Həyatını itirən sənətkarlarımız xalqda necə izlər buraxdı? - SORĞU

Həyatını itirən sənətkarlarımız xalqda necə izlər buraxdı? - SORĞU

Son zamanlar Azərbaycanın sənət aləmində bir çox tanınmış şəxs həyatını itirib. Onlar arasında tanınmış Xalq artistləri və Əməkdar artistlər var. SİA olaraq "Son günlərdə tanınmış insanların bizi tərk etməsi haqqında nə fikirləşirsiniz?" sualı ilə şəhər sakinlərinə müraciət etdik.

Şəhər sakini Emil Eminli: "Sənət adamlarını, tanınmışları itirməklə bağlı deyə bilərəm ki, əvvəl-axır hamı dünyadan köçəcək, qismətdir. Ən çox Qənirə Paşayevanın dünyadan köçməsinə kədərləndim. Çünki millət üçün çalışırdı, vətənpərvər biri idi".

Şəhər sakini Gülçöhrə Əliyeva: "Sənətkarların dünyadan gedən yaşları deyildi. Hərəsinin özünə görə qəlbimizdə yeri var idi. Məsələn, Tünzalə Əliyevanın körpə uşağı, Aygün Bəylərin qızı qaldı. Aygün Bəylərin "Tut ağacı" mahnısı adamı uzaqlara aparır. Həzin, gözəl mahnıdır, xatirələrə baş çəkirsən. Allah hamısına rəhmət eləsin. Hacı Şahini də itirməyimizə pis olmuşdum".

Şəhər sakini Pəri Əliyeva: "İnsan ömrü qısalıb. Sənətkarlarımızı itirməyimiz üzücüdür. O insanlar hamımıza nümunədir. Ən çox Hacı Şahini itirməyimizə pis olmuşam, heç gözləmirdim. Onun xəbərini eşidəndə digər din xadimi ilə qarışıq salmışdım. Oqtay Əliyev, Tünzalə Əliyeva və Aygün Bəylərə də kədərləndim. Aygün Bəylərin "Özün günahkarsan" mahnısını çox sevirəm. Hacı Şahinin isə bütün videolarına baxmışam, fikirləri mənim üçün dəyərlidir. Çünki o, digər din xadimləri kimi fikirləşmirdi. Müasir idi və insanları dinə çağırırdı".

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi Yaqub Babayev: "Ümumiyyətlə, xalqa fayda verən hər bir sənət, elm və mədəniyyət adamının xalqdan getməsi, dünyasını dəyişməsi həm xalq üçün, həm də sənətimiz üçün kədərli hadisədir. Bu zaman sənətimiz itirir. Sənətin hansısa sahəsinə həmin insanlar fayda, boy vermiş olurlar. Elm, incəsənət yaradıcı şəxsiyyətlərin çiynində irəliləyir. Onlar dünyasını dəyişəndə yerləri boş qalır. Allah ölənlərə rəhmət eləsin".

Şəhər sakini Aygün Cəfərova: "Mənə pis təsir edən o oldu ki, dünyalarını Əməkdar artist adı ilə dəyişdilər. Vaxtında Xalq artisti adına layiq görülməli idilər. Həqiqətən də, böyük sənətkarlar getdi, itki oldu. Biz çox kədərləndik. Qənirə Paşayeva, Aygün Bəylər, Gülbahar Şükürlü kimi adları itirdik. Allah rəhmət eləsin. Azərbaycan Respublikasına çox böyük itkilər oldu. Ən çox Aygün Bəylərin rəhmətə getməsinə kədərləndim, çünki mahnılarını sevə-sevə dinləyirdim. Möhtəşəm səsi var idi. Qənirə Paşayeva da çox vətənpərvər idi. Allah rəhmət eləsin. Allah qalanlara can sağlığı versin. Dua edək ki, hər şey yaxşı olsun".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə