Zəngilan Hava limanı Türkiyə Azərbaycan birliyinin bariz nümunəsidir ŞƏRH
Zəngilan Hava limanının açılışı regional əhəmiyyətli nəqliyyat qovşağının formalaşması baxımından mühüm hadisədir. Azərbaycanın qərb bölgəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək bu hava limanları, avtomobil yolları, dəmir yolları sistemi regional avtomobil yolları sistemi, regional və beynəlxalq hava limanları sistemi ilə əlaqələnir. Təsadüfi deyil ki, bu mühüm obyektlərin açılışında Türkiyə prezidenti də iştirak edir. Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Artvin şəhərində beynəlxalq hava limanının açılışında iştirak edib. Bu, çox mühüm layihədir, çünki Türkiyənin şərq bölgələri ilə Azərbaycanın qərb bölgələri arasında əlaqəni təmin edəcək.Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır. Hazırda siyasi şəraitin xeyli gərginləşdiyi bir vaxtda bu, çox yerində, zamanında və təkcə Ermənistan deyil, ona havadarlıq edən məlum ünvanlara yönəlmiş çox vacib bir mesajdır. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başladı. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirildi. Beləcə, bu il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlandı. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə oldu. Bundan əlavə, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən beynəlxalq hava limanının təməli qoyuldu. Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Bundan əlavə, ötən il oktyabrın 26-da Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da təməli atılıb.Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəddən bəhs etməzdən əvvəl onun imzalanmasını şərtləndirən qürur dolu tarixə nəzər salmaq yerinə düşər.Məlum olduğu kimi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Göründüyü kimi, bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millət şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Allah Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç. 73E” ünvanı üzrə
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB