“Azərbaycanda insan hüquqları ilə bağlı qanun daim təkmilləşdirilir” - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycanda insan hüquqları məsələsi daima diqqət mərkəzindədir. Çünki hüquqi dövlətin və demokratik cəmiyyətin ən əsas tərəflərindən biri məhz insan hüquqlarının və vətəndaş hüquqlarının qorunmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycanda insan hüquqları ilə bağlı qanun daim təkmilləşdirilir: “Eyni zamanda hüquqların qorunması üçün maarifləndirmə işlərinin aparılmasına da xüsusi diqqət ayrılır.

Bütün demokratik cəmiyyətlərdə ən əsas hüquqlardan biri gender bərabərliyi hüququdur ki, bununla bağlı olaraq Azərbaycan dövlətinin xüsusi proqramı var. Həmçinin keçdiyimiz günlərdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının Milli Məclisində məruzəsi də məhz gender bərabərliyi hüququna həsr olunub. Burada ölkəmizdə hüquqi bərabərliyin qorunması üçün görülən işlər, bu istiqamətdə olan qanunvericilik və onu dəstəkləyən dövlət siyasətindən bəhs edildi.

Nəticə etibarilə bütün hallarda hüquq demokratik cəmiyyətin ən əsas atributlarından biridir ki, Azərbaycanda da bu məsələ hər zaman diqqət mərkəzindədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə