“Cəmiyyətin böyük dəstəyi göstərdi ki, qanunun müəllifi xalqdır” - ŞƏRH

“Uşaqların sosial media platformalarına qoşulmasına dair qaydaları tənzimləyən qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.

Onun sözlərinə görə, layihənin ictimai təqdimatı və sonrakı müzakirələr göstərdi ki, qanunvericilik təşəbbüsü məhz cəmiyyətin sosial sifarişindən doğub:

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsi və əlaqədar hüquqi aktlara dəyişikliklərlə bağlı keçirilən müzakirələrdə dövlət qurumlarının nümayəndələri, təhsil və səhiyyə sahəsinin rəhbərləri, media və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edərək təşəbbüsün əhəmiyyətini vurğulayıblar.

Komitə sədri qeyd edib ki, təhsil sistemi nümayəndələri gündəlik müşahidələr əsasında problemin artıq məktəblərdə də hiss olunduğunu bildiriblər. O vurğulayıb ki, qanunun gələcəkdə effektiv işləməsinin əsas şərti yalnız texniki mexanizmlər və cərimələr deyil, həm də geniş ictimai dəstəyin təmin olunmasıdır.

Zahid Oruc bildirib ki, kommunikasiya texnologiyalarının sürətli inkişafı yeni hüquqi tənzimləmə ehtiyacları yaradır. Bu baxımdan, Avstraliya, Fransa, İspaniya, Böyük Britaniya və ABŞ kimi ölkələrin təcrübəsi öyrənilib. O qeyd edib ki, Avstraliya 16 yaşdan aşağı şəxslər üçün sosial media məhdudiyyəti tətbiq edib, Fransa valideyn razılığı mexanizmini gücləndirib, İspaniya isə uşaqların onlayn təhlükəsizliyi ilə bağlı yeni hüquqi mexanizmlər yaradıb.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda təklif olunan modelə əsasən, 16 yaşı tamam olmayan uşaqların sosial şəbəkələrdə fərdi hesab açmasına qadağa qoyulur, 16-18 yaş qrupu üçün isə valideyn razılığı tələb olunur.

Zahid Oruc hesab edir ki, məsələ siyasi və ya ideoloji deyil, uşaqların təhlükəsizliyi, sağlam inkişafı və ailə institutunun qorunması ilə bağlıdır. O vurğulayıb ki, sosial media artıq sadəcə ünsiyyət vasitəsi deyil, insan diqqəti üzərində qurulmuş qlobal biznes modelidir və burada istifadəçilərin platformalarda daha uzun müddət qalmasını təmin edən müxtəlif mexanizmlər tətbiq olunur.

Komitə sədri beynəlxalq araşdırmalara istinad edərək bildirib ki, sosial media istifadəsinin artması uşaqlarda depressiya, özünə zərər vermə halları, yuxu pozuntuları və digər psixoloji problemlərlə əlaqələndirilir. O qeyd edib ki, formalaşmaqda olan uşaq psixologiyası yetkin insanlardan fərqləndiyi üçün bir çox ölkələr məsələyə artıq ictimai sağlamlıq və milli təhlükəsizlik kontekstində yanaşırlar.

Zahid Orucun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə keçirdiyi sorğu göstərib ki, ölkədə 10-17 yaşlı uşaqların 89,4 faizi smartfon istifadəçisidir, onların 76,3 faizi hər gün sosial mediaya daxil olur. Gündəlik orta istifadə müddəti isə 4 saat 12 dəqiqə təşkil edir.

O bildirib ki, bəzi dairələrin qanun layihəsinin uşaqlarda aqressiya yaradacağı ilə bağlı iddialarına baxmayaraq, valideynlər, müəllimlər və psixoloqlar təşəbbüsə dəstək veriblər. Çünki onlar gündəlik olaraq diqqət pozuntuları, virtual bullinq, zərərli çağırışlar, psixoloji təzyiqlər və ailədaxili ünsiyyətin zəifləməsi kimi problemlərlə üzləşirlər.

Komitə sədri vurğulayıb ki, məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onları manipulyativ alqoritmlərin təsirindən qorumaqdır. Onun sözlərinə görə, uşaqların vaxtının kitab, elm, idman, yaradıcılıq və ailə ünsiyyəti ilə zənginləşdirilməsi daha sağlam, savadlı və vətənpərvər nəslin formalaşmasına xidmət edəcək.

Zahid Oruc əlavə edib ki, qanun layihəsi Azərbaycan cəmiyyətində formalaşan geniş ictimai konsensusun nəticəsidir və əsas məqsəd gələcək nəsillərin rəqəmsal məkanda təhlükəsizliyinin təmin olunmasıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə