Şizofreniya: məlumatlı olaq, anlayaq, yanılmayaq...

Həyatda heç kim başına gələcəklərdən xəbərdar deyil. Belə isə hər an hansı bir xəstəliksə çağırılmamış qonaq olaraq qapımızı döyə, yuxarı başa keçib əyləşə, ömrümüzə qanaq ola bilər. Elə bu gün haqqında danışacağımız şizofreniyadan da heç kim təminatlı deyil. Ona görə də bu xəstəliyin daşıyıcıları haqqında məlumatlı olmaqla, anlamaqla və bəzi yanlış fikirlərə aydınlıq gətirməklə onlara düzgün yanaşa, münasibət qura bilərik.

24 May- Dünya Şizofreniya Günüdür. Ümumdünya Şizofreniya Gününün qeyd olunmasında məqsəd bu xəstəlik haqqında maarifləndirmə, xüsusilə şizofreniya və ümumilikdə bütün psixiatrik xəstəliklərlə bağlı mif və mövhumatlarla mübarizə aparmaq, insanlara düzgün məlumat verməkdir. Bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 21 milyon insanı əhatə edir.

Şizofreniya nədir?

Şizofreniya psixiatrik- düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümumi simptomlar paranoid, eşitmə hallüsinasiyaları, nitqdə əks olunan düşüncə pozğunluğu və əqli çatışmazlığın da daxil olduğu yanılmalardır.

İlkin səciyyəvi simptomlar gənc yaşlarda özünü göstərir. Diaqnoz müşahidə olunan davranışlara və xəstənin şikayət etdiyi təcrübələrə əsaslanır. Genetik faktor, ətraf mühit, nevrobiologiya, psixi və sosial proseslər köməkçi amillər hesab olunur. Bəzi reseptsiz və ya reseptlə istifadə edilən dərmanlar da simptomların artmasına, çoxalmasına səbəb ola bilər. Heç bir izolyasiya edilmiş üzv tapılmasa da, hazırki araşdırmalar nevrobiologiya üzərində cəmləşib.

Şizofreniya əlamətlərini üç sahədə təsnif etmək olar: Birincisi müsbət əlamətlər adlanan hallüsinasiyalar, hezeyanlar və nitqin pozğunluğu, ikincisi nitqin olmaması, introversiya, mat sifət ifadəsi və fəaliyyət üçün motivasiyanın olmamasıdır ki, bunlara mənfi əlamətlər deyilir. Üçüncüsü isə idrak simptomları adlanan diqqət və yaddaş kimi bacarıq sahələrindədir. Şizofreniya xəstəsi olan bir şəxsdə simptomlar hər üç sahədə baş verə bilər və ya daha sıx simptomlar əsasən bir bölgədə müşahidə oluna bilər.

Şizofreniyanın yaranma səbəbləri

Şizofreniya əsasən 20 yaşda başlayır və cinsiyyət, irq, din, milli və ya ölkəyə görə ayrı-seçkilik etmir. Ümumiyyətlə, dünyanın demək olar ki, hər yerində əhalidə təxminən 1% tezliyi ilə müşahidə olunur. Səbəbi dəqiq bilinməsə də, irsi və ətraf mühit faktorlarının təsirli olduğu məlumdur. Şizofreniya xəstələrinin beyin hüceyrələri arasında əlaqəni təmin edən bəzi maddələrin miqdarı, quruluşu və ya funksiyasındakı pozuntular yuxarıda qeyd olunan simptomlara səbəb olur.

Şizofreniya xəstəliyinin müalicəsində dərman preparatları, fərdi və qrup psixoterapiyaları, təlimlər, müxtəlif reabilitasiya proqramları və xəstənin ehtiyaclarına uyğun olaraq ailə müdaxilələri planlaşdırılaraq istifadə edilir. Ancaq bütün bu müalicələrdən başqa, şizofreniya xəstəsi olan insanın və ailəsinin də digər fərdlər kimi anlaşılması və cəmiyyətə daxil edilməsi və qəbul edilməsi lazımdır. Müalicəyə ən böyük maneə bu xəstələrə fərqli baxışdır.

Stiqma, psixi xəstəlik, etnik mənsubiyyət, narkomaniya və ya fiziki qüsur kimi xüsusiyyətlərə əsaslanaraq bir şəxsin və ya qrupun qüsurlu və ya nüfuzdan düşmüş kimi mənfi qiymətləndirilməsidir. Şizofreniya xəstəsi damğalanmaya görə cəmiyyətdən fərqli olaraq qəbul edilir və bu fərqliliyə bir çox mənfi mənalar aid edilir. Stiqma bir çox insana, qrupa və ya cəmiyyətə təsir etsə də, uzun illərdir ki, ən çox damğalanan şəxslər psixiatrik xəstəlikləri olan fərdlər olub və təəssüf ki, şizofreniya xəstələri onların arasında ön sıralarda olub. Stiqma şizofreniya xəstələrinin psixiatrik və ümumi tibbi müalicəsinə, iş tapmasına, ailə qurmasına, sosial dəstək çevrəsinin yaradılmasına və təhsil almasına əngəl törədir.

Stiqmanı dağıtmağa başlamalıyıq

Biz öz zehnimizi, sonra dilimizi və davranışımızı dəyişdirməklə stiqmanı dağıtmağa başlamalı, sonra bu dəyişikliyi cəmiyyəti təşkil edən digər fərdlərdə alovlandırmağa çalışmalıyıq. Buna nail olmaq üçün ilk növbədə şizofreniya ilə bağlı mifləri dağıtmalıyıq. Bəs əsas miflər nədir?

Türk Nöropsikiyatri Dərnəyi “Şizofreniya bir beyin xəstəliyidir. Müalicə maraqlanmaqla, dəstəklə sağala bilir. Gəlin birləşək, mifləri qıraq və həqiqəti yayaq” devizi ilə şizofreniya bu xəstəlik haqqında mifik təfəkkürü yox etməyə çalışır. Yanlış olanları göstərməklə insanların çox halda səhv fikirdə olduqlarını sübut edir.

Şizofreniya xəstəsi olan insanlar həmişə təhlükəlidirlər: YANLIŞdır

Şizofreniya xəstəsinin həmişə təhlükəli olacağı fikri qərəzdir. Şizofreniya xəstələri müalicə altında olduqları müddətdə cəmiyyətin digər üzvlərindən daha təhlükəli deyillər. Xəstəliyin alovlandığı dövrdə aldatma və və sair təsirlərə görə dağıdıcı davranış riski bir qədər artsa da, bu vəziyyətin daha gənc yaş və ya spirt və narkotik istifadəsi ilə də əlaqəli ola biləcəyi bildirilir. Çoxlu uşaq və insanın ölümünə səbəb olan müharibə, qəza, terror hücumlarının şizofreniya xəstəsi olmayan fərdlərdən qaynaqlandığı unudulmamalıdır.

Şizofreniyalı fərdlər fərqli zamanlarda fərqli şəxsiyyətlərlər olurlar: YANLIŞdır

Şizofreniya xəstələri cəmiyyətin digər üzvləri kimi bir şəxsiyyətdir və özünəməxsus xüsusiyyətlərə malikdirlər. Şəxsiyyət xüsusiyyətləri həyat boyu əhəmiyyətli dərəcədə dəyişməyə meylli deyil. Fərddə zaman-zaman fərqli şəxsiyyət nümunələrinin müşahidə edilməsi şizofreniyada görülən bir vəziyyət deyil.

Şizofreniya sağalmaz bir xəstəlikdir: YANLIŞdır

Şizofreniya üçün ilk dərman 1950-ci illərdə tapıldı və bu gün şizofreniyanın müalicəsi üçün çoxlu müxtəlif dərman variantları mövcuddur. Təbii ki, digər tibbi xəstəliklərdə olduğu kimi, hər bir xəstənin müalicəyə reaksiyası fərqli və unikaldır. Xəstələrin əksəriyyəti müalicədən faydalanır.

Şizofreniya xəstələri həyatları boyu işləyə bilməzlər: YANLIŞdır

Şizofreniya xəstələrinin əksəriyyətinin münasib iş imkanları təmin olunduqda işləyə bildiyi və işləməyin xəstəliklə mübarizədə müsbət təsiri olduğu məlumdur. Stiqma, şizofreniya xəstəsi olan şəxslərin tapıb işlə təmin olunmasında ən böyük maneələrdən biridir. Təəssüf ki, cəmiyyətdə təkcə şizofreniya xəstələrinə deyil, fiziki qüsurlu şəxslərə qarşı da bu mənfi qərəz var.

Şizofreniya yoluxucu bir xəstəlikdir: YANLIŞdır

Şizofreniyanın genetik (irsi) aspekti var, lakin xəstəliyin başlanğıcı üçün təkcə genetik meyl kifayət deyil. Stressli hadisələrin (doğum travmaları, ana bətnində müəyyən infeksiyalara məruz qalma, miqrasiya, uşaqlıqda çətinliklər, mənfi həyat hadisələri) və genetik meylin birlikdə təsirli olduğu bir xəstəlikdir. Yoluxuculuq yalnız virusların, parazitlərin və ya bakteriyaların yaratdığı xəstəliklərdə baş verən bir vəziyyətdir və şizofreniya yoluxucu deyil.

Onlara anlamağa çalışaq!

İnsan bir sosial varlıq olaraq ancaq mənsub olduğu cəmiyyət daxilində qəbul olunmaqla, başa düşülməklə, sevilmək və hörmət olunmaqla, dostluqlar, cəmiyyətin digər üzvləri ilə ünsiyyət qurmaqla, dinlənilməklə və danışmaqla tam şəkildə mövcud ola bilər. Cəmiyyətin bəlkə də ən çox damğalanmış fərdləri arasında olan şizofreniya xəstələri və ailələri yuxarıda qeyd etdiyimiz kimi, miflərin gətirdiyi stiqma səbəbi ilə insan təbiəti üçün son dərəcə zəruri olan sosial dəstək sistemindən məhrumdurlar. Bu məhrumiyyətlər onları və ailələrini təcrid edir, onların ruhi və fiziki rifahına mənfi təsir göstərir, iş tapmasına, həyatlarını davam etdirməsinə mane olur.

Onlar cəmiyyətin bir fərdidir. Və biz onlara qayğı ilə yanaşmağa borcluyuq. Elə 24 maydan-onların günündən başlayaraq əvvəlcə şizofreniyadan xəbərdar olaq. Sonra bu xəstəliyi düzgün başa düşək. Daha sonra gözümüzün önünü kəsmiş böyük mifləri məhv edək. Məhz bu zaman həqiqəti anlaya, yanılmaya bilərik.

Heç kim yaşana biləcəklərdən xəbərdar deyil. Odur ki, ətrafımızdakı bütün xəstələr kimi, şizofreniyalı xəstələrə də dostcasına yanaşaq, bu, onlara böyük dəstək ola bilər.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə