Birotaqlı mənzillərin sayı niyə azalıb? - EKSPERT AYDINLIQ GƏTİRDİ

Birotaqlı mənzillərin sayı niyə azalıb? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Azərbaycanda mövcud olan köhnə çoxmənzilli yaşayış binalarına nəzər salsaq, doqquzmərtəbəli binaların yalnız kənar blok olan hissələrində birotaqlı mənzillər mövcuddur. Beşmərtəbəli binalarda isə demək olar ki, hər blokda sıra şəklində bir, iki və üçotaqlı mənzillər olur. Bəzi arxitektur proyektlərdə isə ümumiyyətlə, birotaqlı mənzillər nəzərdə tutulmayıb”. Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, yeni tikili binalarda isə birotaqlı mənzillərə tələbat həddən artıq çoxdur: “Ümumilikdə birdəfəlik alınıb, daha sonra kirayə verilir deyə satışda daim birotaqlı mənzillərin sayı az olur. Satışda daha çox üç və dördotaqlı mənzillər olur ki, onların da qiymətləri baha olduğu üçün tələbat bir o qədər böyük olmur. Doqquzmərtəbəli köhnə tikili binalardakı birotaqlı mənzillər ipoteka predmetinə çevrildiyi üçün satışa çıxarılan kimi tez bir şəkildə satılır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, istismar müddətini bitirmiş və sökülmə ehtimalı olan üç, dörd və beşmərtəbəli binalarda isə bir və ikiotaqlı mənzillər yatırım məqsədilə alınır: “Çünki həmin binalar söküldükdə o mənzillərin yerinə vətəndaşlara sahəsi daha geniş olan mənzillər verilir. Birotaqlı “xruşovka” layihəli mənzilin ümumi sahəsi 30 kvadrat metrdirsə, yeni tikili binalarda onun əvəzinə daha geniş mənzil verilir ki, mənzil sahibi rahat şəkildə ondan iki otaq düzəldərək istifadə edə bilir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə