“1993-cü ildə Kyoto Protokolu imzalandı. Bu protokola görə dünya ölkələri belə öhdəlik götürüb ki, 2010-cu ilə qədər istixana qazlarının həcmi 1990-cı il səviyyəsindən aşağı salınsın. Lakin Kyoto Protokolu uğur əldə etmədi. Əbəttə ölkələr bunun üçün çox çalışdı, amma nəticə əldə edilmədi”. Bu barədə SİA-ya açıqlamasında ekoloq Rövşən Abbasov deyib.
Onun sözlərinə görə, 2015-ci ildə Paris-COP görüşü oldu və Paris razılaşmaları əldə olundu. Bu razılaşmalara Azərbaycan da qoşuldu. Dövlətlər könüllü olaraq müxtəlif öhdəliklər götürməyə başladılar: “Azərbaycan da öz növbəsində üzərinə öhdəlik götürdü. Bu öhdəliklərə görə, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının 35%-ə qədər azaldılmasını nəzərdə tutur. Bu əlbəttə ambisiyalı qərardır. Lakin bu istiqamətdə ölkəmizdə çox böyük işlər görülür, günəş və külək elektrik stansiyaları istifadəyə verilir. Getdikcə yaşıl enerjiyə daha çox investisiya qoyulur, atmosferə istixana qazlarının buraxılmasının azaldılmasının təşviqi üçün müxtəlif iqtisadi, sosial mexanizmlər hazırlanır və həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan 2030-cu ilə qədər bu məqsədinə nail olacaqdır. Eləcə də digər dövlətlər tərəfindən bu cür öhdəliklər götürülüb. Hesab edirəm ki, bu ilin COP-29-un Azərbaycanda keçirilməsi bu istiqamətdə olan fəallığı bir qədər də artırıb. Biz qarşıya belə bir məqsəd qoymuşuq ki, Azərbaycan öz ərazisində istehsal etdiyi enerjnin 30%-ə qədərini 2030-cu ilə qədər yalnız yaşıl enerji mənbələrindən alsın. COP-29 çərçivəsində ölkəmizə təxminən 200-ə yaxın dövlətin nümayəndələri gələcək. Dünyanın iqlim dəyişmələri müzakirə olunacaq və iqlim dəyişmələrinin qarışısının alınması üçün yeni hədəflər, strategiyaların işlənilməsi gözlənilir”.
Ekoloq bildirib ki, COP-29-un Azərbaycanda keçirilməsi həm də, ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə qlobal oyunçuya çevrildiyini göstərir: “Belə ki, ölkəmiz bu istiqamətdə getdikcə mərkəzi rola malik olmağa başlayır. Baxmayaraq ki, Azərbaycan ərazisində istixana qazlarının atmosferə buraxılması onsuz da Hindistan, Çin, ABŞ, Rusiya kimi ölkələrlə müqayisədə dəfələrlə az idi, bununla belə Azərbaycan öz öhdəliklərinə əməl edir. Hətta digər ölkələrə də bu istiqamətdə dəstək verir. COP-29 Azərbaycanda təkcə ekoloji yox, həm də böyük siyasi-iqtisadi hadisədir. Yaşıl iqlim fondlarının yaradılması istiqamətində daha mütərrəqi addımlar atılacağı gözlənilir. Ümid edirəm COP-29 dünya tarixində mühüm bir hadisə qalacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB