Milli Qurtuluş Günü: milli dövlətçilik tariximizin şanlı qürur səhifəsi

Ulu Öndər Heydər Əliyev müasir dövlətçiliyimizin memarı və xalqımızın xilaskar lideridir. Onun siyasi uzaqgörənliyi, qətiyyətli rəhbərliyi və tarixi xidmətləri sayəsində Azərbaycan çətin sınaqlardan keçərək müstəqil və güclü bir dövlətə çevrildi. Heydər Əliyevin əsasını qoyduğu strateji xətt bu gün də ölkənin sabitliyinin və tərəqqisinin əsas dayağıdır.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda siyasi böhran katostrafik həddə çatmışdı. Ölkənin bütün bölgələrində idarəetmə böhranı, sosial çətinliklər, işsizlik və ərzaq qıtlığı hökm sürürdü. Dövlət institutları iflic vəziyyətində idi, silahlı dəstələr müxtəlif bölgələrdə qeyri-qanuni fəaliyyət göstərirdi. Ermənistan tərəfindən torpaqlarımızın işğalı davam edir, beynəlxalq səviyyədə Azərbaycanın səsi eşidilmirdi. O dövrdə hakimiyyətə gəlmiş qüvvələrin məsuliyyətsiz və təcrübəsiz siyasəti nəticəsində respublikada anarxiya baş alıb gedirdi. Belə bir vaxtda xalq öz qurtuluş yolunu axtarır, onu işıqlı gələcəyə aparacaq liderə ehtiyac duyurdu.

1993-cü ilin iyun ayında Gəncədə baş vermiş silahlı üsyan və qeyri-sabitlik artıq ölkəni vətəndaş müharibəsinə doğru sürükləyirdi. Paytaxtda və bölgələrdə hakimiyyətə nəzarət getdikcə daha da zəifləyirdi. Həmin dövrdə xalqın, o cümlədən ziyalıların çağırışı ilə Naxçıvanda siyasi fəaliyyətdə olan Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və iyunun 15-də Ümummillli Lider Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu qərar xalq tərəfindən ümid və inamla qarşılandı, Həmin tarixdən başlayaraq ölkədə siyasi sabitliyin bərpası, dövlətçiliyin dirçəldilməsi və milli həmrəyliyin təmin edilməsi üçün ciddi addımlar atıldı. Bu səbəbdən 15 iyun Milli Qurtuluş Günü kimi tariximizə əbədi həkk olundu.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqımız Heydər Əliyevə böyük etimad göstərərək Ulu Öndəri ölkə rəhbəri seçdi. Heydər Əliyev geniş siyasi təcrübəsini və dövlət idarəçiliyindəki müdrikliyini Azərbaycanda sabitlik və inkişafın bərpasına yönəltdi. Qısa müddətdə hüquqi və institusional islahatlar həyata keçirildi. Silahlı dəstələr tərksilah edildi, bölgələrdə idarəetmə gücləndirildi, yerli icra hakimiyyətləri yenidən formalaşdırıldı. Hakimiyyət orqanları arasında koordinasiya təmin edildi, ordu və hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət bərpa olundu.

1994-cü il mayın 12-də imzalanmış atəşkəs sazişi uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş verən qanlı hərbi əməliyyatlara son qoydu. Bu saziş Azərbaycan və Ermənistan arasında münaqişənin müvəqqəti dondurulmasına səbəb oldu və genişmiqyaslı döyüşlərin qarşısını aldı. Sənədin imzalanması ilə regionda nisbətən sabitlik yarandı və bu amillər müstəqil dövlətimizə strateji məqsədlərlə uzunmüddətli planlar hazırlamaq, siyasi və iqtisadi sahələrdə sabitliyi möhkəmləndirmək imkanı verdi. Atəşkəs sazişi həm də beynəlxalq səviyyədə danışıqların intensivləşməsinə şərait yaratdı. Bu dövrdən etibarən ölkəmiz daxili sabitliyi təmin edərək hərbi potensialını gücləndirməyə, iqtisadiyyatını bərpa etməyə və ordu quruculuğu istiqamətində mühüm addımlar atmağa başladı. Həmçinin, bu mərhələ siyasi sistemin möhkəmləndirilməsi və müasir dövlət institutlarının formalaşdırılması baxımından əhəmiyyətli bir dönüş nöqtəsi oldu. 1994-cü il atəşkəsi münaqişənin həllinə gətirib çıxarmasa da, dövlətimizin gələcəkdə daha məqsədyönlü və çevik addımlar atması üçün mühüm imkanlar yaratdı. Bu sazişlə əldə edilən sabitlik illəri gələcəkdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində atılacaq strateji addımlar üçün əsas rol oynadı.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən razılaşma Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı oldu. Bu müqavilə ölkənin zəngin neft-qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması üçün real və dayanıqlı imkanlar yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri–Çıraq–Günəşli” yataqlarının birgə işlənməsini nəzərdə tutan bu sənəd təkcə iqtisadi deyil, həm də siyasi və geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb etdi. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünü etibarlı və əməkdaşlığa əsaslanan tərəfdaş kimi təsdiq etdi. Beynəlxalq neft şirkətləri ilə qurulan bu əməkdaşlıq ölkənin nüfuzunu artırdı və Cənubi Qafqazda strateji aktora çevrilməsinə yol açdı. Müqavilə çərçivəsində yaradılan Beynəlxalq Neft Konsorsiumu vasitəsilə Azərbaycan yüz milyardlarla dollar dəyərində sərmayənin ünvanına çevrildi. Həmin investisiyalar iqtisadiyyatın dirçəlməsinə, yeni sənaye və infrastruktur layihələrinin reallaşdırılmasına, neft sektorundan kənar sahələrin də inkişafına səbəb oldu.

Bundan əlavə, müqavilə Azərbaycanın geosiyasi mövqeyini gücləndirərək onu enerji təhlükəsizliyi və enerji marşrutlarının şaxələndirilməsi baxımından regionda və Avropada əhəmiyyətli aktorlardan birinə çevirdi. “Əsrin müqaviləsi” ilə təməli qoyulan Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri kimi transmilli layihələr Azərbaycanın qlobal enerji bazarlarında söz sahibinə çevrilməsini təmin etdi. Eyni zamanda, bu saziş ölkənin sosial-iqtisadi inkişafının əsas sütunlarından birinə çevrildi. Yeni iş yerləri yaradıldı, büdcə gəlirləri artdı, regionların inkişafı sürətləndi və ümumilikdə müstəqil dövlətin möhkəmlənməsi istiqamətində mühüm nailiyyətlər əldə olundu.

Həmin dövrdə ölkənin müdafiə qabiliyyətinin artırılması prioritet məsələyə çevrildi. Heydər Əliyev ordu quruculuğuna strateji yanaşma sərgiləyərək qanunsuz silahlı dəstələrin tərksilahını və birləşmiş, vahid komandanlığa tabe nizami ordunun formalaşdırılmasını təmin etdi. Hərbi təhsil sahəsində ciddi islahatlar aparıldı, zabit heyətinin hazırlanması və maddi-texniki təminat sistemi təkmilləşdirildi. Müdafiə sənayesi sektorunun əsası qoyularaq müasir hərbi texnika və silah-sursat istehsalı üçün ilk addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin gərgin səyləri sayəsində 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi ilə Azərbaycanın ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu sənəd ölkədə insan hüquq və azadlıqlarının təminatını rəsmi şəkildə müəyyənləşdirdi. Konstitusiya demokratik idarəetmənin, qanunun aliliyinin və vətəndaş cəmiyyətinin bünövrəsini təşkil etdi. Konstitusiyada dövlətin siyasi quruluşu, hakimiyyət bölgüsü, seçki sistemi və məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı əsas müddəalar öz əksini tapdı. Bu hüquqi sənəd ölkənin bütün gələcək inkişaf istiqamətlərini və siyasi sabitliyini təmin edən başlıca vasitəyə çevrildi.

Ulu Öndərin təşəbbüsü ilə reallaşan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz xətti kimi layihələr ölkəni regional enerji mərkəzinə çevirdi. Eyni zamanda nəqliyyat infrastrukturunun yenilənməsi, beynəlxalq avtomobil və dəmir yollarının bərpası, hava limanlarının tikintisi və limanların modernləşdirilməsi ölkənin iqtisadi inkişafına mühüm töhfə verdi. Bu layihələr Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit qovşağına çevrilməsini təmin etdi. Beləliklə, ölkəmiz təkcə enerji ixracatçısı deyil, həm də regional və qlobal əməkdaşlıq platformalarının fəal iştirakçısı oldu.

Əldə olunan uğurlar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ilə birbaşa bağlı idi. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlamaqla yanaşı, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirdi. Qonşu dövlətlərlə – Türkiyə, Rusiya, İran və Gürcüstanla konstruktiv münasibətlər quruldu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələri inkişaf etdirildi. Paralel olaraq BMT, Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlarla fəal diplomatik münasibətlər formalaşdırıldı.

Beləliklə, hərbi-siyasi sabitlik, enerji müqavilələri və beynəlxalq aləmdə aparılan məqsədyönlü siyasət Azərbaycanın müstəqil, suveren və qüdrətli dövlət kimi formalaşmasında həlledici rol oynadı. Bu strateji kurs daha sonrakı illərdə də dövlətin davamlı inkişaf yolunu müəyyənləşdirən əsas ideoloji və praktiki dayaqlardan birinə çevrildi.

1993–2003-cü illər ölkəmizin tarixində sabitliyin bərqərar olunduğu, dövlətçilik təməllərinin möhkəmləndiyi və milli inkişafın əsaslarının formalaşdığı mühüm bir mərhələ oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və prinsipial rəhbərliyi ilə həmin illərdə bütün sahələrdə sistemli islahatlara start verildi. Bu islahatlar təkcə idarəetmənin təkmilləşdirilməsi ilə kifayətlənməyib, ölkənin gələcək inkişafının strateji istiqamətlərini də müəyyənləşdirdi.

Sosial sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər əhalinin rifahının yüksəldilməsinə yönəldi. Təhsil sistemində müasir yanaşmalar tətbiq olunaraq dərs proqramları yeniləndi. Səhiyyə sektorunda dövlət proqramları qəbul olundu, kadr çatışmazlığı tədricən aradan qaldırıldı və tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Bütün bu tədbirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsinə birbaşa müsbət təsir göstərdi.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətində gənclər hər zaman prioritet istiqamət kimi müəyyən olunmuşdu. Onun təşəbbüsü ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı və bu sahədə dövlət dəstəyi ardıcıl, məqsədyönlü və institusional xarakter aldı. Bu addım gənclərin potensialının üzə çıxarılması, onların vətənpərvər ruhda yetişdirilməsi və cəmiyyətin fəal üzvlərinə çevrilməsi istiqamətində mühüm dönüş nöqtəsi oldu. Respublikada geniş idman infrastrukturu quruldu, Olimpiya İdman Kompleksləri inşa olundu, beynəlxalq yarışlarda iştirak edən gənclərə sistemli dəstək göstərildi. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, idman yalnız fiziki inkişaf vasitəsi deyil, həm də milli ruhun, vətənpərvərliyin və intellektual potensialın formalaşmasında mühüm rola malikdir. Bu yanaşma nəticəsində Azərbaycan gəncliyi ölkənin inkişafında daha fəal iştirak etməyə başladı və beynəlxalq arenalarda dövlətimizin layiqli təmsilçisinə çevrildi.

Milli Qurtuluşdan sonra formalaşan güclü idarəetmə modeli, hüquqi islahatlar, milli həmrəylik və ordu quruculuğu kimi sahələrdə atılan ardıcıl addımlar Azərbaycanın gələcək taleyində həlledici rol oynadı. Bu dövrdə həyata keçirilən strateji qərarlar dövlətin sabitliyi, təhlükəsizliyi və suverenliyinin təmin olunmasına yönəldi. Güclü dövlətçilik konsepsiyası formalaşdı və uzunmüddətli milli hədəflərə çatmaq üçün əsaslı zəmin yaratdı.

Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan müasir çağırışlara uyğun olaraq daha da qüdrətləndi, siyasi, iqtisadi və hərbi gücünü əhəmiyyətli şəkildə artırdı. Ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınması, müstəqil və prinsipial siyasət yürütməsi bu liderliyin nəticəsi idi. Strateji siyasətin məntiqi yekunu olaraq 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Zəfərə imza atdı və 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri ilə dövlətin suverenliyi tam təmin olundu.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müdrik seçimindən qaynaqlanan, ölkəmizin xilası və inkişafı təmin edən əlamətdar hadisədir. Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbələr ölkəmizin parlaq gələcəyini təmin edən strateji hədəflərlə birbaşa bağlıdır.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə