"İran camaatın fikrini yayındırmaq istəyir" - PARİSDƏ YAŞAYAN JURNALİST AÇIQLAMA VERDİ

"İran camaatın fikrini yayındırmaq istəyir" - PARİSDƏ YAŞAYAN JURNALİST AÇIQLAMA VERDİ

"İranda və Cənubi Azərbaycanda baş verən hadisələri yəqin ki, xəbərlərdə eşidirsiniz. Dünən Məhsa Əminin vəfatının 40 günü idi. Bu səbəbdən də İranın hər yerində insanlar ayağa qalxıb. Təbrizdə və onun müxtəlif məhəllələrində böyük bir mitinq olub. Mitinq aparanların şüarı "Azadlıq, ədalət və milli hökumət istəyirik" olub". Bu sözləri SİA-ya açıqlamasında Parisdə yaşayan jurnalist və təhlilçi Maşallah Rəzmi deyib.

Onun sözlərinə görə, bu 40 günün içində 255 nəfər mitinqdə ölüb: "Onlardan 33-ü dövlət məmurlarıdır. Eyni zamanda, 255 ölənin içində 37 nəfər də 17 yaşından aşağı uşaqlardır. Bunun üçün vəziyyət olduqca gərgindir. Hər kəs etiraza qalxıb. Hökümət çalışır ki, onları zindana salmaqla sakitləşdirsin. Amma bunun heç bir xeyri olmayacaq. Buna görə də xaricdə yaşayan iranlılar da öz etirazlarını bildirir və mitinq aparanları dəstəkləyirlər.

Əsas etirazlar Təbriz, Ədəbil, Urmiya və Zəncanda olub. Ölənlər arasında 6 nəfər azərbaycanlı olub. Amma azərbaycanlılar güclü olduğu üçün onlar arasında ölü sayı azdır. Tutulanlardan xəbər gəlir ki, Urmiya, Ərdəbil və Təbrizdə tanınan adamları tutur və zindana salır. Bir nəfərin tutulması 1000 nəfərin ayağa qalxmasına səbəb olur. Məlum olduğu üzrə, bu etirazlarda qadınların rolu böyükdür. Yəni, etirazı qadınlar başladıb. Onlar bu hökumətin islah olmayacağını və dəyişilməsini istəyirlər".

Maşallah Rəzmi sözlərinə belə davam edib: "İran camaatın fikrini yayındırmaq istəyir. Hakimiyyətin məqsədi bu olub ki, Azərbaycanda türklərlə kürdlər arasında ixtilaf yaratsın. Lakin bu nəticə vermədi. Çünki, həm kürdlər, həm də azərbaycanlılar öz etirazını bildirdi.

Daha sonra Şimali Azərbaycanın sərhədində hərbi təlim keçirdilər. Yenə səbəb fikir yayındırmaq idi. Amma heç kim bunu ciddi qəbul etmədi. Hamı bilir ki, İran elə bir vəziyyətdə deyil ki, böyük bir iş görsün.

Cənubi Azərbaycanda milli hərəkatın güclənməsini hakimiyyət bilir. Bunun üçün də qorxur ki, birdən millət tam ayağa qalxar. Azərbaycanlılar Tehranda böyük rol oynayır. Tehranda 12 milyon əhali var ki, onlardan 4-5 milyonu azərbaycanlıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə