Soçi görüşü Ermənistanın sülhə hazır olmadığını göstərdi - DEPUTAT ŞƏRH ETDİ
“Regionda sülhü ən çox istəyən və buna çalışan ölkə Azərbaycandır. Bunu Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə təşkil olunan Azərbaycan-Ermənistan görüşündə də göstərdik. Burada Azərbaycanın kifayət qədər fəal işlədiyi, münaqişəni qısa müddət ərzində sona çatdırmağı düşündüyü xüsusi olaraq qeyd edildi. Əksinə, Soçi görüşündə bir daha aydın oldu ki, Ermənistan hələ də sülh danışıqlarına hazır deyil və xüsusən də bu məsələdə özünün vahid yanaşma planı yoxdur. Başqa qüvvələrin hələ də təsiri altındadır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə Qarabağ münaqişəsinin artıq tarixdə qaldığı bir daha bəyan etdi: “Ermənistanla münasibətlərin normallaşmasına gəldikdə isə, əlbəttə, Soçi görüşü ciddi addımların atılması tələb edilən format təsiri bağışladı. Ermənistanın baş naziri isə Soçidəki pozucu, destruktiv hərəkətləri ilə göstərdi ki, bu ölkə hələ də məsələnin ciddiliyini dərk etmir. Paşinyan Azərbaycanın maraqlarına zidd təkliflərin heç birinin müzakirə olunmayacağını hələ də anlamır. Azərbaycan Ermənistana növbəti dəfə öhdəliklərini xatırlatdı. İrəvan pozucu fəaliyyətdən əl çəkərək regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmalıdır. Tərəflər arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında dialoqu davam etdirmək barədə razılıq da sülhə yaxınlaşmaq üçün olduqca vacibdir. Bütün görüşlərdə olduğu kimi, Soçi görüşündə də Azərbaycan milli maraqlarının təmin olunmasını üstün tutdu və Ermənistan rəhbərliyinin pozucu təkliflərini rədd etdi. Qəbul edilən bəyanatda Qarabağla bağlı bir kəlmənin belə xatırlanmaması bütün daşların yavaş-yavaş yerinə oturduğuna dəlalət edir. Məlum oldu ki, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlər yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həll edilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB