Astrologiya, frenologiya və ufologiya kimi mövzuların sırf “logiya” ilə bitdiyi üçün elm olduğunu düşünənlər, hətta astronomiya ilə astrologiyanın eyni şey olduğunu düşünənlər var. Astronom Karl E. Saqan bu məsələni belə izah edir: "Ulduzlara iki şəkildə baxmaq olar: ya olduqları kimi, ya da bizim arzuladığımız kimi".
Gəlin birinci astrologiyanın nə olduğu ilə tanış olaq. Astrologiya "ulduzların hesablanması" mənasını verən "Astrologiya" sözündən götürülmüşdür. "Oksford Lüğəti" astrologiyanın tərifini belə verir: "Göy cisimlərinin hərəkəti və nisbi mövqelərinin və onların insan həyatına ehtimal olunan təsirlərinin öyrənilməsidir".
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Astroloq Robert Kerriyə görə, “Astrologiya göy cisimlərinin mövqeləri və hərəkətləri ilə yer üzündəki fiziki proseslər və həyat arasındakı əlaqəni öyrənir. Bəzi astroloqlar ulduzlar və bürclərlə işlədiyi halda, qərbli astroloqlar Günəş, Ay və Günəş sistemindəki planetlərlə işləyirlər. Astrologiya hər toplumda ayrı cür şərh olunub. Ona görə də, astrologiyanı Çin, Babil, Helenistik və Qərb astrologiyası kimi hissələrə ayırmaq olar.
İnsanların böyük çoxluğu hazırda bürclərə, ümumilikdə astrologiyaya inansa da bu "saxta elm"in heç bir elmi dayanağı yoxdur. Bir çox astroloq "qravitasiya", "elektromaqnetizm", "yeyin nüvə gücü" və s. kimi elmi tezislərdən istifadə edərək astrologiyanın doğruluğunu isbat etməyə çalışırlar. Lakin, bu nəzəriyyələri, tezisləri ətraflı şəkildə araşdırdıqda bu məsələlərin astrologiya ilə tamamən əlaqəsiz olduğunu görürük. Elmi istinadı olmayan bu sahədə "peşəkarlaşmış" astroloqlara bu sübutları göstərdikdə, onlar hansısa naməlum bir qüvvəni əsas kimi göstərirlər. Təbii ki, belə bir qüvvə varsa onu sübut etmək lazımdır. Fizikanın 4 əsas qüvvəsi məsafə ilə sürətlə mənasızlaşır, ona görə də onların planetlərarası təsirləri çox kiçikdir.
Məsələni daha dərindən araşdırmaq üçün yazıçı, publisist Aqşin Yeniseyə müraciət etdik. Həmin şərhi təqdim edirik: "Astrologiya ibtidai təfəkkürün həm elmi, həm də dini idi. Bunu daha yaxşı izah etmək üçün fransız filosofu Ogüst Konta müraciət etmək lazımdır. Kont deyir ki, hər bir xalq üç mərhələdən keçir. 1. Teoloji mərhələ. 2. Metafizik mərhələ. 3. Pozitivist mərhələ. Kont teoloji mərhələni xalqın, cəmiyyətin uşaqlıq, metafizik mərhələni gənclik, pozitivist mərhələni yetkinlik dövrü adlandırır",- deyə A.Yenisey bildirib.
Onun sözlərinə görə, bəzi xalqlar, cəmiyyətlər var ki, uşaqlıq dövründə ilişib qalırlar: "Onların düşüncəsinə görə, hər şeyin səbəbi göydəki Allahdır (islam cəmiyyətləri). Elə cəmiyyətlər var ki, metafizik mərhələdə ilişib qalır: səbəb taledir, karmadır (Çin, Hindistan). Elə cəmiyyətlər var ki, pozitivist mərhələyə adlaya bilirlər: hər bir səbəbin elmi-təcrübi izahı var (Qərb cəmiyyətləri). Kontun bu qanununu fərdlərə də aid etmək olar.
Bəşəriyyətin uşaqlıq çağından əvvəl, yəni teoloji dövrü mifologiya ilə başlayır. Mifik dövrdə insanlar inanırdılar ki, həyat yeraltından idarə olunur, bu dövrdə astrologiya yox idi. Amma meteoridlərin düşdüyünü müşahidə etdikdən sonra fövqəlgüc obyekti səmaviləşdirildi. Qədim insanlar inanmağa başladı ki, göy üzü nəhəng qaya parçasıdır. Bu gün məcazi mənada deyilən, “başına daş düşmək” ifadəsi də bu zamanların deyimidir. Beləliklə, insanlar göyü daim izləməyə, müşahidə etməyə başladılar. Astrologiya bu zaman yarandı".
Yenisey bildirir ki, astrologiyanın yaranışı ilə insanlar bu dəfə inanmağa başladılar ki, həyat göydən idarə olunur və göyün verdiyi qərarları ulduzların hərəkətlərindən oxumaq olar: "Uzun bir dövrdə yerdəki tarixi ulduzlar yazdılar. Məsələn, Atilla Romanın üzərinə gedəndə əvvəlcə öz şamanını çağırıb dedi ki, bax gör kəhanət dünyası nə müjdələyir bizə. Şaman bir az atılıb-düşəndən, qaval çalandan sonra dedi ki, sahib iki sərkərdədən biri öləcək. Atilla bu qeyri-müəyyən cavaba görə şamanın özünü öldürdü. Yaxud İsgəndər əhəmənilərin üstünə gələndə oxşar xəbərdarlıq ona da olunmuşdu, amma fateh bildiyini etdi. Müsəlmanların qəbrinə tüpürdükləri şair, riyaziyyatçı Ömər Xəyyamın qətlə yetirilməməsinin səbəbi Səlcuqların sarayında münəccimlik etməsi idi. Səfəvilər, Osmanlılar öz saraylarında Avropadan yüksək masala dəvət etdikləri münəccimlər saxlayırdılar. Yəni tarixin uzun bir dönəmində astrologiya elitaların inandığı, güvəndiyi öncəgörmə elmi sayılırdı. Elita inandığı üçün xalqın, insanların inananmaq kimi bir variantı yox idi.
Bu günümüzə gəlincə, mədəniyyət, elm insanlığı daha çox kosmetik dəyişikliyə uğradıb. Təfəkkür baxımından dünyanın yarıdan çoxu hələ də Kontun dediyi teoloji, metafizik mərhələdə ilişib qalıblar. Onlar təkcə öz talelərinə, gələcəklərinə deyil, bu gün dünyada baş verən bütün hadisələr qədim insanın gözü ilə baxıb, qədim insanın ağlı ilə qiymət verirlər. Sözsüz ki, astrologiya artıq nə din, nə də elmdir. Batil bir inancdır, cəhalətdir. Bürcünə baxıb arvad alan, ərə gedən, işə düzələn, biznes quran adamlar məkan etibarilə bizimlədirlər, zaman etibarilə onlar çox qədim insanlardır. Onları öz zamanlarından ayırmaq qeyri-mümkündür",- deyə Aqşin Yenisey bildirib.
Astrologiya tərəfdarları iddia edir ki, astroloji iddiaları sınaqdan keçirən qurumlar həmin elmi təcrübələri qərəzli şəkildə aparır. Alimlərin astrologiyanı ələ saldıqları üçün qeyri-ciddi davrandıqları düşünürlər.
Unutmaq olmaz ki, iddia irəli sürüldüyü zaman başa düşülən olmalıdır, ona görə də anlaşılmazlığı aradan qaldırmalı olan şəxs məhz iddiaçıdır. Elmdə ən dəqiq nəticə əldə etmək üçün dürüstlük şərtdir, ona görə də bütün təcrübələrdə inadla səhv axtarmaq düzgün deyil.
Münəccimlərin tez-tez istinad etdiyi Persi Seymur və Mişel Qaukelinin “Mars effekti” əsərinin təəssüf ki, elmi inandırıcılığı yoxdu. Astrologiyanı oxuyan və araşdıran bəzi oxucular da müəyyən yanlış təsəvvürlərə düşürlər. Bunlardan birincisi astroloqlar tərəfindən qoyulan “Alimlər bizi israrla başa düşmürlər” ifadəsidir ki, bu da alimlərin oxucuların şüurunda qərəzli dünyagörüşünə sahib insanlar kimi yer almasına səbəb olur. Eynilə münəccimlər müdafiələrində “Astrologiya keçmişdə bilinmirdi, sonra elm dünyası bunu qəbul etdi” və “Bir gün görəcəksən” kimi ifadələri çox tez-tez işlədirlər.
Forer effekti
İkinci geniş yayılmış yanlış fikir budur ki, “Filan bürcdə yazılanlar məni tam olaraq təsvir edir”. Digər ulduz falı təfsirlərini açıb oxuyun və siz mütləq onların arasında sizinlə uyğunlaşan xüsusiyyətləri kəşf edəcəksiniz. Psixologiya sahəsində “Forer (Barnum) Effekti” olaraq bilinən bir fenomen var. Gəlin, bu effektin qısa izahını verək: 1990-cı ildə Con McGrev və Riçard McFall tərəfindən aparılan təcrübədə 4 kişi və 19 qadın könüllünün faylları 6 peşəkar astroloqa verilmişdir. Astroloqlardan bu fayllardakı insanların astroloji doğum xəritələrini çıxartmaları tələb olunmuşdu. Həmin təcrübənin nəticəsində peşəkar astroloqların heç bir təcrübəsi olmayan və öz biliklərinə uyğun olaraq təsadüfi doğum xəritəsi çıxaran şəxsdən (başqa bir qeyri-astroloq) daha uğurlu olmadığı aşkar edilib. Üstəlik, 6 astroloqun verdiyi proqnozların heç biri bir-birinə uyğun gəlmirdi. Ancaq insanlar bürc proqnozlarındakı xüsusiyyətləri özləri ilə əlaqələndirə bildikləri üçün bu, az öncə qeyd etdiyimiz kimi “Məni təsvir edir” cümləsinə səbəb olur. Bu, 1940-cı illərdə psixoloq Bertram R. Forer tərəfindən kəşf edilib. O dövrdə məşhur amerikalı əyləncə və iş adamı T. Barnum "Bizdə hər kəs üçün bir şey var!" deyə bir şüar səsləndirmişdi. O, öz şüarının astrologiyanın saxta fonunun açarı olduğunu düşünürdü. Apardığı araşdırmalar nəticəsində qəzet və jurnallarda gündəlik, həftəlik və aylıq qoroskop şərhləri deyilən təhlillərin insanlara nə üçün uyğun olduğunu, daha doğrusu, insanların niyə buna meyl etdiyini göstərə bilib. Təhlillər daxilindəki arqumentlər çox geniş və əhatəli idi və çoxlu imkanları ehtiva edirdi. Bu gün həmin effekt "Forer Effekti" və ya "Barnum Effekti" adlanır və bu terminlər 1956-cı ildə psixoloq Paul Mihl tərəfindən yaradılmışdır. Forer effekti onu kəşf edən alimə, Barnum effekti isə bu effektdən biznes modeli kimi istifadə edən iş adamına həsr olunub.
Son nəticədə, nə qədər didinsəm də Astrologiyanın doğruluğunu, rasionallığını sübut edən bircə elmi məqaləyə belə rast gəlmədim. Olan-qalan yazılar, hipotezislər ya köhnədir, ya da artıq anti-hipotezislə çürüdülüb. Məsələ çox geniş olduğu üçün, yaxın zamanda mövzuya təkrarən qayıdacağam.
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə