"Çeşid bol, alıcı isə azdır" - REPORTAJ

Yeni tədris ilinə sayılı günlər qalıb. Tədris ilinə hazırlaşan valideynlər övladları üçün tədarük görürlər. Məktəbli ləvazimatlarının qiymətlərində ötən illə müqayisədə fərq varmı? "Səs" TV olaraq qiymətlərlə maraqlanmaq üçün məktəbli ləvazimatlarının satıldığı satış nöqtələrinə yollandıq. Görək vəziyyət necədir?

Çanta satışını həyata keçirən satıcı: "Ötən ilə nisbətən bu il məktəbli çantalarının qiymətində fərq var. Qiymətlər bahalaşıb. Təxminən ötən ilə nəzərən çanta qiymətləri 2-3-5 manat daha yüksəkdir. Qiymətlər çanta modellərinin çəkisinə görə dəyişir. Hesab edirəm ki, qiymət artımı gömrük xərcləri ilə bağlıdır. Qiymətlərin artması nəticəsində alıcıların da sayında azalma var".

Məktəb paltarlarının satışını həyata keçirən satıcı: "Mağazamızda hər çeşiddə məhsul var. Həm sex, həm də xarici məhsulların satışını həyata keçiririk. Hər birinin ayrı-ayrı qiymətləri var. 18-20 manata məktəbli koftaları var. Məsələn, Türkiyənin "Mena" firmasından qiyməti 20 manata olan kofta var ki, alıcılar daha çox ona üstünlük verirlər. Bununla yanaşı, sex malları da var. Onların isə qiyməti daha münasibdir. Həmin sex məhsulu olan koftanı 12 manata təklif edirik. Bu il sadə köynəklərə üstünlük verilmir. Onları ən aşağı qiymətə - 7 manata satırıq. Şalvarlarda isə ən aşağı qiymət 20 manat, ən yuxarı qiymət isə 35 manatdır. Şalvarlarda da Türkiyə məhsullarının qiyməti daha yüksək olur. Yubkalarda da qiymətlər eyni şəkildədir.

Bu il qiymətlər baha olduğu üçün müştərilər yox dərəcəsindədir. Vətəndaşlar bazarlara üstünlük vermirlər. Çeşid bol, alıcı isə azdır".

Dəftər-kitab satışını həyata keçirən satıcı: "Təbii ki, ötən ilə baxanda builki qiymətlər bahadır. Çantaların qiyməti 15 manatdan başlayır və materialına görə müxtəlif qiymətlərə təklif olunur. Rəngli karandaşların qiyməti isə 1 manat 50 qəpikdən başlayır. Dəftərlərdə ən aşağı qiymət 20 qəpik, ən yuxarısı isə 1 manatdır. Su termoslarının qiyməti isə 8-16 manat arasında dəyişir. Alıcılıq qabiliyyəti bu il çox aşağıdır. Bu da başadüşüləndir. Çünki vətəndaşların çoxu qiymətlər yüksək hesab edir".

Məktəbli paltarlarının satışını həyata keçirən satıcı: "Ötən illə müqayisədə bu il alıcılıq qabiliyyəti aşağıdır. Qiymətlər isə bu il daha ucuzdur. Bizim məhsullarımız ucuz, lakin keyfiyyətlidir. Türkiyə məhsulu olan yubkaların qiyməti 23, 25, 30 manat ata dəyişir. "Kılınçoğlu" firmasına məxsus məktəbli jaketlərinin qiyməti isə 30 manatdır. Koftaların qiyməti isə ölçüsünə, eyni zamanda keyfiyyətinə görə dəyişir. Şalvarlar isə uşaq üçün olanlar 20 manat, böyüklər üçün olanlar 25 manatdır".

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri də öz fikirlərini bizimlə bölüşdü: "Hər il avqustun sonu, sentyabrın əvvəllərində məktəbli ləvazimatları, geyimləri və s. istehlakçılara həqiqi qiymətindən daha baha satılır. Təəssüf ki, bu tendensiya hər il davam edir. Reallıq odur ki, öz aralarında "sezon" deyə ifadə etdikləri bu qısa zaman kəsiyində məktəbli ləvazimatlarının qiymətləri süni şəkildə şişirdilir. Təbii ki, marketinq tələb-təklif prinsipi üzərində qurulub. Məlum məsələdir ki, həmin predmetlərə tələbat məktəbin başlamasına yaxın müddətdə daha çox artır. Sentyabr ayının əvvəllərində məktəbli ləvazimatlarının qiymətinin bu dərəcədə artması isə biznes etikasına yaddır. Marketinqin özünün də etik kodeksləri var. Tələbin çox olduğu məqamda qiyməti süni şəkildə artırmaq etika baxımından yolverilməzdir. Amma satış nöqtələrində, pərakəndə və topdan satış məntəqələrində, kiçik məhəllə dükanlarında belə məktəbli ləvazimatlarının qiymətində süni artım hiss olunur. Əlbəttə ki, 15 sentyabrdan sonra bu qiymətlərdə xeyli enişə şahid oluruq. Amma valideynlər üçün qiymətin aşağı olması həmin tarixədək daha çox vacibdir. Doğrusu, bunu tənzimləmək mümkün deyil. Satıcılar azad bazar prinsipi ilə hərəkət edirlər. Sadəcə bununla əlaqədar müəyyən stimullaşdırıcı addımlar atmaq olar.

Dövlət şagirdə aid olan hər bir məhsul üçün olan vergiyə güzəştlərin edilməsi barədə qərar versə də, inanmıram ki, qiymətlər aşağı düşsün".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə