmasını bütün dünyaya bəyan edə bilirdi.

Təsadüfi deyil ki, təntənəli imzalanma mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: "Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk. Müqavilənin imzalanması Azərbaycan Respublikasının həyatında, iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır". Bu, Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoyan tarixi sazişə verilən yüksək dəyər idi.

Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan "Əsrin müqaviləsi" Xəzər regionunu beynəlxalq əməkdaşlıq məkanına çevirdi. "Əsrin müqaviləsi"nin uğurla icra olunması Azərbaycanı iqtisadi tənəzzüldən sürətli inkişafı yoluna çıxardı. İlk növbədə, Azərbaycana güclü xarici investisiya axını başladı. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə ölkəmizin neft-qaz sektoruna təqribən 89 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulub.

"Əsrin müqaviləsi"nin ilkin neft layihəsi çərçivəsində dənizdə mövcud "Çıraq" platformasında və "Dədə Qorqud" üzən yarımdalma qurğusunda əsaslı yenidənqurma işləri aparıldı. Bundan əlavə, hazırda Ulu öndərin adını daşıyan Bakı Dərin Dəniz Özülləri Zavodu tamamilə yenidən quruldu, xam nefti qəbul edib ixrac sisteminə vurulması üçün Səngəçal terminalı inşa olundu, dənizdən bura sualtı boru kəməri çəkildi. Nəhayət, 1997-ci il noyabrın 7-də "Çıraq" platformasından ilkin neftin hasilatına başlanıldı. Beş gün sonra, noyabrın 12-də ölkəmizin rəsmi dövlət və hökumət üzvlərinin, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin nümayəndələrinin, eləcə də xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə "Çıraq" platformasında təntənəli mərasim keçirildi.

"Əsrin müqaviləsi"nin ilkin neft layihəsinin həyata keçirilməsi sahəsində qazanılmış zəngin təcrübə sonralar "Azəri" və "Dərinsulu Günəşli" yataqlarının da mərhələli şəkildə işlənməsinə imkan yaratdı. 2001-ci ilin avqust ayında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun tammiqyaslı işlənməsinə başlanıldı. 1997-ci ilin sonlarından etibarən Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri ilə Şimal istiqamətinə axmağa başladı. 1999-cu ilin aprel ayında isə xam neftin Qərb istiqamətinə daşımaq məqsədilə Bakı-Supsa boru kəməri istifadəyə verildi. Eyni zamanda, Azərbaycanın artan neft həcmlərini dünya bazarına çıxarmaq üçün daha geniş imkanlara malik boru kəmərinə ehtiyac duyulurdu. Bu, Bakı-Tbilisi-Ceyhan marşrutu idi. Bütün siyasi təzyiqlərə baxmayaraq, bu ideya da gerçəkliyə çevrildi. "Üç dənizin əfsanəsi" adlandırılan nəhəng infrastruktur layihəsi, həm də etibarlı enerji və dostluq körpüsü kimi uzun illərdir ki, ölkələrin inkişafına, xalqların rifahına xidmət edir. İndi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri həm beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, həm də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün müstəsna əhəmiyyət kəsb edir.

14 SENTYABR 2017-Cİ İL ÖLKƏMİZİN HƏYATINDA ÇOX ƏLAMƏTDAR VƏ TARİXİ GÜN – "YENİ ƏSRİN MÜQAVİLƏSİ"NİN İMZALANDIĞI "AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ" NƏHƏNG NEFT YATAĞININ İŞLƏNİLMƏSİNDƏ YENİ DÖVRÜN BAŞLADIĞI GÜN

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsində yeni dövr başladı. Sazişə əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsi 2050-ci ilədək uzadıldı.

Belə ki, "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə, daha yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin yeni "Əsrin müqaviləsi" adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Azərbaycan 1994-cü ildən iki dəfə sərfəli bir sazişin imzalanmasına nail oldu. Prezident İlham Əliyev Yeni Sazişin imzalanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsində yeni dövr başlayır".

Dövlət başçısı bildirib ki, müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: "Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli və daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. "Əsrin müqaviləsi" imzalanan zaman "AÇG"-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".

Prezident "Əsrin müqaviləsi" imzalanan ərəfəyə də tarixi ekskurs edib: "1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə anarxiya yaşanıb. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayıb. Bununla yanaşı, Ermənistan torpaqlarımızın böyük hissəsini işğal etmişdi. Belə ağır vəziyyətdə xalq Heydər Əliyevi dəvət etdi".

Ölkə başçısı onu da deyib ki, o dövrdə xarici investorları cəlb etmək tarixi nailiyyət idi: "Bu, böyük məharət tələb edirdi. İndi Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir. Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında "Əsrin müqaviləsi"nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə "Əsrin müqaviləsi" yaratdı".

"NEFTİN QİYMƏTİ BİZİ YOLUMUZDAN DÖNDƏRMƏDİ"

Prezident İlham Əliyev çıxışında xatırladıb ki, 2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib. Dövlət başçısı onu qeyd edib ki, "Səngəçal" dünyada ən böyük neft-qaz terminalıdır: "Azərbaycanda neft platformaları tikilir. Bunlar "Əsrin müqaviləsi"nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. "Şahdəniz", "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq".

DAHA BİR ADDIM: YENİ ƏMƏKDAŞLIQ ÜFÜQLƏRİ

Yuxarıda vurğulanan bütün məqamlar, onu təsdiq edir ki, Azərbaycan rəhbərliyi 30 il ərzində enerji layihələrindən əldə edilən gəlirləri, əsas olaraq Azərbaycanın sosial-mədəni, intellektual, mənəvi, iqtisadi və ekoloji inkişafına sərf edib və onların hamısının kökündə "Əsrin müqaviləsi" dayanır! Bu, müasir mərhələdə müstəqil dövlət quruculuğunun ən səmərəli yoludur. Azərbaycan təcrübəsi bunu tam təsdiqləyir. Çox vacib məqamdır ki, ölkə rəhbərliyi həmin istiqamətdə prinsipial əhəmiyyətli yeni bir addım atıb.

Onu da vurğulamaq lazımdır ki, "Yeni Əsrin müqaviləsi" sazişi şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamıdır. Ölkə başçısı yeni sazişin imzalanması mərasimində söylədiyi nitqində bunu xüsusi ifadə edib. Yuxarıda təsvir edilən faktlardan da, görünür ki, 1994-cü il müqaviləsi strateji məzmun kəsb edib. İndi imzalanan müqavilə də, məhz bu prizmadan olduqca vacib hadisədir.

Lakin yeni sazişin imzalanmasından, bir neçə gün əvvəl, bir sıra Avropa ölkələrinin KİV-i və qeyri-hökumət təşkilatları Azərbaycana qarşı çirkin təbliğat kampaniyasına başladılar. O zaman ekspertlər belə qiymət verdilər ki, (o cümlədən, "Newtimes.az" portalının analitik yazılarında bu, ayrıca vurğulanırdı - red.) bu kimi qarayaxma kampaniyası, adətən, Azərbaycanın hansısa əhəmiyyətli addımı ərəfəsində konkret dairələr tərəfindən aparılır. Məsələn, 1994-cü ildə "Əsrin müqaviləsi"nə mane olmaq üçün çox dəhşətli hadisələr törədildi. Dövlət adamlarına qarşı sui-qəsdlər planlaşdırıldı. Hətta o zaman ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevə sui-qəsd etməyə cəhd göstərildi. Sonra "Avroviziya" Mahnı Müsabiqəsi ərəfəsində, Azərbaycana qarşı olduqca çirkin təbliğat kampaniyası aparıldı. Hətta bəzi qonşu ölkələrin jurnalistləri Bakıda etik normalara sığmayan hərəkətlər etdi, ölkəmizə qarşı qərəzli informasiyalar yaydılar.

İndi də eyni ssenari təkrarlanır. Lakin bu dəfə, düşmənlər 1994-cü ildə olduğu kimi, Azərbaycanda sui-qəsdlər və terror aktları təşkil edə bilmirlər. Yəni "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmiz bütün istiqamətlərdə sürətlə inkişaf edib və təhlükəsizliyini tam təmin edə bilir. Bu səbəbdən də, yeni enerji sazişinin imzalanması ərəfəsi müəyyən dairələr, yalnız ideoloji kampaniya aparmağa çalışdılar, onun da qarşısını Prezident İlham Əliyev öz müdrik addımları ilə dərhal aldı. İndi dünyanın hər yerində Azərbaycanda həyata keçirilən islahatlardan danışırlar.

BƏLİ, BU DƏFƏ DƏ DÜŞMƏNİN ARZUSU GÖZÜNDƏ QALDI – "YENİ ƏSRİN MÜQAVİLƏSİ" AZƏRBAYCANIN MARAQLARINI TAM TƏMİN EDİR

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalanıb. Bu Sazişin "Yeni Əsrin müqaviləsi" adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Qarşıdakı illərdə AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

Ölkə başçısının imzalama mərasimində ifadə etdiyi bir fikri bu bağlılıqda tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev həmin fikri belə ifadə etmişdi: "Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır".

Qeyd edək ki, ölkə başçısı söylədiyi nitqində həmin fikirləri hərtərəfli və konkret ifadə edib. Hər şeydən öncə, yeni imzalanan kontrakt "Azərbaycan üçün daha da əlverişlidir... bu dəfə daha yaxşı şərtlərlə kontrakt imzalanır".

Göründüyü kimi, həmişə olduğu kimi, Ermənistan və onun havadarları Azərbaycanın atdığı hər uğurlu addımdan təlaşa düşür, Azərbaycanla bağlı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla özlərinə təsəlli verməyə çalışırlar. Ancaq təcrübə göstərir ki, bu kimi hərəkətlər Azərbaycan rəhbərliyini seçdiyi yoldan qətiyyən yayındıra bilmir, bilməyəcək də. Prezident İlham Əliyev təmkinli, uzaqgörən və düşünülmüş siyasəti ilə qarşıya çıxarılan bütün maneələri keçir və ölkəni yeni zirvələrə doğru aparır.

NƏTİCƏ…

Bütün bu deyilənlərin məntiqi nəticəsini ölkə başçısı nitqində çox lakonik və maraqlı ifadə edib. Prezident İlham Əliyev vurğulayıb: "Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur"

Beləliklə, "Yeni Əsrin müqaviləsi" Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. O, faktiki olaraq, dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə edən faktorlar sırasındadır. Bu prosesin geosiyasi aspektdə çox vacib cəhəti ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət quruculuğunu beynəlxalq aləmdə nüfuzunu sürətlə yüksəltməklə inkişaf etdirir. Artıq ölkənin etibarlı tərəfdaş obrazı formalaşıb. Dünyanın nəhəng enerji şirkətlərinin hər biri Bakı ilə əlaqələrin qurulmasına can atır. Bu prosesin əsasını Ulu Öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası qoyub. Hazırda onu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirməkdədir. "Yeni Əsrin müqaviləsi", məhz bu titanik zəhmətin bəhrəsidir. Azərbaycan bundan sonra da sürətlə və qətiyyətlə inkişaf edəcək! Yeni əsrdə yeni zirvələr fəth ediləcək!

Qeyyd edək ki, bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Neftçilərimiz bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Onların qəhrəmanlığını vəsf edən şeirlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib. Neftçi əməyini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin Fərmanına əsasən "Əsrin müqaviləsi"nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi qeyd edilir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə